23/02/2020 10:39
728 x 90

Bəzi saxtakar müəllimlərə görə bütün müəllimlər ordusunu təhqir etmək doğrumu...

img

Məlum olduğu kimi, son günlər sosial şəbəkələrdə 9 fevral 2020-ci il tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı baş vermiş bir sıra neqativ halları əks etdirən video və fotogörüntülər paylaşılır.

Qeyd edək ki, bəzi müəllimlərin də bu prosesdə iştirakı bildirilir. Sosial şəbəkələrdə yayılan bu videogörüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müəllimlərə qarşı kütləvi təhqir kampaniyası aparılması ilə nəticələnib. Bu videogörüntüləri yayanlar belə rəy yaratmaq istəyirlər ki, seçkidə saxtakarlığa yol verilibsə, burada günahkar ölkənin müəllim ordusudur. Bütöv bir müəllim ordusunu seçkini saxtalaşdırmaqda ittiham etməyin özü yanlış yanaşmadır. Hansısa müəllim öz müəllimlik şərəfini neqativ əməllərlə ləkələyirsə, buna görə ölkənin müəllim ordusu məsuliyyət daşımır.

Bu arada Təhsil Nazirliyi yayılan videogörüntülərə münasibət bildirib. Nazirlikdən deyiblər ki, seçki pozuntusuna yol verən müəllimlərlə bağlı tədbir görüləcək. O da bildirilib ki, hazırda ümumi proseslərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma aparılır: “Bildiyimiz kimi, qeyd olunan məsələlərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma aparılır. Araşdırmanın yekun nəticələrinə əsasən, baş vermiş qeyri-qanuni hallarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq ölçü götürüləcək”.

  • Nadir İsrafilov: “Bir neçə müəllimin saxtakar əməlinə görə bütöv bir müəllim ordusunun hədəfə alınması, onların ünvanına təhqirlər səsləndirilməsi əsaslı şəkildə doğru deyil”

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, tanınmış təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə bildirdi ki, beş-on müəllimin seçki saxtalaşdırılmasında iştirakına görə ölkənin böyük müəllim ordusunu qaralamaq qətiyyən doğru deyil. “Bir neçə müəllimin saxtakar əməlinə görə bütöv bir müəllim ordusunun hədəfə alınması, onların ünvanına təhqirlər səsləndirilməsi əsaslı şəkildə doğru deyil. Tutalım, seçki prosesində saxtakarlıq halı baş veribsə və bu saxtakarlığı müəllim deyil, həkim, mühəndis və s. olsaydı, etməyəcəkdi? Bu məsələni müəllimlə əlaqələndirmək, müəllimləri seçkini saxtalaşdırmaqda ittiham etmək doğru deyil. Müəllimi hədəfə almaq, onun adını müəyyən neqativ məsələlərdə hallandırmaq ölkənin müəllim ordusunun hədəfə alınması deməkdir. Bilirsiniz ki, dövlət strategiyasının əsas məqsədi müəllimin nüfuzunun yüksəldilməsidir. Belə bir şəraitdə müəllimə qarşı bu cür kampaniya aparmaq doğru deyil. Aydın məsələdir ki, səsvermə məktəblərdə keçirilməlidir, bunun başqa yolu yoxdur. Çünki seçki bazar gününə düşür və həmin müddətdə də məktəblər boş olur və s. Seçki prosesində hər hansı bir neqativ hal baş veribsə, bunu bütün müəllimlərlə əlaqələndirmək doğru deyil. Son dövrlər müəyyən qüvvələr meydana çıxıb və onlar müəllimə, məktəbə qarşı radikal mövqedən çıxış edirlər”.

N.İsrafilov hesab edir ki, seçkidə saxtakarlıq baş veribsə və burada hansısa peşə sahibinin də iştirakı olubsa, o bu sahənin bütün təmsilçilərinin qaralanmasına əsas vermir. “Müəllimlik sənətini antik alimlərdən tutmuş, bizim müasir siyasi rəhbərlərə qədər hər kəs şərəfli peşə hesab edir. Biz müəllimin hörmətini saxlamalıyıq, nüfuzunu qorumalıyıq. Düzdür, son zamanlar müəllim adına, müəllim peşəsinə müəyyən xələl gətirən amillər oldu, amma ədalət naminə demək lazımdır ki, dövlət səviyyəsində müəllimlərin əməyinin qiymətləndirilməsi ilə bağlı çox iş görülür, müəllimlər diaqnostik qiymətləndirmədən keçirilir, mərhələli şəkildə onların əməkhaqqının artırılmasının şahidi oluruq. Bu gün 5 mindən artıq müəllim 1000 manat əməkhaqqı alır. Amma çox təəssüf ki, bəziləri müəllimə şər atır, onun nüfuzunu aşağı salmaq üçün işlər görürlər. Bir-iki müəllimin gördüyü neqativ hala görə bütün müəllimlər məsuliyyət daşıya bilməz” - deyə N.İsrafilov vurğuladı.

İradə SARIYEVA

Son xəbərlər