30/03/2020 10:32
728 x 90

ABŞ-ın bir neçə konqresmeni Azərbaycan düşmənçiliyini dayandırmır – Abxaziya, Osetiya və Dnestryanı yox, qondarma “Artsax”a bəli...

Əli Orucov: “Bunun bir adı var, o da ikili standartlardır”

img

Bir sıra ermənipərəst ABŞ konqresmenləri Dağlıq Qarabağdakı separatçı rejimin dəvətilə 31 martda keçiriləcək “prezident” və “parlament” “seçkiləri”ni müşahidə etmək üçün nümayəndə heyəti ilə gedəcəklərini açıqlayıblar.

"Əlbəttə, 31 martda “Artsax”da ədalətli seçkilərin keçirilməsini istəyirik. Buna görə də öz əməkdaşlarımı prosesi izləmək üçün oraya göndərməyə qərar verdim” - deyən konqresmen Ceki Kançelyan Spiker bildirib ki, Dağlıq Qarabağdakı rejimi tanımayan rəsmi Bakı oradakı bütün “seçkiləri” “işğal olunmuş ərazilərdə siyasi şou” adlandırır.

Ermənipərəst konqresmen həyasızcasına onu da vurğulayıb ki, Azərbaycanın Qarabağın “müstəqilliyini” tanıyıb-tanımamasından asılı olmayaraq, orada həyat inkişaf edəcək: “Qarabağda demokratiyanın davamlı olması çox vacibdir”.

Qarabağa getməyə qərar vermiş Konqresin əməkdaşı, digər ermənipərəst konqresmen Frenk Pallonenin baş məsləhətçisi Ceyms Conson isə belə deyib: “Mən araşdırdım və gördüm ki, “Artsax”da əvvəlki seçkilər bütün standartlara görə azad, ədalətli və şəffaf keçirilib. Ümid edirəm ki, indi də onlar azad olacaqlar”.

Frank Pallonenin özü isə bunları deyib: “Dünyaya Dağlıq Qarabağda demokratiyanın bərqərar olduğunu göstərmək çox vacibdir. Qeyd etmək istəyirik ki, “Artsax”da azad cəmiyyətin bütün standartlarına cavab verən bir demokratiya var”.

Postsovet məkanında digər separatçı bölgələr var. Məsələn, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgədə neçə ildir separatçı qurumlar fəaliyyət göstərirlər. Ancaq, nədənsə, həmin bölgələrdə “seçkiləri” izləmək konqresmenlərin yadına düşmür. Yalnız Dağlıq Qarabağdakı “seçkilər” onlar üçün maraqlı olur.

  • “Birləşmiş Ştatlar digər separatçı bölgələrə münasibətdə daha konkret mövqe sərgiləyir, Dağlıq Qarabağ məsələsinə gəldikdə isə fərqli yanaşma ortaya qoyur”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucov bunun səbəbini ABŞ-ın Azərbaycana yönəlik ikili standartları ilə əlaqələndirdi: “Bunun bir adı var, o da ikili standartlardır. Birləşmiş Ştatlar digər separatçı bölgələrə münasibətdə daha konkret mövqe sərgiləyir, Dağlıq Qarabağ məsələsinə gəldikdə isə fərqli yanaşma ortaya qoyur. Hansı ki, bu, beynəlxalq hüquq normalarına ziddir. Belə yanaşma Qarabağ münaqişəsinin tənzimlənməsində Vaşinqtonun ədalətli vasitəçilik siyasətinə kölgə salır. Konqresmenlərin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi qanunsuzdur. Niyə konqresmenlər Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgəyə səfər edib oradakı “seçkiləri” müşahidə edə bilmir, amma Qarabağa gəlirlər? Deməli, erməni lobbisinin maraqları nəzərə alınaraq ikili yanaşma ortaya qoyulur. Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsinin səbəblərindən biri də bununla bağlıdır. Ona görə də konqresmenlərin bu addımı pislənməlidir. Rəsmi şəkildə Azərbaycan buna etiraz edib qarşı tərəfdən izahat tələb etməlidir”.

Vidadi ORDAHALLI

Son xəbərlər