Ramil Hüseynov: "Bu bir daha onu göstərir ki, həmsədrlər münaqişənin ədalətli və tez həll olunmasında maraqlı deyil"
Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan ərazilərində yanğınlar törətməkdə davam edir. Bu arada Ağdam rayonunda növbəti yanğın törədiblər. Belə ki, alov əsasən Baş Qərvənd və "Gülçülük sovxozu" adlanan ərazidə müşahidə edilib.
Məlumata görə, yanğının miqyası getdikcə genişlənir, yanğın hətta qoşunların qarşıdurma xəttinə keçib. Yanğının tüstüsü cəbhəyanı bütün yaşayış məntəqələrindən aydın görünür. Bundan bir həftə əvvəl Cəbrayıl rayonunun işğal altında olan Böyük Mərcanlı kəndində böyük yanğınlar törədilib. Yanğın geniş ərazini əhatə edib. Küləkli hava yanğının daha da genişlənməsinə şərait yaradıb.
Məlumdur ki, tarixi kökü və bu ərazinin tarixi ilə heç bir bağlılığı olmayan ermənilər qəddarcasına Dağlıq Qarabağın və ətraf rayonların təbii landşaftı, tarixi-memarlıq abidələri, tranzit-kommunikasiya şəbəkəsini dağıdıb, bir sözlə, regionun infrastrukturunu tamamilə məhv ediblər. Faktiki olaraq ermənilər hər il işğal altında olan ərazilərdə, əsasən də cəbhəyanı zonalarda kütləvi yanğınlar törədir. Ancaq hər dəfə beynəlxalq qurumlar, xüsusən də münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu bunu görməzdən gəlir. Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi dünyanın aparıcı güclərinin nüfuzuna müsbət təsir göstərə bilər. Ancaq təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya bu nüfuzu qazana bilmir. Əksinə, torpaqları işğal altında olan Azərbaycana davamlı şəkildə müxtəlif vasitələr, diplomatik yollarla təzyiqlər edirlər.
Mayın 18-də, Laçının Ermənistan tərəfindən işğal edildiyi gün ATƏT-in Minsk Qrupunun həmsədrləri, dolayı yolla da olsa, Azərbaycanı qınayan bəyanat yayıb. Həmsədrlər iddia edir ki, mayın 15-də Azərbaycan tərəfdən təmas xəttinin o biri tərəfinə raket zərbələri endirilib: "Mayın 16-sı və 17-də Ermənistan silahlı qüvvələri müxtəlif çaplı minaatanlarla cavab atəşi açıb". Halbuki, Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus "0SA" zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərib. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın "OSA" zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, beynəlxalq qurumların işğal altında olan ərazilərdə yanğınların törədilməsini görməzdən gəlməsi onların riyakarlığından xəbər verir: "Bu nə birincidir, nə də axırıncı. Zaman-zaman belə ədalətsiz yanaşma ilə üzləşirik. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ətrafında işğal etdikləri rayonlarda daşı-daş üstə qoymayıb. Həmin ərazilərin flora və faunasına ciddi ziyan vurulub. Bu azmış kimi, hər il yay fəslində cəbhəyanı ərazilərdə kütləvi yanğınlar törədirlər. Ancaq "OSA" zenit-raket kompleksinin məhv edilməsinə dərhal reaksiya verən ATƏT-in Minsk Qrupu nədənsə bu yanğınları görmək istəmir. Halbuki, onlar gərək buna öz münasibətin bildirərdi. Bu bir daha onu göstərir ki, həmsədrlər münaqişənin ədalətli və tez həll olunmasında maraqlı deyil. Eyni zamanda, işğalçını törətdiyi əməllərinə görə cəzalandırmaq istəmirlər. Onlar üçün münaqişənin həll edilməsi yox, dondurulmuş vəziyyətdə sonsuza qədər saxlanması maraqlıdır. O üzdən, buna reaksiya vermirlər. Hesab edirəm ki, beynəlxalq qurumların bu cür laqeyd mövqe sərgiləməsi pislənilməli və buna etiraz edilməlidir". Vidadi ORDAHALLI