Məlum olduğu kimi, reklam fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi olaraq reklam bazarında monitorinqlər aparılır.
Monitorinqlər zamanı kütləvi informasiya vasitələrində “Business İnsight” şirkəti tərəfindən bayram səbəti üçün ən ucuz supermarketlər şəbəkəsinin müəyyən olunması məqsədilə araşdırmanın aparıldığı və nəticədə Yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən marketin “Araz Supermarketlər” şəbəkəsi olması barədə “Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” başlığı altında reklam xarakterli məlumatın yayımlandığı müəyyən edilib.
Bununla əlaqədar qeyd olunan məlumatın antiinhisar və reklam qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün Dövlət Xidməti tərəfindən araşdırmaya başlanılıb. Dövlət Xidməti reklam bazarında qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Əslində dövlət qurumunun həyata keçirdiyi bu tədbir təqdirəlayiqdir. Çünki son vaxtlar istehlakçıların aldadılmasına yönəlik reklam çarxlarının sayı çoxalıb. Təbiidir ki, belə reklamları tirajlamaqla media subyektləri də istehlakçıları aldadan reklamverənlərlə bərabər məsuliyyəti paylaşmış olurlar. Bu cür hallarla bağlı medianın məsuliyyətinin hansı dərəcədə olması ilə bağlı media eksperti Azər Həsrətin fikirlərini öyrəndik. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə medianın hüquqi deyil, mənəvi məsuliyyətindən danışa bilərik: “Reklamın özü böyük hesabla aldatma cəhdidir. Reklama ehtiyacı olmayan, istehlakçıların yüksək səviyyədə qəbul etdiyi mal və məsullar var. Görürsünüz ki, onları reklam etmirlər. Belə bir deyim vardı ki, heç kərə yağının reklam edildiyini görmüsünüz? Düzdür, son illərdə bunu da reklam edirlər. Çünki bazara hər çür saxta kərə yağı dolub. Orijinal kərə yağı satılsaydı həmin məsulun reklama ehtiyacı da olmazdı. Bu məntiqlə, hansısa şəbəkə marketin öz məsulunu və ya kampaniyasını reklam etməsi öz-özlüyündə aldadıcı və şirnikləndirici amillərlə bağlıdır. Bu məsələdə qanun pozuntusunun hansı səviyyədə olduğunu peşəkar reklamçılar müəyyən edə bilər. Media burada nə edə bilər? Hansısa qurum özünü yalan məlumatlarla reklam edirsə, özünü gözdən salır və etimadı itirir. Media pulunu alıb, reklamı verir. Ancaq bu da o anlama gəlmir ki, pulun müqabilində media nəyin gəldi reklam edə bilər. Təbiidir ki, qanunla qadağan olunan terrorçuluq və ya irqi, milli ayrıseçkilik kimi məzmunlar heç bir vəsaitin müqabilində reklam edilə bilməz. Mənəvi məsuliyyət isə mücərrəd bir şeydi, kimə görəsə ola bilər, kimə görəsə yox”.
Məhəmmədəli QƏRİBLİ