Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri artıq tam məlumdur. MSK-nın fevralın 10-da açıqladığı nəticələrə görə, 125 dairənin hər biri üzrə protokollar tərtib olunub. Qalib gələn namizədlərin partiya mənsubiyyəti üzrə sayına da nəzər salmaq yaxşı olardı. Altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 74 namizədi qalib gəlib. Digər partiyaların isə qalib gələn namizədlərinin sayına görə siyahı aşağıdakı kimidir:
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - 3 nəfər, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - 1 nəfər, Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) - 1 nəfər, Ana Vətən Partiyası (AVP) - 1 nəfər, Böyük Quruluş Partiyası (BQP) - 1 nəfər, Vəhdət Partiyası (VP) - 1 nəfər, Vətəndaş Birliyi Partiyası (VBP) - 1 nəfər, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) - 1 nəfər.
Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 41 nəfər bitərəf namizəd qalib gəlib.
Qeyd edək ki, bu seçkilərdə beşinci çağırış Milli Məclisdə təmsil olunan Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) və Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) heç bir namizədi qalib gəlməyib.
Xatırladaq ki, beşinci çağırış Milli Məclisdə də 125 deputatdan 74 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP) üzvü idi. VHP 2, AVP, ADİP, ADMP, ASDP, ASRP, BQP, BAXCP, MDHP, VP və VBP isə 1 nəfərlə Milli Məclisdə təmsil olunurdular. Parlamentin 39 üzvü isə bitərəf deputatlardan ibarət idi.
Müqayisədən görünür ki, parlamentdə təmsil olunacaq partiyaların sayında 3 vahid azalma müşahidə edilir. Bu amil parlamentin işinə hansı formada təsir edəcək?
Yeganə Hacıyeva: “Fərqli oriyentasiyalı partiyalar gedib beynəlxalq platformalarda öz əqidədaşları ilə bir fraksiyada təmsil olunurlar ki, bunun da ölkəmiz üçün lobbi dəstəyinə ciddi təsiri olur”
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə tendensiyanın yaşanmasında bir sıra amillərin rolu var: “Bizdə seçkinin yalnız majoritar qaydada keçirilməsi partiyaların cəmiyyətdəki aktivliyini azaldır. Ancaq ümumi passivliyin fonunda əldə olunan nəticəni də normal saya bilərik. Ötən çağırışla müqayisədə azalma həm də kompensasiya edilib. Ancaq bəzi partiya təmsilçilərinin parlamentə düşməsi qeydiyyat məsələsinə görə rəsmiləşmir. Məsələn, Razi Nurullayev partiya sədri kimi cəmiyyətə təqdim olunur. Ancaq onun rəhbərlik etdiyi partiyanın adı ətrafında mübahisə davam etdiyindən, onun mandatı fərd kimi rəsmiləşir. Eyni sözü “ReAl” Partiyasını təmsil edən Erkin Qədirli ilə də bağlı deyə bilərik. Hər iki şəxsin mandatı parlamentdə təmsil olunan partiyaların adına yazılmır. Çünki onların partiyalarının dövlət qeydiyyatı məsələsi tam həllini tapmayıb. Siyasi partiyaların sayının parlamentdə azalması qanunverici orqanın fəaliyyətinə ciddi təsir etməyəcək. Ancaq beynəlxalq platformalarda təmsilçilik baxımından parlamentdə təmsil olunan siyasi qurumaların çoxluğu daha fərqli palitra yarada bilərdi. Parlamentdə daha fərqli oriyentasiyalı partiyaların təmsilçiliyinin ziyanı yoxdur. Bizdə təəssüflər olsun ki, sağ mərkəzçi mövqedə olan partiyalar çoxluq təşkil edir. Fərqli oriyentasiyalı partiyalar gedib beynəlxalq platformalarda öz əqidədaşları ilə bir fraksiyada təmsil olunurlar ki, bunun da ölkəmiz üçün lobbi dəstəyinə ciddi təsiri olur. Başqa bir səbəb isə partiyaların özünün cəmiyyətdəki passivliyi ilə bağlıdır”.
Məhəmmədəli QƏRİBLİ