02/07/2020 16:50
728 x 90

Avropa mərkəzlərindən Azərbaycan üzərinə “səlibçi demokratiya yürüşü”nün idarə edildiyinə daha bir sübut – Avroparlamentin sosialistləri və demokratları...

Fikrət Sadıqov: “Müəyyən qüvvələr bu prosesi bir mərkəzdən idarə edirlər”

img

“Təəssüflə qeyd etmək istərdim ki, son seçkilərdən sonra Avropa Parlamentində (AP) bəzi radikal, şovinist və islamofob təfəkkürlü qüvvələr yer alıb. AP-ın Sosialistlər və Demokratlar Qrupu artıq ikinci dəfədir ki, Azərbaycanla bağlı əsassız bəyanatla çıxış edir”.

Bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Parlamentinin Sosialistlər və Demokratlar Qrupunun Azərbaycan fundamental insan hüquqlarına riayət etməyənə qədər Avropa İttifaqı (Aİ) ilə yeni sazişin ratifikasiya olunmayacağı ilə bağlı bəyanatını şərh edərkən deyib.

H.Hacıyevin sözlərin görə, birincisi, Aİ ilə saziş hələ heç imzalanmayıb: “İkincisi, bir müddət öncə AP Azərbaycanda parlament seçkilərini müşahidə etməyəcəyini bildirmişdi. Açığı, onların bu açıqlaması bizdə təəccüb doğurdu. Azərbaycanın AP qarşısında hər hansı bir öhdəliyi yoxdur və biz heç AP-a seçkiləri müşahidə etmək üçün dəvət də ünvanlamamışdıq. Aİ 9 fevral parlament seçkilərindən sonra verdiyi açıqlamada Azərbaycanla dialoqu davam etdirməyə və ölkəmizlə sıx işləməyə hazır olduğunu bildirmişdir. Azərbaycan tərəfi də Aİ ilə əməkdaşlığı davam etdirməyə hazırdır”.

Bütün bunlar onu göstərir ki, Avropadakı bir sıra qurumlar eyni mərkəzdən idarə olunurlar. Çünki bir belə təsadüf ola bilməz. Məsələ ondadır ki, seçkilərdən əvvəl AŞPA Azərbaycanda siyasi məhbus olması ilə bağlı qərəzli xarakterli qətnamə qəbul etdi. Həmçinin, seçki hələ olmamış, bəzi Avropa təsisatları Azərbaycandakı seçkiqabağı mühiti tənqid etdilər. Seçkilərdən sonra isə ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərə tənqidi prizmadan yanaşdılar. Digər Qərb təsisatları da onları dəstəklədi. Bütün bunlar onu göstərir ki, Azərbaycana yönəlik bu qərəzli siyasət bir mərkəzdən idarə olunur.

  • “...ölkəmizə qarşı belə qərəzli münasibət...”

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Azərbaycana yönəlik bu cür sistemli fəaliyyət təsadüfi deyil: “Müəyyən qüvvələr bu prosesi bir mərkəzdən idarə edirlər. Belə olmasaydı, o zaman ard-arda Azərbaycana qarşı belə qərəzli münasibət sərgiləməzdilər. Avropa Parlamentində məlum qanadın fəaliyyəti də bunun tərkib hissəsidir. Görünən odur ki, sistemli şəkildə Azərbaycana qarşı çıxış edirlər. Demək olar ki, eyni vaxtda qətnamələr qəbul olunur, bəyanatlar verilir. ATƏT-in DTİHB-nin müşahidəçilərindən biri olan Aygün Attarın akkreditasiyası ləğv olunub. Hansı ki, o, açıq şəkildə ATƏT-in Azərbaycanın daxili işinə müdaxilə etdiyini dedi. Bütün bunlar özlüyündə Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycan belə hallara qarşı öz maraqlarından çıxış edərək addımlar atmalıdır. Dövlətimiz kiminsə sözü ilə oturub-durmur. Bizə qarşı bu cür təzyiqlərin edilməsi yolverilməzdir. Azərbaycan müstəqil siyasət yeridir. Görünən odur ki, bəzi dairələr bunu həzm edə bilmədiyi üçün müxtəlif təzyiq vasitələrini işə salırlar”.

Vidadi ORDAHALLI

Son xəbərlər