Parlament seçkilərində 16 saylı Yasamal 2-ci Seçki Dairəsindən deputatlığa namizəd və hazırda lider olan “ReAL”çı Erkin Qədirli mətbuat konfransı keçirib. E.Qədirli jurnalistlərə bildirib ki, 16 saylı Yasamal 2-ci Seçki Dairəsində seçki səliqəli keçib: “Bütün məntəqələri gəzdik, seçki yaxşı keçdi, inzibati müdaxilə, karusel olmadı. Qutuya topa bülleten atılma halı olmadı”.
E.Qədirli iddia edib ki, 5 məntəqədə bir sıra problemlər ortaya çıxıb: “Protokolları vermək istəmirdilər. Cəmi 4 məntəqədə mən uduzmuşam. Seçicilərin sayı elan olunanlardan az idi. İki məntəqədə mən cəmi 19 səslə qalib gəlmişəm, o məntəqəyə 49 seçici gəlib. Orada protokolu bizə vermək istəmirdilər. Biz udmuşuq, lakin mənə yığdığımız səsdən daha artıq yazıblar”.
E.Qədirli əlavə edib ki, yazılan artıq səsdən MSK-ya şikayət ediləcək: “Dairədə rəqəmlərdə şişirtmələr olub. Mənə qazandığımdan da artıq səs yazıblar. Amma bu şişirdilmiş rəqəmləri hesablamasaq belə, mən yenə də qalib gəlmişəm. Lakin müşahidəçilərimizdən qeydlər götürmüşəm, mənə artıq səslərin yazılması ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət edəcəyəm. Bizim dairəmizdə 5 məntəqənin nəticələrinin ləğv edilməsini istəyəcəyik.
Mən deputat mandatından imtina etmək məsələsi ilə bağlı İlqar Məmmədovla və digər dostlarla, müşahidəçilərlə məsləhətləşdim. Bu günə kimi çox vəzifədən imtina etmişəm. Amma bu dəfə halal səsimlə qalib gəlmişəm, buna görə də mandatdan imtina etməyəcəyəm. Mən parlamentə gedirəm”.
Erkin Qədirli qeyd edib ki, hakimiyyət onu parlamentdə görmək istəyir: “Bəlkə də buna görə həmin dairədən güclü namizəd irəli çıxarmadılar. Amma mən heç bir pərdəarxası görüşdə, anlaşmada iştirak etməmişəm”.
Əslində, E.Qədirlinin açıqlamasında olduqca maraqlı məqamlar var. O həm halal qələbə qazandığını deyir, həm də ona bəzi məntəqələrdən artıq səs yazıldığını iddia edir və bununla bağlı şikayət edəcəyini bildirir. Bu təzadı necə anlamaq olar? E.Qədirlinin bu açıqlamalarından hiss olunur ki, çıxılmaz durumda qalıb. Çünki onun təmsil olunduğu partiyanın rəhbəri İlqar Məmmədov seçkiyə buraxılmadığı üçün növbədənkənar parlament seçkilərilə bağlı sərt fikirlər səsləndirir. Hətta yaxın günlərdə seçkilərin nəticələrini şübhə altına alacaq kütləvi aksiya keçirəcəyini də bəyan edib. E.Qədirli hər an gözləyir ki, partiya onu seçim qarşısında qoysun: ya mandat, ya da “ReAl” Partiyası. Ona görə həm mandatdan keçə bilmir, həm də müxalifliyini qorumağa çalışır. Bütün bunların fonunda da belə təzadlı mövqe ortaya çıxıb. E.Qədirli müxalifliyini qorumaq üçün nəyisə tənqid etmək zorunda qalıb. Çünki sosial şəbəkələrdə də onu parlamentə getməsinə görə tənqid edənlər az deyil. Həm mandatı əldə saxlamaq, həm də kütlənin gözündə enməmək üçün Qədirli öz qələbəsindən belə şikayət etməli olub. İstənilən halda, bu da unikal bir tələb nümunəsi kimi Azərbaycanın seçki tarixinə yazılmış olacaq. Çünki biz adətən görmüşük ki, namizədlər səslərinin az yazıldığından gileyləniblər. E.Qədirli isə bu mövzuda əsl novatorluq etmiş oldu. İndi görək MSK necə, Erkinin şikayəti əsasında ona artıq yazıldığı iddia edilən səsləri azaldacaqmı...
Məhəmmədəli QƏRİBLİ