Lerik rayonunda elə kəndlər var ki, orada üst-üstə qalaqlamış sosial problemlərin əlindən yaşamaq qeyri-mümkündür. Şəxsən rayon rəhbərliyin biganəliyi ucbatından belə əsir-yesir hala düşən, gözdən uzaq, könüldən iraq kəndlərdən bir də Bradi adlanır.
Ağır həyat tərzi buranın əhalisini çıxılmaz vəziyyətə salmışdır. Bir balaca ayağı yer tutan çıxış yolunu bu dağlar diyarından baş götürüb getməkdə görür. Sovet vaxtı özünün xoş növraqlı günləri ilə ətrafa meydan oxuyan Bradinin əksər evlərin qapıları indi qıfılıdır. Ən böyük dəhşət odur ki, çox vaxt əzab-əziyyət içində dünyasını dəyişən yaşlı adamları yerdən götürməyə gənc tapılmır. Son vaxtlar eşidilməyən körpə qığıltısı lap ürək göynədir. Halbuki sovet vaxtı 70-dən çox uşaq durna qatarına dönüb məktəb yoluna özgə bir sevinc qatardı. Hələ kənddə olan futbol meydançasındakı qaynarlığı demirəm. Heyf o günlərdən. Ağır olsa da, deməliyəm. Necə ki, müstəqil günlərimiz başlandı, özünü ortaya atan naşı saqqallar hər şeyi məhv etdilər...
Bradidə indi sadə yaşayış üçün önəm daşıyan bütün qayğılar unudulub. Buradakı sosial ədalət heç kimi razı salmır. Uzun illərdir əhali ictimai nəqliyyatın üzünə həsrətdir. Məcburiyyət qarşısında bir yerə çıxanın pulu da gedir, abır-həyası da. Şəhərdən buraya gətirilən hər şey baha qiymətə satılır. Kəndin içində olan palçığın, toz-torpağın əlindən evin içindən bayıra çıxmaq olmur. “Mavi qazın” verilməsi isə indi 10 ildən çoxdur söz olaraq qalır.
Əhalini ən çox narahat edən işıq problemidir. İndi adamların günlərlə qaranlıqda qalması adi haldır. İşıq olanda da ən azı 5-6 dəfə arada kiçik fasilələrlə söndürülüb yandırılır. Nəticə də elektrik cihazları yanıb sıradan çıxır, bu da ziyana səbəb olur.
Kənddə ötən əsrin 60-ci illərdən qalma, artıq dibi çürümüş yararsız ağac dirəkləri çoxdur. Onların arasındakı sallanmış məftillər hər an insan həyatı üçün təhlükəlidir. Vəziyyət son dərəcə ağıla sığmaz olsa da, onu aradan qaldırmaq əlaqədar təşkilatların marağında deyildir. Rayon rəhbərləri də bütün bunları bilirlər. Amma nə olsun ki! İndi bradililərin təkcə ümidi ölkə rəhbəridir...
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü