10/08/2020 00:37
728 x 90

Ermənistan Prezidenti İordaniya Kralının üzünə ulu babasının tarixinə dair yalan uydurdu, Kral susdu...

img

İordaniya Haşimilər Krallığının başçısı Kral Hüseyn əl-Haşimi Ermənistanda rəsmi səfərdədir. Onu öz iqamətgahında Ermənistan Prezidenti Armen Sarkisyan qarşılayıb. A.Sarkisyan bildirib ki, kralın səfəri tarixi əhəmiyyətlidir: “Bizim xalqlar arasındakı dostluq münasibətlərinin dərin tarixi var. Hətta minilliklər əvvələ təsadüf edir”.

Ermənistan Prezidenti öz adından kralın ailəsinə təşəkkür edib: “Sizin ulu babanız Məkkənin şərifi olanda bütün Ərəb dünyasına bir manifestlə müraciət edib. Məhz o, ərəblərdən xahiş etdi ki, Osmanlının “soyqırımından” əziyyət çəkən ermənilərə sahib çıxsınlar”.

Göründüyü kimi, Ermənistan Prezidenti yenidən öz erməni xislətini işə salır. İordaniya kimi müsəlman ölkəsini öz siyasətinə qurban edir və bunun da fonunda kralın üzünə yalan danışır. Əvvəla Azərbaycanla müxtəlif  platformalarda yaxından əməkdaşlıq edən İordaniyanın Ermənistanla bu şəkildə yaxınlaşması təəccüblüdür. Çünki dəfələrlə Azərbaycan Prezidenti müsəlman ölkələrini Ermənistanla əməkdaşlıqdan çəkinməyə çağırıb. Bunun da səbəbini onların müsəlmanlara olan mənfur münasibəti ilə izah edib. Buna baxmayaraq, İordaniya məscidləri yandıran, müsəlmanlara divan tutan bir ölkə ilə əməkdaşlığa üstünlük verir. Eyni zamanda, kral Ermənistan Prezidentinə şərait yaradır ki, onun babalarının adı ilə Türkiyənin ünvanına həqarətlər yağdırılsın. Əvvəla Osmanlı Türkiyəsi uzun yüzilliklər boyu bütün Ərəb dünyasını öz nəzarətində saxlayıb. İordaniya kralları da Osmanlı əsarətindən qurtarmaq üçün belə bir şəri Türkiyənin ünvanına ata bilərdi. İkinci versiya isə bunun, ümumiyyətlə, olmamasıdır.Yəni Sarkisyan yalan danışır. Hər iki halda, İordaniya Kralı onun cavabını verməliydi. O isə əvəzində bundan xoşhal olub.

  • Hatəm Cabbarlı: “Ermənistan Prezidenti bunu vurğulamaqla xristian ermənilərlə müsəlman ərəblərin arasında problemin olmadığını bildirmək istəyir”

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə  açıqlamasında bildirdi ki, Ermənistan müstəqilliyini əldə etdikdən sonra Ərəb dünyasına yönəlik müəyyən addımlar atıb: “Bura ölkələrlə siyasi münasibətləri yaxşılaşdırmaq, iqtisadi münasibətləri tənzimləmək, turizm sahəsində yaxından əməkdaşlıq etmək aiddir. Bizim çağırışlarımıza baxmayaraq, Ermənistanın bir çox ərəb ölkəsi ilə münasibətləri yaxşıdır. Xüsusilə də Yaxın Şərq ölkələri ilə bu münasibətlər çox normaldır. Çünki həmin coğrafiyada ermənilər kompakt yaşayırlar.

İordaniya Kralınının səfəri Ermənistanla münasibətləri daha da dərinləşdirməyə hesablanıb. Bu həmin ölkə kralının Ermənistana ilk səfəridir. Tərəflərin görüşündə Sarkisyan guya tarixə ekskurs edib. Böyük etimalla, Məkkənin şərifi olan şəxs Osmanlıdan ayrılmaq üçün belə bir bəyanat verib. Yəni bu, tarixi həqiqətlərə söykənməyib, siyasi manevr cəhdi olub. Ermənistan Prezidenti bunu vurğulamaqla xristian ermənilərlə müsəlman ərəblərin arasında problemin olmadığını bildirmək istəyir. İkinci Abdulla Ermənistana səfər edərkən başqa istiqamətlərdə də münasibətləri inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Onun bu cəhdləri müsəlman həmrəyliyi baxımından yaxşı qarşılanmır. Çünki Ermənistan müsəlmanlara qarşı daim nifrətlə yanaşıb. Biz deyə bilmərik ki, İordaniya Kralı bu addımları məlumatsızlıqdan atır. Çünki Azərbaycan bütün platformalarda Ermənistan vəhşiliklərini ətraflı nəzərə çatdırıb. Ermənistan mümkün qədər  İordaniya ilə münasibətləri inkişaf etdirməyə çalışacaq. Bunun üçün Ermənistanın siyasi, iqtisadi potensialı nə qədərdir sualı da meydana çıxır. Azərbaycan bu istiqamətdə diplomatik səylərini artırmalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər