Milli Məclisə keçirilən seçkilərin nəticələri bəlli olub. Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, 125 dairənin hər biri üzrə lider namizədlər müəyyən olunub.
Parlamentə keçirilən seçkilərdə ilkin nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) 74, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 3, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) 1, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) 1, Ana Vətən Partiyasının (AVP) 1, Böyük Quruluş Partiyasının (BQP) 1, Vəhdət Partiyasının (VP) 1, Vətəndaş Birliyi Partiyasının (VBP) 1, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) 1 nümayəndəsi lider namizəd elan edilib.
Lider namizədlərin 21-i qadın, 104-ü isə kişidir. Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 41 nəfər bitərəf namizəd qalib gəlib. Qaliblər arasında 44 yeni sima var.
Parlament seçkilərində Vasif Talıbov, Eldar İbrahimov, Madər Musayev, Hadi Rəcəbli, Mixail Zabelin, Fəttah Heydərov, İmamverdi İsmayılov və Fəzail Ağamalı ardıcıl 6-cı dəfə deputat seçiliblər. Milli Məclisin yeni tərkibində ən gənc deputat xanımdır. Belə ki, 12 saylı Binəqədi-Yasamal-Qaradağ Seçki Dairəsindən lider namizəd Səbinə Xasayevanın 26 yaşı var. Bundan başqa, 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin lider namizədi Vasif Talıbov 94,6 % səslə 125 dairədən seçilən namizədlər arasında ən yüksək səs faizi ilə qalib gələn yeganə şəxsdir. 79 saylı İmişli Seçki Dairəsinin lider namizədi Razi Nurullayev isə 20,9 % səslə 125 dairədən seçilən namizədlər arasında ən aşağı səs faizi ilə qalib gələn şəxsdir.
Digər tərəfdən, Milli Məclisə seçilən yeni deputatlar arasında keçmişdə iş adamı olmuş şəxslər də var. Məsələn, onlardan 5 nəfəri iş adamı olub və ilk dəfədir parlamentdə təmsil olunacaqlar. Bunlar Elnur Allahverdiyev, Məşhur Məmmədov, İltizam Yusifov, Anatoliy Rafailov və Bəhruz Məhərrəmovdur. Sözügedən şəxslər əvvəl iş adamı olublar
Bütün bunlarla yanaşı, parlamentin yeni tərkibinin neçə faizini yenilənmiş saymaq olar?
“Seçilən yeni deputatlar arasında keçmişdə iş adamı olmuş şəxslər də var”
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin sözlərinə görə, parlamentin üçdə bir hissəsi yenilənib: “Hələlik parlamentin yeni tərkibini tam analiz etmək mümkün olmayıb. Çünki buna müəyyən vaxt lazımdır ki, yeni gələnlərin hamısı təhlil olunsun. İlkin məlumata görə, parlamentə düşənlərin 40 nəfərdən çoxu yeni simadır. Digərləri isə əvvəlki parlamentdə təmsil olunan şəxslərdir. Yeni seçilənlər arasında tanıdığım və tanımadığım şəxslər var. Yeni simalar arasında Arzu Nağıyev, Vüqar Bayramov var. Sözügedən şəxsləri illərdir tanıyıram. Bununla belə, həmin şəxslər ictimaiyyət tərəfindən də tanınır. Hesab edirəm ki, bu cür adamların parlamentdə təmsil olunması yaxşı haldır. Çünki həmin şəxslər işgüzar olmaqla yanaşı, cəmiyyətdə yetərincə tanınıblar. Bununla belə, danışmağı bacaran, ictimai rəyə təsir etməyi bacaran şəxslərdirlər. Rauf Arifoğlunu da bura əlavə etmək olar. Ümumilikdə, bu cür adamların parlamentdə təmsil olunması yaxşı göstərici sayıla bilər”.
Vidadi ORDAHALLI