Ölkəmizdə kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahəsi sürətlə inkişaf edir, təsərrüfatlarda saxlanılan mal-qaranın sayı da durmadan artır. Lakin bunun fonunda respublikada otlaq ərazilərinin kəskin azalması problemi özünü göstərməkdədir.
Kənd yerlərində heyvan saxlanılan əksər təsərrüfatlarda otlaq sahələri, demək olar ki, yoxdur. Belə bir problem Kürdəmir rayonunun Garısəyribənd kəndində yaşanır. Adıçəkilən kənddə mal-qaranın otarılması üçün otlaq sahələrinin olmaması heyvan saxlayan şəxsləri çətin vəziyyətə salır. Çarəsiz qalan kənd sakinləri heyvanlarını tövlədə saxlamalı olurlar.
Sakinlər qeyd edir ki, heyvanlarının otarılması üçün, demək olar ki, örüş sahəsi yoxdur. Kənd sakinləri iddia edir ki, əhaliyə məxsus olan otlaq və örüş başqa şəxslərə verilib. Onların dediyinə görə, heyvanlar üçün nəzərdə tutulan 200 hektar örüş sahəsi 2003-cü ildə bələdiyyənin qərarı ilə müqavilə əsasında bir sahibkara verilib.
Kürdəmir rayon Karrar kənd bələdiyyəsi: “Torpaqların geri qaytrılması ilə bağlı addımlar atılır, torpaqlar geri qaytarılarsa bələdiyyə də həmin torpağı sakinlərə paylayacaq”
Məsələ ilə bağlı Kürdəmir rayon Karrar kənd bələdiyyəsindən bildirildi ki, sakinlərin otlaq sahələri haqqında iddiaları haqlıdır: “Həmin kəndə məxsus ümumilikdə 200 hektar örüş sahəsi 2003-cü ildə bələdiyyənin qərarı ilə müqavilə əsasında bir sahibkara verilib. Artıq həmin torpaqların geri qaytrılması ilə bağlı addımlar atılır. Torpaqlar geri qaytarılarsa bələdiyyə də həmin torpağı sakinlərə paylayacaq”.
Rafiq Əliyev: “Heyvanların otlaq arealının daralmasında antropogen təsirlər də böyük rol oynayır”
Aqrar sahə üzrə ekspert Rafiq Əliyev qeyd etdi ki, son dövrlər respublika üzrə istər yay, istərsə də qış otlaqlarının azalması bir çox amillərin təsiri ilə baş verib: “Əsasən ölkədə qış otlaqları ilə də bağlı ciddi problemlər var. Qış otlaqlarını daha çox imkanlı şəxslər əldə edə bilir. İmkanı aşağı olan fermerlər çox zaman özlərinə qışlaq tapa bilmirlər.
Onu da əlavə edim ki, heyvanların otlaq arealının daralmasında antropogen təsirlər də böyük rol oynayır. Məsələn, bir çox hallarda ənənəvi qış-otlaq funksiyalı torpaqlarda müxtəlif obyektlər, cürbəcür texniki qurğular tikirlər və bu sahələr insan basqısına davam gətirməyərək məhv olur. Və yaxud, keçmiş yay otlaqlarında indi xeyli istirahət məkanları salınıb. Bunlar, əlbəttə, yaşadığımız dövrün diqtə etdiyi, insanların azad iqtisadi fəaliyyəti ilə də bağlı olan xüsusiyyətlərdir”.
Günel CƏLİLOVA