23/02/2020 10:59
728 x 90

"ASAN xidmət"in milli qürur verən məqamları...

Aydın Quliyev: “Azərbaycan və azərbaycanlılar ictimai xidmətin ən səmərəli üsulu olaraq "ASAN xidmət"lə qürur duya bilər”

img

"ASAN xidmət" 21-ci əsrdə vətəndaşlara Dövlət xidmətlərinin ən səmərəli üsullarının axtarışları sahəsində Azərbaycanın əldə etdiyi unikal müvəffəqiyyətidir. Bunu Trend-ə açıqlamasında "Bakı-Xəbər"qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, bəlkə də yaxın bir neçə on illər ərzində bundan da səmərəli ictimai xidmət modellərinin düşünülə biləcəyini təsəvvür etmək çətindir: "ASAN xidmət" qədər sürətlə və geniş miqyasda cəmiyyətin gözündə populyarlaşan başqa bir sosial xidmət layihəsi olmayıb. "ASAN xidmət"in Azərbaycan cəmiyyətində tez populyarlıq qazanmasının səbəbləri məhz bu modelin öz mahiyyətində və məzmunundadır.

Onun sözlərinə görə, "ASAN xidmət" elə bir ictimai-sosial və tarixi şəraitdə tətbiq edildi ki, sovet dövrünün və 90-cı illərin əvvəllərindəki bezdirici ictimai xidmət üsullarının çirkin qalıqları hələ də yaşayırdı. İnsanlar qeyri-insani münasibətlər, rüşvət, təhqir, alçaldıcı, süründürməçi və narahat şəraitdə ən kiçik sosial məsələnin həllinə həftələrlə vaxt itirir, bir çox hallarda hətta məqbul nəticə də əldə edə bilmirdilər.

"ASAN xidmət" fəaliyyətə başladığı ilk günlərdən insanlar cəmiyyətimizin on illər boyu əziyyət çəkdiyi neqativ xidmət atmosferinə qısa vaxtda son qoyulacağına inandı. "ASAN xidmət"in ictimai və hətta beynəlxalq miqyasda böyük xarizmatik və praktik etimad qazanması danılmaz reallıqdır. Bu gün yüzlərlə sosial xidmət növlərinin ən asan şəkildə həlli cəmiyyət-dövlət etimadının sarsılmaz sütunlarından birinə çevrildi. Bu gün Azərbaycan vətəndaşları ən az vaxt sərfi ilə, əsəb və izafi resurs itkiləri vermədən ən müxtəlif sosial-məişət problemlərinin həlli formasına sahibdir.

"ASAN xidmət" Azərbaycan dövlətinin sosial və xalqa xidmət məzmununu birbaşa müəyyənləşdirən alətlərdən biridir. Cəmiyyətimiz ASAN sistemində özünün sosial məsələlərinin həlli ilə qısa müddətli rahatlıq jestlərini birləşdirə bilir.

Ekspert bildirir ki, "ASAN xidmət"də insanlar işlə istirahəti üzvi şəkildə birləşdirə bilir: "Nəzərə almaq lazımdır ki, "ASAN xidmət"də vətəndaşlara həm də müxtəlif kiçik ictimai iaşə xidmətləri də fəaliyyət göstərilir. ASAN-ın yaxın xarici ölkələrdə də populyarlıq qazanması çox əhəmiyyətli faktdır. Azərbaycan cəmiyyətinin ASAN-ı ən səmərəli model kimi mənimsəməsi onun xaricdə də böyük şöhrət tapmasının həlledici şərtidir. Azərbaycan və azərbaycanlılar ictimai xidmətin ən səmərəli üsulu olaraq ASAN-la qürur duya bilər''.

Son xəbərlər