Tarif Şurasının qərarına əsasən, 12442 dərman vasitəsinin qiyməti təsdiq edilib. Tarif Şurasının qərarı ilə ixtisaslaşdırılmış ekspertiza zamanı dərman vasitəsinin əvvəllər dövlət qeydiyyatına alınması üçün ixtisaslaşdırılmış ekspertizaya təqdim olunmuş dozalarından və qablaşdırmalarından fərqləndiyi təqdirdə, yenidən dövlət qeydiyyatına alınması məqsədilə hər əlavə doza və qablaşdırma üçün bu qərarla təsdiq edilmiş tarif tətbiq olunub.
Maraqlıdır, Tarif Şurasının məlum qərarı dərman preparatlarının qiymətinə necə təsir edəcək?
“Dərman preparatlarının qiyməti tənzimlənən qiymətlərə aid olduğu üçün...”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, Tarif Şurasının ölkəyə idxal olunan və ya ölkədə istehsal olunan dərman vasitələrinin və maddələrinin tarifləri ilə bağlı qərarı dərman preparatlarının qiymətlərində ciddi artıma səbəb olmayacaq: “Məlumat üçün bildirim ki, bu qərarın dərmanların keyfiyyətinin artırılmasında xüsusi rolu olacaq. Dərman preparatlarının xərc strukturuna nəzər yetirsək, burada ekspertiza xərclərinin böyük paya malik olmadığını müşahidə etmək olar. Bu, ciddi xərc yaratmadığı üçün qiymətlərə təsir etməməlidir. Məhsulun istehsal, idxalla bağlı xərclərində xüsusi bir dəyişiklik olmadığı üçün dərman preparatlarının xərcində kəskin artım proqnozlaşdırılmır. Bu qərar xüsusən də idxal edilən dərmanların keyfiyyət standartlarının qorunması baxımından vacibdir. Danılmaz faktdır ki, ölkəyə idxal edilən bəzi dərmanların keyfiyyəti ilə bağlı müzakirələrin şahidi olurduq. Bu baxımdan həmin dərmanların keyfiyyətinə nəzarət və keyfiyyətli məhsulların idxal edilməsi çox vacibdir. Bundan başqa, dərman preparatlarının qiyməti tənzimlənən qiymətlərə aid olduğu üçün tənzimlənən qiymətlərdə hər hansı artım müşahidə edilmir”.
Günel CƏLİLOVA