16/02/2020 22:40
728 x 90

ATƏT-in 9 fevral seçkisinə qərəzli münasibətdə olduğu qurumun öz içindən ifşa olunur - “Attar hadisəsi”…

img

Daim yüksək demokratik dəyərlərdən danışan Avropanın bəzi qurumlarının özlərinin atdıqları addımlar adamı dərindən təəccübləndirir. ATƏT əslən azərbaycanlı olan Aygün Attar adlı xanımın akkreditasiyasının ləğvi ilə bağlı MSK qarşısında məsələ qaldırıb.

Aygün xanım onunla bağlı yaşananları belə izah edib: “İkinci dəfə müstəqillik əldə etdiyi tarixin üstündən hələ 30 il keçməsə də, müsbət inkişafların görməzlikdən gəlinərək yalnız neqativliyin önə çıxarılması Azərbaycan adına da, vətəndaşı olduğum Türkiyə adına da məni çox üzdü.
Bu sətrləri yazdığım zaman seçkilər hələ bitməyib və seçkiləri izləyən ATƏT-in seçki müşahidə komitəsinin hesabatı açıqlanmayıb. Ancaq şəxsən hesab edirəm ki, hesabat mənfi olacaq, çünki qərəzlilik obyektivliyə zərər verəcək. ATƏT-in hazırladığı hesabatın hüquqi sanksiyası yoxdur, lakin hesabat Azərbaycanla ATƏT-ə üzv ölkələr arasındakı münasibətlər üçün vacibdir. Sizə məsləhətim budur ki, Azərbaycanda neft və təbii qazdan başqa xoşniyyətli insan enerjisini vurğulayan diskussiyalara üstünlük verin və bu fəaliyyətlərə dəstək olun. Ölkədə gedən seçki prosesinə hörmətlə yanaşmaq Azərbaycanın dəvətilə keçirilən seçkilərdə müşahidə aparmış bütün xarici müşahidəçilərin qanuni borcudur”.

Məhz bu yanaşmadan sonra ATƏT deyilən addımı atıb. Qeyd edək ki, ATƏT müşahidəçilərindən olan professor, tarixçi Aygün Attar uzun illər Türkiyənin Girəsun Universitetinin rektoru vəzifəsində çalışıb. 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülən tarixçi, həmçinin, Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərib. Belə ki, o, ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir. 
3-12 fevral tarixlərində ATƏT-də beynəlxalq müşahidəçi kimi ölkəmizdə səfərdə olub.

Aygün xanım bildirib ki, fevralın 11-də müşahidəçilərin sonuncu toplantısında ATƏT-dən iki nəfər ona müşahidəçi kimi akkreditasiyasının ləğv olunduğunu söyləyiblər: “Bunun səbəbini soruşdum. Soruşdum ki, beynəlxalq müşahidəçi kimi obyektivlikdən kənar bir hərəkətimmi olub? Dedilər ki, yox. Səbəb fevralın 8-də etdiyim müraciətdir. Mən isə ATƏT-in ölkələrdə fikir, mətbuat azadlığı, demokratiyanın təsis olunması üçün təsis edildiyini xatırlatdım. Dedim ki, necə olur ki, ATƏT özü kiçik bir tənqidə belə dözmür, amma başqa ölkələri tənqid edir, guya dərs verir? Onlar da mənim akkreditasiyamın ləğv olunması üçün MSK-ya müraciət etdilər. Məsələnin mahiyyəti budur”.

Demokratiyadan danışan bir qurumun atdığı bu addımı necə dəyərləndirmək olar?

  • Rauf Zeyni: “Tanınmış bir professora qarşı atılan bu addım onların niyyətinin nə dərəcədə məkrli olduğunu ortaya qoydu”

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hadisənin özü çox narahatedicidir: “Ədalətsiz olan bu addımı ancaq pisləmək olar. Dünyanın bütün ölkələrində guya demokratik proseslərin qoruyucusu kimi çıxış edən bir təşkilat tərəfindən atılan bu addım görünən tərəflərə görə ziddir. Ancaq görünməyən tərəfləri bizə məlumdur. Bu cür təşkilatlar üçün seçki monitorinqi bir bəhanə olur. Başlıca məqsəd ölkələrə siyasi təzyiqdir. Aygün xanıma qarşı qərəzli davranan bu təşkilat Azərbaycana münasibətdə heç vaxt obyektiv olmayıb. Tanınmış bir professora qarşı atılan bu addım onların niyyətinin nə dərəcədə məkrli olduğunu ortaya qoydu. Onsuz da həmin təşkilatın mahiyyəti bizə bəlli idi. Ancaq dünya şöhrətli professora qarşı həqiqəti söylədiyinə görə atılan addım onların özünü biabır etdi. Mən bu prinsipial mövqeyinə görə Aygün xanıma dərin təşəkkürümü bildirirəm. Həm də ona görə sağ ol deyirəm ki, qərəzli qüvvələrin əsl üzünü açıb ortaya qoydu. Bir sözlə, ATƏT-i öz içindən ifşa etdi”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər