Qabil Hüseynli: "İrandakı terroru İŞİD törətsə belə..."
İran parlamentinə silahlı hücum Qətər böhranının yaşandığı, bu böhranda İranın və dəstəklədiyi təşkilatların rolu səbəb kimi göstərildiyi bir zamanda, həmçinin, ABŞ-ın rəhbərliyi ilə qurulan koalisiyanın 3 iyundan etibarən Rakka üzərinə hücum əməliyyatlarına start verməsi fonunda baş verir. Bu terrordan iki gün əvvəl isə Suriya hökumətinin İrandan Rusiya və Suriya qüvvələri ilə çiyin-çiyinə döyüşən minlərlə şiə yaraqlısının maaşlarının ödənilməsinə nəzarət etməsinin istəndiyi xəbəri yayılmışdı. Göründüyü kimi, bölgədə yeni və son dərəcə ciddi proseslərə start verilir.
Heç şübhəsiz ki, bütün bunlar ortaya atılan münaqişənin daha da alovlandırılmasına xidmət etmək üçün nəzərdə tutulub. Bölgədə son dərəcə qanlı və nəticələri vahiməli ola biləcək bir "sünni-şiə" qarşıdurması üçün münbit zəmin hazırlanmaqdadır.
İranda baş tutan silsilə terror aktlarının Qətər böhranı ilə hansı əlaqəsi ola bilər?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, İran parlamentinə və İmam Xomeyni türbəsinə olan terror hücumları nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb: "Belə hadisələr həmişə İslam dünyasında baş verir. Terror olayının Qətər böhranından sonra olması təsadüf deyil. Qətər böhranı ilə bağlı fikri söyləmək nisbətən asandır. Çünki Qətər şeyxi ABŞ prezidenti Donald Trampın Ər-Riyada səfəri zamanı qeyri-diplomatik hərəkətlərə yol vermişdi. O, Tramp və kral Salman haqqında istehzalı fikirlər səsləndirmişdi. Bundan sonra isə nümayişkəranə şəkildə İran prezidenti Həsən Ruhaniyə zəng edərək, müsəlman birliyinə qarşı mövqe sərgiləmişdi. Qətər əmiri müxtəlif ali məktəbləri bitirsə də, siyasətçi kimi tam formalaşmayıb. O, 33 yaşında atası Əmiri həbs etdirərək onun yerinə keçib. Qətərdə demokratiyanın, seçki sisteminin olmadığı bir cəmiyyət mövcuddur. Bu cəmiyyətdə hakimiyyətin başında duran sülalənin istənilən nümayəndəsi kimi, o da siyasətçi olaraq formalaşmayıb.
Qətər dünyanın ən zəngin qaz yataqlarına sahib olan ölkədir. Bu zənginlik ərəb dünyasında texnoloji inkişafa və sıçrayışa kömək etmir. Cəmiyyət daha da tənbəlləşir.
Mənim fikrimcə, Qətər məsələsində gündəmdə duran əsas məsələ hakimiyyət dəyişikliyidir. Bunu həm Ərəb dünyası, həm də xarici dövlətlər istəyir.
İrandakı terrora gəlincə, hamının ağlına dərhal İŞİD gəlir. İŞİD İran tərəfindən ən çox zərbə almış terrorçu təşkilatdır. Uzun müddətdir İŞİD İranı hədələyirdi. Bu hadisələri İŞİD törədə bilər. Amma burada xüsusi xidmət orqanlarının laqeydliyi də diqqətdən yayınmır. Xomeyninin məqbərəsinə hücum iranlıların heysiyyatına toxunmaqdır. Ora iranlıların müqəddəs bildikləri yerlərdəndir.
Hesab edirəm ki, İrandakı terroru İŞİD törətsə belə, bunun arxasında hansısa qüvvələr dayanır. İcraçılar verilən tapşırığı yerinə yetirir. İranda baş verən terrorda İŞİD-in iştirakı realdır. Bu terror tapşırığının sifarişinin yuxarı mənbələrdən gəldiyi də heç kimə sirr deyil".
Məhəmmədəli QƏRİBLİ