Elşən Həsənov: "Departament başçısının bizə ünvanladığı məktub Ramazan ayına təsadüf etdiyi səbəbindən, məktubdakı əsas ağırlıq məhz bu mənəvi dəyərin üzərinə fokslaşıb"
ABŞ-ın dövlət katibi Reks Tillersonun Prezident İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktub göndərməsi Ermənistanı bərk narahat edib. Erməni KİV-inin apardığı təbliğatdan görünür ki, yeni seçilmiş Donald Trampın 10 gün ərzində İlham Əliyevə iki dəfə məktub göndərməsi, bunun ardınca isə dövlət katibinin məktubu onları ciddi narahat edir.
Prosesin effektini azaltmaq üçün erməni mətbuatı Gürcüstana göndərilən bənzər məktubun məzmunu arasında müqayisə aparıb. Guya bu "qənaətə" gəliblər ki, Gürcüstana göndərilən məktubda ABŞ həmin ölkənin ərazi bütövlüyünü tanıdığını bəyan edib, bizə ünvanlanan məktubda isə bu yoxdur. Ermənistan bununla məktubların məzmununu təhrif edir, yoxsa...
Ekspert Elşən Həsənovun sözlərinə görə, Azərbaycana ünvanlanan həmin məktub Dövlət Departamentinin saytında da yerləşdirilib: "Mən deyərdim ki, əvvəlki administrasiyanın dönəmindəki məktublardan daha çox səmimi notların olması ilə seçilir. Gürcüstana göndərilən məktubun məzmunu ilə tanış olmağı heç lüzum bilmədim. Hətta belə fərq olsa belə, bu, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmədiyi anlamına gələ bilməz. Çünki ABŞ dəfələrlə rəsmi bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Belə məktublar bəlkə də 100-lərlədir. İnternetdə adi bir axtarış verməklə bunun şahidi ola bilərsiniz. Ermənistanın bu cür hərəkətlərinə təəccüblənmək də lazım deyil. Çünki onların işi-gücü elə bundan ibarətdir. Məktubun məzmununun təhrif olunduğunu daha bir faktla sübut edə bilərik. Departament başçısının bizə ünvanladığı məktub Ramazan ayına təsadüf etdiyi səbəbindən, məktubdakı əsas ağırlıq məhz bu mənəvi dəyərin üzərinə fokslaşdırılıb. Aydındır ki, Ermənistan bu cür incə dəyərlərdən xəbərsizdir. Bu səbəbdən də ucuz sensasiya axtarır. Məktubda Birləşmiş Ştatlarla Azərbaycanın enerji və təhlükəsizlik məsələlərində əməkdaşlıq, həmçinin, demokratik prinsiplərə dair dialoq əsasında uzun illər ərzində qurulmuş güclü tərəfdaşlığa malik olması xüsusilə vurğulanırsa, bu ciddi dəstəyi ifadə edir. Ermənilərin bu canfəşanlığı həm də onların özünü pis vəziyyətə qoyur. Faktiki olaraq onlar bu sevincəkliyilə Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu etiraf etmiş olur. Özü də məhz onlar tərəfindən. Bu yalnız onlara yox, bütün dünyaya bəlli olan məsələdir".
Məhəmmədəli QƏRİBLİ