Gülnarə Kərimovanın ev dustaqlığından ilk şok şəkilləri yayıldı
.jpg?v=1520254601)
Özbəkistan prezidenti İslam Kərimovun rejimi hədəf alan qızı Gülnarə Kərimovanın ilk dəfə ev həbsində olduğunu göstərən şəkilləri yayılıb. Nurman-xeber.az bildirir ki, bir ingilis şirkəti tərəfindən yayılan fotoşəkillərdə mühafizəçilərlə mübahisə edən 42 yaşlı Kərimova yeddi aydır haqqındakı korrupsiya ittihamları səbəbilə ev həbsində saxlanır.
İngilis şirkəti Kərimova və qızının paytaxt Daşkənddəki bir evdə "tamamilə siyasi" səbəblərlə tutulduğunu iddia edərək, beynəlxalq təşkilatlardan kömək istəyir.
Kərimova bundan əvvəl BBC-yə məktub yazaraq, "Qızım və mən itlərdən betər rəftar görürük" - deyə bildirmişdi.
Bir müddət əvvəl Gülnarə Kərimova haqda cinayət işi açılıb. Baş Prokurorluğun bəyanatında Gülnarə Kərimovanın adı cinayətkar dəstənin üzvü kimi çəkilir. Bəyanatda deyilir ki, mütəşəkkil cinayətkar qrupla bağlı ilkin istintaq başa çatıb. Gülnarə Kərimovanın biznes strukturlarının üzvləri olan Rustam Madumarov, Qayane Avakyan, Nurmuxamed Sodikov və başqalarının daxil olduğu qrup dövlətə 257 milyard som, yəni təxminən 110 milyon dollar ziyan vurmaqda ittiham olunur.
Baş prokurorluğun bəyanatında deyilir ki, onlar "Özbəkistan hava yolları", "Coca Cola İçimliyi Özbəkistan ltd" kimi şirkətlərin aktivlərinin qiymətini aşağı salmaqla dəyər-dəyməzinə alıblar. Cinayətkar dəstənin başqa üzvləri ilə bağlı ayrıca cinayət işi açılıb. Bunlar arasında Gülnarə Kərimovanın da adı çəkilir.
"Foreign Policy" məcmuəsi yazır ki, Gülnarə Kərimovanın şübhəli şəxs qismində cinayət işinə cəlb olunması Özbəkistanda hakim ailə daxilində gedən 20 aylıq davanın kulminasiyasıdır. Ölkə prezidenti 75 yaşlı İslam Kərimovun, deyilənə görə, səhhəti pisdir. Gülnarə onun yerinə keçməyə ən real namizəd idi. İndi bir çox ekspertlərin fikrincə, 2015-ci il seçkilərində vakuum yarana bilər.
Kərimovanın belə sürətli enişinin səbəbi Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rustam İnoyatovun onun ayağının altını qazması oldu. 2013-cü ilin dekabrında Kərimova Twitterdə yazırdı ki, məhz İnoyatov İslam Kərimovu öz qızına qarşı qaldırdı. İnoyatov İslam Kərimovu inandırdı ki, Gülnarə Kərimova hakimiyyəti zəbt etmək istəyir.
2008-ci ildə mətbuata sızan diplomatik teleqramlara görə, İnoyatov Özbəkistanda çox nüfuzlu şəxsdir. İslam Kərimova yalnız İnoyatov vasitəsilə çıxmaq olar. O hətta nazirləri prezidentə yaxın buraxmır ki, onların münasibətləri yaranmasın.
"Foreign Policy" yazır ki, ola bilsin, ailə Gülnarənin əleyhinə bundan da əvvəl - keçən ilin sentyabrından yönəlib.
O vaxt Gülnarənin kiçik bacısı Lola Kərimova birdən-birə BBC-yə dedi ki, 12 ildir bacısı ilə küsülüdür. Bütün bu ailə qalmaqalında İslam Kərimovun rolu nədir - bu bilinmir. Ancaq hamı bilir ki, Özbəkistanda prezidentin razılığı olmasa, onun qızını heç kim istintaq hədəfi edə bilməz.
Ancaq hazırkı vəziyyətdə İslam Kərimovun yerinə kim növbəti prezident ola bilər - bu artıq müəmmadır. Ola bilsin, ailə daxilində dava hələ bitməyib.
Özbək liderin qızı Gülnarə Kərimova həm də İsveçin bir telekom şirkətinə lisenziya vermək üçün 300 milyon dollardan artıq rüşvət almaqla günahlandırılır. Sözügedən iddialar İsveç Prokurorluğu tərəfindən araşdırılır.