23/02/2020 12:07
728 x 90

Polisin seçkidə zəruri rolunu hədəfə alanların son məqsədi...

Şəmsəddin Əliyev: “Düşüncəsində, fəaliyyətində radikallıq olan və şəxsi ambisiyadan çıxış edən şəxslər polisi qaralamaq məqsədi güdürlər”

img

Azərbaycanda polisin fəaliyyəti, işi yalnız qanun çərçivəsində həyata keçirilir. Polisin vəzifəsi ölkədə ictimai asayişi qorumaq, qanunlara riayət olunmasını təmin etməkdən ibarətdir. O cümlədən, ölkədə seçkilər keçirilən vaxt polis tənzimləyici funksiyanı yerinə yetirir. İctimai asayişi qoruyaraq sabitliyi təmin edir. Nə əvvəl, nə də sonrakı dövrlərdə polis seçkiyə müdaxilə etməyib. Bununla bağlı bəlli bir məsafəni hər zaman qoruyub.

Ancaq bütün bunlara baxmayaraq, nədənsə, hər dəfə polisin zəruri tənzimləyici funksiyası hədəf alınır. Xüsusən də ölkədə seçki kampaniyası dövründə bu özünü daha qabarıq göstərir. Ənənəvi olaraq müəyyən qüvvələr polisi hədəf alaraq qaralamağa çalışırlar. Seçkidə hansısa nüfuzu, sosial bazası olmayan və məğlub olmaları qaçılmaz olan şəxslər buna görə polisi ittiham edirlər. Sanki bunların qalib olmasını polis əngəlləyib. Yeri gəldi-gəlmədi, polisin ünvanına tənqidi fikirlər səsləndirir, onları qaralamağa çalışırlar. Hansı ki, qeyd olunduğu kimi, bunların heç biri ilə polisin əlaqəsi yoxdur. Polis siyasətə qarışmır. Ancaq hər yerindən duran polisi günahkar çıxarmağa çalışır.

Maraqlıdır, polisin seçkidə tənzimləyici rolunu hədəfə alanların məqsədi nədir?

  • “Hesab edirəm ki, belələri öz xəbis niyyətlərinə çata bilməyəcəklər

Məsələyə münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevin sözlərinə görə, müəyyən qüvvələr bu minvalla polisə qara yaxmaq istəyirlər: “Əvvəla seçki hüququ bütün dünyada vətəndaşların siyasi hüquqlarından biridir. Azərbaycanda, digər sivil ölkələrdə olduğu kimi, polis siyasətə qarışmır. Vətəndaşlar bilməlidirlər ki, Azərbaycan polisində heç bir partiyanın özəyi yoxdur. Ancaq polis siyasətə qarışmasa da, dövlətin cinayətkarlığa qarşı siyasətinin formalaşmasında iştirak edir və onun icrasını təmin edir. Polisin cinayətkarlığa qarşı mübarizə siyasətində iştirakına vətəndaşlar dəstək verməlidirlər. Bəziləri buna dəstək vermək əvəzinə, ancaq polisin fəaliyyətini qaralamaq istəyirlər. Sabitliyin qorunmasına əngəllər yaradırlar. Hesab edirəm ki, bütün bunlar yolverilməzdir. Ölkə polisi fəaliyyətini qanun çərçivəsində həyata keçirir. Seçki günü bəziləri başqa rola girərək yalnız polisi qaralamaq yolunu tuturlar. Düşünülmüş şəkildə polisi siyasətə çəkmək istəyirlər. Hansı ki, polis siyasətə qarışmır. Digər günlərdə olduğu kimi, seçki günü də siyasətə qarışmayaraq ictimai asayişin qorunmasında, tənzimlənməsində qanun çərçivəsində öz funksiyasını həyata keçirir. Təbii ki, kimsə ictimai qaydaları pozursa, polis buna biganə qala bilməz. Düşüncəsində, fəaliyyətində radikallıq olan və şəxsi ambisiyadan çıxış edən şəxslər polisi qaralamaq məqsədi güdürlər. Bu minvalla həm də özlərini virtual məkanda təsdiqləmək istəyirlər. Hesab edirəm ki, belələri öz xəbis niyyətlərinə çata bilməyəcəklər”.

Vidadi ORDAHALLI 

Son xəbərlər