Vəfa Heydərli: "...Tramp administrasiyasının müsəlmanlara və ərəb ölkələrinə qarşı olmadığını..."
ABŞ prezidentinin ilk xarici səfəri olaraq Səudiyyə Ərəbistanına getməsi presedenti olmayan bir hadisə kimi dəyərləndirilir. Lakin neftlə zəngin Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ştatlar enerji və hərbi sahələrdə uzun zamandır güclü əlaqələrə malikdir. Səudiyyə Ərəbistanı Trampın ABŞ-a səfərlərə qadağa qoyduğu müsəlman ölkələrinin siyahısına daxil edilməyib.
Qeyd edək ki, ABŞ prezidenti D.Tram Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ərəb və müsəlman liderlərinin ekstremizmə qarşı mübarizəyə həsr edilən sammitindəki nitqində müsəlman dünyasını terrorizmə qarşı mübarizədə birliyə çağırıb.
ABŞ prezidenti kimi ilk xarici səfərinə çıxan Tramp bildirib ki, Birləşmiş Ştatlar "ekstremizmin kökünün kəsilməsi kimi bir məqsəd ətrafında birləşən" ölkələrin koalisiyasını yaratmağa çalışır. O bu mübarizəni xeyir və şər arasında mübarizə adlandırıb.
Səudiyyə Ərəbistanına səfərinin ilk günü ABŞ prezidenti D.Tramp və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz 110 milyard dollar dəyərində hərbi avadanlığın satışına dair saziş imzalayıb.
Ağ Ev bildirib ki, bu razılıq ABŞ şirkətləri üçün Yaxın Şərq regionunda yeni imkanlar yaradılması və Birləşmiş Ştatların müdafiə sənayesində on minlərlə yeni iş yerinin açılmasına xidmət edəcək.
Trampın ABŞ prezidenti kimi ilk səfərini Səudiyyə Ərəbistanına etməsi Vaşinqtonun gələcək xarici siyasəti üçün nələri vəd edir?
Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, Tramp ilk səfər marşrutunu təsadüfi seçməyib: "Etiraf edək ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqin hərbi təchizat baxımından ən qüdrətli dövlətidir. Yəni ABŞ ən müasir hərbi təyyarələrdən tutmuş, ortamənzilli ballistik raketlərə qədər öz istehsalı olan keyfiyyətli silah-sursatı Səudiyyə Ərəbistanına həvəslə satır. Arsenalını müasir ABŞ silahları ilə genişləndirən Səudiyyə Ərəbistanı regionda gedən nüfuz müharibəsində - ilk növbədə İranla, kifayət qədər güclü mövqeyə sahibdir. İkitərəfli anlaşmaya əsasən, Səudiyyə qarşıdakı illərdə öz arsenalını daha da gücləndirəcək. Hər halda, Səudiyyə Ərəbistanının hərbi cəhətdən İrandan güclü olmasında ABŞ maraqlı görünür.
Tramp seçki ərəfəsində Səudiyyə haqda da tənqidi fikirlər səsləndirib. O iddia etmişdi ki, Səudiyyə Ərəbistanı Dünya Ticarət Mərkəzini partladıb və bu ölkə Amerikanın köməyi olmadan mövcud ola bilməz.
Bu səfər ABŞ-ın yeni prezidentinin körfəz ölkələri ilə münasibətləri yenidən qurmaq istəyindən xəbər verir. Ərəb paytaxtlarında da yeddi müsəlman ölkəsinin vətəndaşlarına qarşı 90 gün müddətinə ABŞ-a daxilolmaya dair mübahisəli qadağa, deyəsən, unudulub. Həmçinin Trampın Səudiyyə Ərəbistanının təhlükəsizliyi üçün Vaşinqtonun pul ödəməsi ittihamı yaddan çıxıb.
ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfəri ABŞ-ın geri qayıtmasına dair ənənəvi müttəfiqlərinə verilən güclü siqnaldır.
Həmçinin, bu, Tramp administrasiyasının "Amerika beynəlxalq arenada yenidən fəallaşır" siqnalıdır. Bundan əlavə, Tramp administrasiyasının müsəlmanlara və ərəb ölkələrinə qarşı olmadığını göstərir.
Səudiyyə Ərəbistanının ABŞ-a yaxınlaşması səbəblərindən biri Tehrana qarşı Vaşinqton və Ər-Riyadın ümumi düşmənçiliyidir. Tramp administrasiyası bir neçə ayda İrana qarşı sanksiyaları nüvə sazişi ilə sona çatdıran Barak Obama ilə müqayisədə dəfələrlə Səudiyyə maraqlarına meylli olduğunu göstərib. Beləliklə, körfəz ölkələri Yaxın Şərqdə İranın təsirinin yayılmasını dayandırmaq üçün ABŞ-ın dəstəyinə ümid edir. Həm Vaşinqton, həm də körfəz ölkələri analitikləri Trampın Səudiyyə Ərəbistanının mövqeyinə yaxın olacağı və regionda öz maraqlarının uyğun yol xəritəsini cızacağı fikrindədir".
Məhəmmədəli QƏRİBLİ