26/02/2020 14:38
728 x 90

Ən fəal və ən passiv seçki dairələri arasında kəskin fərqin səbəbləri – eyni ölkə, eyni qanun, fərqlər isə...

Əli Orucov: “Elə dairələr var ki, namizədlər seçicilərlə aktiv işləyirlər”

img

Məlum olduğu kimi, fevralın 9-da Azərbaycanda VI çağırış parlament seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, seçkilərdə seçici fəallığı 47,81% təşkil edib. Belə ki, səsvermə hüququ olan 5 milyon 329 min 461 nəfərdən 2 milyon 547 min 982 nəfəri səsvermə hüququndan istifadə edib.

Məlumat üçün qeyd edək ki, 1995-ci ildə Milli Məclisdə I çağırış seçkilərdə qeydə alınan seçici fəallığı 86,05% olub. 2000-ci il noyabrın 5-də II çağırış parlament seçkilərində seçici fəallığı 68,93% olub. 2005-ci il noyabrın 6-da Milli Məclisə III çağırış seçkilərdə ümumi seçicilərin 42,22%-i seçkilərdə iştirak edib. 2010-cu il 7 noyabr tarixində IV çağırış Milli Məclis seçkilərində seçici fəallığı 49,5% olub. 2015-ci il noyabrın 1-də V çağırış seçkilərdə seçici fəallığı isə 55,7% olub.

Bununla yanaşı, son parlament seçkilərində ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub. Bu dairədə 61.4 faiz (46 min 225 seçicidən 23 736 nəfər) seçici fəallığı qeydə alınıb. Ən passiv dairə isə 28 saylı Sabunçu 3-cü Seçki Dairəsidir. Sözügedən Seçki Dairəsində seçici fəallığı 18,6 % (53 min 4 seçicidən 10 299 nəfər) təşkil edib. Bütövlükdə, ölkə üzrə elə dairələr var ki, orada seçici fəallığı yüksək, bəzilərində seçici fəallığı aşağı olub. 

Maraqlıdır, dairələrdə seçici fəallığı arasında belə kəskin fərqin səbəbləri nə ilə bağlıdır? Nəzərə alsaq ki, ölkə üzrə eyni gündə seçki keçirilir, o zaman belə fərq nədən irəli gəlir?

  • “Bəzən hansısa dairədə vətəndaşlar seçkiyə getməkdə həvəsli olmurlar, nəyinsə dəyişəcəyinə inanmırlar”

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, dairələrin bəzilərində seçici fəallığının yüksək, digərlərində isə aşağı olmasının səbəbləri müxtəlifdir: “Bunu bir səbəblə əlaqələndirmək doğru olmaz. Elə dairələr var ki, namizədlər seçicilərlə aktiv işləyirlər. Seçki kampaniyası dövründə fəal təbliğat işi aparırlar. Bu da nəticə etibarilə seçki günü seçici fəallığının artmasına öz təsirini göstərir. Elə dairələr də var ki, orada namizədlərin təbliğat kampaniyası zəif təşkil olunur. Seçiciləri cəlb edə bilmirlər. Ya da bu istiqamətdə yetərincə iş görmürlər. Bu da nəticə etibarilə seçki günü daha az vətəndaşın seçkiyə qatılmasına gətirib çıxarır. Bəzən hansısa dairədə vətəndaşlar seçkiyə getməkdə həvəsli olmurlar, nəyinsə dəyişəcəyinə inanmırlar və s. Deməyim odur ki, müxtəlif amillərin burada rolu var. Bəzən müəyyən inzibati resursların da seçkiyə təsiri olur. Yəni büdcədən maliyyələşən təşkilatlarda çalışanlar səsvermədə fəal iştirak edirlər. Elə dairə var ki, orada bu qəbildən olan seçicilərin sayı qismən çoxdur. Bir sözlə, müxtəlif səbəblər üzündən belə fərqlər yaranır”.

Vidadi ORDAHALLI

Son xəbərlər