44 günlük Qarabağ müharibəsində şanlı zəfərin qazanılmasında igidlik göstərən oğullar sırasında İlkin Kazımov da var. O, Vətənin şərəfini, torpağın qürurunu yüksək tutmaqla öz cavan canından keçdi.
Beləcə, bir ləyaqətli ömrün qəhrəmanlıq tarixi və 30 il əsarətdə olan bir torpağın azadlıq günləri başladı. İndi bu hünərə görə şəhid İlkinin adı doğma Astara rayonunda dillərdən düşmür, onu burada Vətənə sədaqət, insanlığa ehtiram rəmzi kimi ürəklərdə yaşadırlar.
Ürəyi qurub-yaratmaq həvəsli olan İlkinin ən böyük istəyi erməni dığaların tapdağında olan Azərbaycan torpaqlarının hər qarışını azad görmək idi. Həyatını hərbiyə bağlamağı da məhz bu istəkdən irəli gəlirdi.
Astaranın igid oğlu həqiqi hərbi xidməti başa vurandan sonra bir müddət müxtəlif sahələrdə çalışır. Yaxşı işlər görür, hər ötən günün mənasını xalqına xidmətdə görür, el-obada etimad, sonsuz sevgi sahibi olur. 2017-ci ildə Milli Orduda müddətdən artıq hərbi xidmətə başlayır. Söhbət düşəndə həmişə deyərmiş ki, müharibə olsa, birinci mən gedərəm, qoymaram Vətən erməni dığalarına qalsın. Qusarda, Ağcabədidə yerləşən hərbi hissələrdə xidmət edir. Vətəninə, xalqına sədaqətli xidmət göstərməyi ilə tanınır. Qaldı ki, dığalara qarşı nifrəti bir an belə azalmır...
İlkin Kazımov İkinci Qarabağ müharibəsinə Ağdərə, Tərtər istiqamətində kəşfiyyatçı kimi qatılır. İlk günlərdən ağır döyüşlərdən keçir. Qəhrəmantək vuruşaraq dığaları ciddi itkilərə məruz qoyur. Son nəfəsdə də Vətənin taleyini düşünür. 25 yaşında ona şərəfli bir ölüm nəsib olur. Ölümü əsl qəhrəmanlıq məktəbi kimi tarixə düşən gizir İlkin Kazımov “Vətən uğrunda” medalına layiq görülür.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü