Fikrət Sadıqov: “Bütün bunlara görə Ermənistan Azərbaycana kompensasiya ödəməlidir”
Avropa Şurası Parlament Assambleyası (AŞPA) öz ölkəsində məcburi köçkün düşən şəxslərin ehtiyaclarına və humanitar hüquqlarına dair qətnamə qəbul edib. Sənəddə Avropada 4 milyon insanın məcburi köçkün olduğu qeyd edilib. Qətnaməyə əsasən, Avropadakı məcburi köçkünlərin 1,7 milyonu Azərbaycan, Gürcüstan və s. payına düşür.
Sənəddə 1994-cü ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsinə görə narahatlıq ifadə olunur, məcburi köçkünlərə humanitar sahədə göstərilən dəstək alqışlanır. Layihədə Azərbaycanın məcburi köçkünlərin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlər alqışlanır. Bildirilir ki, Dağlıq Qarabağ və onun ətrafında olan rayonlarda müharibə zamanı itkin düşmüş insanlarla bağlı tibbi ekspertiza işləri Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində davam edir. Eyni zamanda, münaqişə tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin 2017-ci il dekabrın 7-də təklif etdiyi Azərbaycan və Ermənistan xalqları arasında əlaqələrin bərpasına çağırılır.
Bununla yanaşı, qətnamədə vurğulanıb ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına müvafiq olaraq, məcburi köçkünlərə məxsus, məhv edilmiş, yararsız hala salınmış, yaxud köçkünlük həyatı səbəbindən istifadə edilə bilməmiş əmlakları ilə bağlı şəxsi və kollektiv müraciətlərə baxılmalıdır. Qeyd edilir ki, məcburi köçkünlərin humanitar ehtiyaclarına və hüquqlarına prioritet verilməli, AİHM-in müvafiq qərarları tam şəkildə və dərhal tətbiq edilməlidir.
Sənədə azərbaycanlı deputatların təklifi ilə BMT-nin Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993) və 884 (1993), həmçinin 1416 (2005) nömrəli qətnamələrinin sözləri də daxil edilib.
Qətnamədə məcburi köçkünlərə məxsus məhv edilmiş əmlaklarla bağlı AİHM-in şəxsi və kollektiv müraciətlərə baxmasının tövsiyə edilməsi maraqlı məqamdır. Maraqlıdır, bəs ekspertlər bunun əhəmiyyətini necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, məlum qətnamənin siyasi əhəmiyyəti var: “Hesab edirəm ki, AŞPA-nın bununla bağlı qətnaməsi əhəmiyyətli qərardır. Söhbət məcburi köçkünlərdən gedirsə, qəbul olunan qətnamə onların taleyini həll edə biləcək statusda olmalıdır. Hesab edirəm ki, bununla bağlı konkret addımlar atılmalıdır. Məcburi köçkünlərin statusunu nəzərə alaraq buna səbəb olan tərəflərin, konkret günahkar olan şəxslərin adları çəkilməlidir. Məsələ ondadır ki, bütün bunların fonunda məcburi köçkünlərlə bağlı siyasi prioritetlər üzə çıxmalıdır. Hesab edirəm ki, bu istiqamətdə də qərarlar qəbul olunsa, o zaman qətnamələr təsirli olacaq. Təbii ki, diplomatik fəaliyyətdə bundan istifadə edərək, ümumilikdə, Dağlıq Qarabağ probleminin həllində bu məsələni daha qabarıq şəkildə üzə çıxara bilərik. Nəzərə almaq lazımdır ki, Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində Azərbaycanın 1 milyona yaxın vətəndaşı məcburi köçkün düşüb. Onların evləri, digər əmlakı məhv edilib. Bütün bunlara görə Ermənistan Azərbaycana kompensasiya ödəməlidir. Ona görə də AİHM-ə edilən müraciətlərə diqqətlə yanaşılmalı və müvafiq qərarlar çıxarılmalıdır. Digər tərəfdən, biz özümüz də sözügedən məsələdə son dərəcə fəal olmalıyıq. Bununla əlaqədar beynəlxalq məhkəmələrə, o cümlədən, AİHM-ə müraciətlərin sayı artmalıdır. Beynəlxalq hüquq müstəvisində bununla bağlı səylərimizi artırmalıyıq. Yalnız bu kimi kompleks tədbirlər sayəsində nəyəsə nail ola bilərik”.
Vidadi ORDAHALLI