“Magistr olmaq istəyənlərin xarici dil üzrə yazı və danışıq bacarıqları 2024-cü ildən yoxlanılacaq”. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi üçün yazdığı ön sözdə bildirib.
Onun sözlərinə görə, magistratura səviyyəsinə qəbul imtahanında növbəti ildə də məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə olunacaq: “Hər bir xarici dil üzrə test blokuna dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı tipli beş test tapşırığı da daxil ediləcək. Bakalavrlara kömək məqsədilə hazırlanmış audiomətnlərin nümunələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. 2024-cü ildən etibarən keçiriləcək magistratura səviyyəsinə qəbul imtahanlarında isə xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur”.
Magistratura qəbul qaydalarında yeni qaydanın tətbiq olunması tələbələrin narazılığına səbəb olub. Magistraturaya hazırlaşanlar bildirir ki, qeyd olunan qayda bütün ixtisaslara şamil olunmamalıdır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində oxuyan Nərgiz Sultanovanın (şərti ad red.) sözlərinə görə, bu şərtlər tələbələrin magistraturada seçəcəyi ixtisasa görə dəyişməlidir. Onun fikrincə, şərtləri qoyarkən universitetlərdə xarici dilin öyrədilməsi səviyyəsi, həmin fənlərin tədrisi ilə bağlı monitorinq keçirmək vacibdir.
“Hazırda magistraturaya qəbul olan şəxslərin sərbəst yazı qabiliyyətinə, fikir ifadə etmə bacarığına o qədər də malik deyillər”
Təhsil eksperti Kamran Əsədov bildirib ki, sözügedən proses yalnız xarici dil fənninə yox, eyni zamanda, gələcəkdə Azərbaycan dili fənni ilə bağlı da tətbiq edilməlidir: “Azərbaycan təhsil sistemi 1992-ci ildən etibarən test üsulu ilə qəbul planı həyata keçirir. İndi bizim şagirdlərimiz ali məktəblərə qəbul olmaq üçün test imtahanından istifadə edir. Aydındır ki, bu üsul əzbərçilik üzərində qurulub. Bu ciddi bir problemdir”.
Ekspert onu da vurğuladı ki, hazırda magistraturaya qəbul olan şəxslər sərbəst yazı qabiliyyətinə, fikir ifadə etmə bacarığına o qədər də malik deyillər: “Magistratura pilləsində təhsil alan gənclərimiz elmi məqalələrini xaricdə dərc etdirməlidir. Onlar yalnız hər hansısa qrammatik qaydanı, sözləri əzbərləməklə buna nail ola bilməzlər. Yazı vərdişləri onlarda yeni bacarıqları ortaya çıxaracaq. Beləcə, bizim magistraturaya və gələcəkdə doktoranturaya qəbul olacaq ,eyni zamanda, elmlə məşğul olacaq peşəkar gəclərimizin prosesə qoşulmağına imkan verəcək”.
Günel CƏLİLOVA