06/07/2020 12:11
728 x 90

Başçı həbsləri gündəmə iki sual çıxardı - başçıların mütləq YAP üzvlüyü və müttəfiq partiyalardan icra başçılığına təyinatlar...

img

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov mediaya verdiyi müsahibədə bu günlərdə DTX tərəfindən həbs edilən Neftçalanın icra başçısı və digər şəxslərdən danışıb: “Neftçalanın icra başçısı yeganə icra başçısıdır ki, YAP üzvü deyil. Orada saxlanan şəxslərlə bağlı istintaq gedir. İstintaq nəticəsində məlum olub ki, onlar hansı qanunsuz əməlləri törədiblər.

Ümumiyyətlə, son dövrlər Prezident İlham Əliyev hər çıxışında bir daha xatırladır ki, məmurların əhali ilə rəftarı dəyişməlidir. Xatırladım ki, korrupsiyaya qarşı elə Ümummilli Lider Heydər Əliyev hələ 1969-cu ildə - Azərbaycan SSRİ-nin tərkibində olduğu zaman ilk dəfə hakimiyyətə gəldiyi gündən mübarizə aparıb və bu gün də həmin siyasət uğurla davam edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da korrupsiya hər zaman olub. Lakin əsas olan bu ictimai bəla ilə mübarizə aparmaq və siyasi iradə ortaya qoymaqdır. Bu baxımdan, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi var və bu quruma geniş səlahiyyətlər verilib. Bilirsinizmi, vəzifəli şəxsin borcu vətəndaşa xidmət göstərməkdir. Vəzifəli şəxslərin başqa adlar altında vətəndaşlardan rüşvət alması yolverilməz və qəbuledilməzdir. Artıq digərləri də bu məsələlərdən dərs götürməlidirlər”.

Siyavuş Novruzovun açıqlamasında diqqətimizi bir məqam çəkdi. O qeyd edir ki, Neftçalanın həbs edilən icra başçısı yeganə rayon rəhbəridir ki, YAP üzvü deyil. Qanunvericiliyə görə, bu mümkündürmü, əgər mümkündürsə, hakimiyyətin kursuna yaxın olan digər siyasi partiyaların üzvlərindən də rayonlara icra başçılarının təyin olunması hansı effekti verə bilər?

  • İlqar Hüseynli: “Fərqli partiya üzvləri arasından seçilən insanlarla da bağlı belə təyinatları reallaşdırmaq olar”

Ekspert İlqar Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Neftçalada həyata keçirilən həbslərdə məsuliyyətə cəlb edilənlərin böyük əksəriyyəti YAP üzvləridir: “Siyavuş Novruzov həmin şəbəkəyə başçılıq edənlərin YAP-çı olmadığını deməklə nəyə işarə etmək istədiyini anlamadım. İcra başçısının YAP-cı olmaması nadir hallarda baş verir. Belə bir faktın mövcudluğu varsa, bu da maraqlıdır. Qanunvericilik YAP üzvü olmayan şəxsin də icra başçısı təyin edilməsini qadağan etmir. Bu baxımdan da belə bir təcrübəni də sınamaq lazımdır. Çox qeyrətli və mərd, karyerası təmiz, savadlı övladlarımız var. Elələri var ki, YAP-ın üzvü deyil, onların da təcrübəsindən istifadə etməliyik. Fərqli partiya üzvləri arasından seçilən insanlarla da bağlı belə təyinatları reallaşdırmaq olar. Onda ciddi rəqabət yaranar və işin keyfiyyət əmsalı artar. Bu təcrübəni sınamaq indiki məqamda yaxşı olar. Əminəm ki, müsbət effektini görərik”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər