“Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür”. Bunu Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Ölkə başçısının sözlərinə görə, 1300 dən çox namizədin olması seçkilərə inamın təzahürüdür: “Çünki əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar. Ona görə bu seçkilərin xüsusi rolu var. O ki qaldı, bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik. Siz də Avropa Şurasının bizə qarşı olan mənfi münasibətini qeyd etdiniz. Bunun da son təzahürü qəbul edilmiş, yalan üzərində qurulmuş son qətnamədir. Yəni bu qətnamənin qəbul edilməsi, əslində, parlament seçkilərinə kobudcasına müdaxilədir. Birincisi, bu qətnamə saxtadır və biz bunu qəbul etmirik. Orada bizə qarşı irəli sürülən ittihamları rədd edirik və bizə qarşı ünvanlanmış dırnaqarası tələblərin heç birini icra etməyəcəyik. Bu, bir. İkincisi, bu qətnamənin qəbul edilmə vaxtı. Parlament seçkilərinə az vaxt qalmış bu qətnamənin qəbul edilməsi Azərbaycana qarşı olan mənfi və ədalətsiz yanaşmanın təzahürüdür”.
Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən bəzi beynəlxalq təşkilatlar zaman-zaman ölkədə keçirilən seçkilərə bu cür münasibət bildiriblər. Seçki olmamış rəylər hazırlayırlar və qabaqcadan onlara verilmiş siyasi sifarişə uyğun olaraq mövqe sərgiləyirlər. Təəssüflər olsun ki, bu dəfə də belə qərəzli yanaşmanın şahidi olduq.
“Ölkəmizi istəməyən dairələrin siyasi sifarişinə uyğun olaraq, qabaqcadan belə qərəzli rəylər hazırlayırlar”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, müəyyən beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkiləri qaralamaq üçün dəfələrlə bu taktikadan istifadə ediblər: “Ona görə də deyilən fikirlər tam əsaslıdır və reallığı əks etdirir. Bir neçə il əvvəl seçkilərin nəticələri ilə bağlı bir beynəlxalq təşkilatın hesabatını oxudular. Bunun başdan-ayağa qərəzli olduğu məlum olanda biz həmin tədbirdə hesabata etiraz etdik. Həmin beynəlxalq təkilatın ədalətsiz olduğunu onların diqqətinə çatdırdıq. O hesabat Azərbaycana aid olmayan tamamilə ədalətsiz bir yanaşma idi. Müşahidələr göstərir ki, bəzi beynəlxalq təşkilatlar özlərinin bu pis “ənənəsinə” son qoymurlar. Yenə də seçki olmamışdan əvvəl rəy hazırlayaraq seçkidən dərhal sonra onu bəyan edirlər. Aydın məsələdir ki, bütün bunlar təsadüfi deyil. Məsələ ondadır ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanı istəməyən dairələrin siyasi sifarişinə uyğun olaraq qabaqcadan belə qərəzli rəylər hazırlayırlar. Sözügedən təşkilatlar da həmin dairələrin əlində alət rolunda çıxış edirlər. Nəticədə əvvəlcədən hazırlanmış bəyanatlarla gəlirlər. Parlament seçkilərinin beynəlxalq standartlara uyğun olmasına baxmayaraq, yenə öz qərəzli rəylərini bəyan edirlər. Hesab edirəm ki, bu qəbuledilməz haldır. Belə hallar beynəlxalq münasibətlər sisteminə xələl gətirir. Ən başlıcası isə həmin beynəlxalq təşkilatları hörmətən salır. Cənab Prezident məlum açıqlaması ilə bəzi beynəlxalq təşkilatların xislətini ortaya qoydu. Məlum oldu ki, həmin təşkilatlar birmənalı olaraq qərəzlidirlər və müəyyən dairələrin siyasi sifarişlərini yerinə yetirirlər”.
Vidadi ORDAHALLI