23/02/2020 12:27
728 x 90

Ermənistanda orta əsrlər diktaturasının qurulmasına rəsmən start verildi

img

Məlum olduğu kimi, aprelin 5-də Ermənistanda Konstitusiya Məhkəməsi məsələsi ilə bağlı referendum keçirilməsi nəzərdə tutulur. Amma belə görünür ki, bu proses Ermənistanda artıq indidən yeni gərginlyinin əsasını qoyub. Cəmiyyət və siyasətdə olanların əksəriyyəti baş verənləri hüququn qəsb edilməsi, Nikol Paşinyan diktaturasının möhkəmlənməsi kimi qiymətləndirir.

Məsələyə bu prizmadan yanaşan erməni siyasi şərhçi Yervand Bozoyan qeyd edir ki, Paşinyan Ermənistan prezidenti Armen Sarkisyanı referendum keçirilməsi haqqında fərmanı imzamalamağa məcbur etməklə onu da tarixi cinayətinə ortaq edib: “Beləliklə, Ermənistan prezidenti referendum keçirmək barədə öz fərmanını imzalayaraq faktiki olaraq konstitusiya sistemini pozanların sırasına düşdü”. O qeyd edib ki, Paşinyanın məqsədi Konstitusiya Məhkəməsini öz nəzarəti altına götürmək və ölkədə mütləq birhakimiyyətlilik qurmaqdır:
“Onun bu addımının 2018-ci ilin “inqilab” idealları ilə heç bir əlaqəsi yoxdur, ictimaiyyətin şüurlu hissəsinin böyük əksəriyyəti bunu başa düşür. Bəs bütün bunlar nəyə gətirib çıxara bilər? Paşinyan, əslində Ermənistanda öz mütləq birhakimiyyətliliyini qurmaq istəyir. Paşinyançı referendum qəbul olunsa, Ermənistan orta əsrlər diktaturası caynaqlarına düşəcək”. Elə keçmiş deputat Karine Atsemyan da məsələyə bu rakursdan yanaşır: “Bizim hüquqşünaslara, hüquqşünasların böyük ordusuna inanmamaq üçün hər hansı səbəbimiz yoxdur və bu diletantlar qrupuna inanmaq üçün hər hansı səbəb olmayacaq. Onların öz rəhbərləri ilə birlikdə yalnız bir məqsədi var, konstitusiya sistemini ləğv etmək, bu məhkəməni ləğv etmək, insanları istədikləri insanlarla dəyişmək”. O, aprelin 5-də baş tutacaq referendumun antidövlət və antikonstitusion addım olduğunu vurğulayıb: “Onlar artıq referendum barədə qanunu pozaraq təşviqat kampaniyasına keçiblər,  bütün bu edilənlər təhqirdir, bu sahədə onların rəqibləri yoxdur və ola da bilməz. Referendum elə bir prosesdir ki, Nikol Paşinyan yenidən küçədə - sevdiyi yerində olacaq, bağıracaqlar, onların düşmənləri və nifrət atmosferi yenidən yaranacaq”.

Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyan qeyd edir ki, Paşinyanın Konstitusiya Məhkəməsini ələ keçirmək planları üzündən ölkədə xaotik vəziyyət yaranır: “37-ci ildə baş verən hadisəni yada salmaq istəyirəm. Məktəb müəllimi direktor olmaq istəyir, zarafatla yazır ki, direktor əksinqilabi qrup yaradıb, direktoru bir neçə müəllimlə birlikdə aparıb güllələyirlər. Paşinyan da, həmçinin, Konstitusiya Məhkəməsini ələ keçirmək üçün bu məhkəmə sədrinə qarşı qurma cinayət işləri qaldırdı. Keçən ildən o, qanunazidd addımlar atır. İzdihamı məhkəmə üzərinə apardı, məhkəmnin qapılarını, girişlərini mühasirəyə aldı və yenə də alınmadı. İndi isə adını referendum qoyaraq başqa bir izdihamı arxasınca aparır. Beləliklə, Konstitusiya Məhkəməsinin kürsülərində öz adamlarını, oyuncaqlarını oturtmaq üçün daha bir demokratik vasitə, yəni referendum dəyərdən düşdü. Saxtakarlıq və ya axmaqlıq olan yerdə nikbinlik axtarmaq mümkün deyil. Reallıq Paşinyanın uğursuz olacağını, həm də dəhşətli dərəcədə uğursuz olacağını proqnozlaşdırır. Devrilmə qaçılmazdır. İnvestisiya və iqtisadiyyat üçün rahat bir atmosferə ehtiyacı olan bu kasıb ölkədə, nəinki sərmayə qalmayacaq, əksinə, bir çoxları bu avara hakimiyyətpərəstin və acgözün gözünə görünməmək üçün pullarını qaçıracaq. Həmin 37-ci ilin tədris rəhbəri direktor oldu, ancaq maraqlıdır ki, hətta həmin dövrlərdə də qurma iş verən şəxs 12 il sonra yalan ifadə verməsinə görə mühakimə olundu”.

Ermənistanın “1in.am” portalı da baş verənlərin ölkə üçün müsbət heç nə vəd etmədiyini vurğulayır:“Konstitusiyanın dəyişdirilməsi üçün referendumun keçirilməsi, şübhəsiz, çoxqatlı və aralıq oyundur. Ermənistanda idarəçilik sisteminin effektivliyi problemi mövcuddur.  Ölkədə kadr siyasəti hakimiyyətin müxtəlif qanadlarının maraqlarının toqquşması, lobbiçilik şəraitində formalaşır. Bu mənada o da diqqətçəkəndir ki, yaranmış problemlərə, Konstitusiya Məhkəməsində baş verən hadisələrə və referenduma, səsvermənin keçirilməsinə paralel olaraq, başqa əhəmiyyətli kadr dəyişikliyi baş verib. Nikol Paşinyan bir neçə gün öncə töhmət verilmiş Hərbi-Sənaye Komitəsinin sədri Avetik Kerobyanı istefaya göndərib. Ancaq bundan sonra da problem, səbəbi nə olursa-olsun, faktiki həll olunmayıb. Bu da daha dərin və çoxqatlı problemlərin mövcudluğunu növbəti dəfə göstərib. Buradakı problem, şübhəsiz, dərin siyasidir və hakimiyyət-müxalifət sferasındakı daxili qarşıdurmadan heç də az siyasi deyil. Amma faktdır ki, Ermənistanı yeni qarşıdurmaya da sürükləyir. Çünki  Paşinyanın addımları hüquqa ziddir. Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın ailə üzvləri və bütün yaxınları hələ də siyasi təqiblərlə üzləşirlər. Onun vəzifəsindən çıxarılması üçün əvvəlcə Ermənistan konstitusiyasına dəyişiklik edilməli idi. Bu məqsədlə konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı qanun parlamentdə hakim partiyanın səs çoxluğu ilə qəbul edildi. Amma məqsəd odur ki, istənilən halda, Paşinyanın istəmədiyi Tovmasyan vəzifədən getsin və bəlkə də sonda həbsə atılsın. Onda dünyanın Ermənistana nə deyəcəyi də çox maraqlıdır”. Hesab edilir ki, Paşinyan bununla ölkə daxilində də ciddi qarşıdurmanın əsasını qoyur.

Nahid SALAYEV

Son xəbərlər