Dünya dövlətlərinin xüsusi diqqətlə izlədiyi Ərəb-İslam-Amerika Sammitində yer alan əsas məsələlərdən biri də qonşumuz İranla bağlı oldu. Proseslərin gedişi göstərir ki, artıq İrana qarşı ABŞ bir sıra ərəb ölkələri ilə yeni ittifaq yaradır və bu ittifaq yaxın tezlikdə cənub qonşumuza qarşı hərbi əməliyyatlara start verə bilər. Əməliyyatların keçirilməsi üçün əsas olaraq İranın terrora dəstəyi göstərilir. Belə görünür ki, bəzi ərəb ölkələri də ABŞ-ın İrana qarşı çıxmasında maraqlıdır və bunun üçün regionda ona hərtərəfli yardıma hazır olduqlarını da açıq bəyan edirlər.
Sözügedən sammitdə çıxışı zamanı ABŞ prezidenti Donald Trampın İran əleyhinə söylədiyi fikirlər və bütün ölkələri Tehranı təcrid vəziyyətində saxlamağa çağırması da bir sıra ərəb ölkələri tərəfindən müsbət qarşılanıb. Qeyd edək ki, Tramp Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ərəb və müsəlman liderlərinin ekstremizmə qarşı mübarizəyə həsr edilmiş sammitində nitqində müsəlman dünyasını terrorizmə qarşı mübarizədə birliyə çağırıb. ABŞ prezidenti kimi ilk xarici səfərinə çıxan Tramp bildirib ki, Birləşmiş Ştatlar ekstremizmin kökünün kəsilməsi kimi bir məqsəd ətrafında birləşən ölkələrin koalisiyasını yaratmağa çalışır. Tramp çıxışında İranı xüsusi qeyd edərək, Tehranı regionda qeyri-sabitlikdə rol oynamaqda ittiham edib: "Livandan İraqa və Yəmənə qədər İran regionda dağıntılar və qarışıqlıq yaradan terrorçuları, ekstremist qrupları silahlandırır və onlara təlim verir. Hər dəfə bir terrorçunun günahsız insanı öldürərkən yalandan Allahın adını çəkməsi hər bir mömin üçün təhqir olmalıdır". O, bir daha bütün ölkələri İranı təcrid vəziyyətində saxlamağa çağırıb: "Bütün ölkələr və dünya xalqları İran hökuməti sülh yolu ilə hərəkət etməyə başlayana qədər bu ölkəni təcrid etmək üçün səylərini birləşdirməlidir. Bəşər Əsəd İrandan dəstək alaraq bu qədər dəhşətli hadisələr törədir. İran rejimi hər zaman qlobal terrorizmə dəstək verib. Onların məqsədi dünya ölkələrində baş verən terror hadisələrinə başçılıq edərək bölgələrdə xaos yaratmaqdır". Çıxışından öncə Amerika prezidenti altı ölkənin üzv olduğu Körfəz Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüş keçirib. Danışıqlar zamanı İranla fikir ayrılıqlarının həll edilməsi yolları geniş müzakirə edilib.
Trampla eyni vaxtda ABŞ-ın dövlət katibi Reks Tillerson İranın yenidən seçilmiş prezidenti Həsən Ruhaninin terrorçuluğun maliyyələşdirilməsinə və ballistik raketlərin sınaqdan keçirilməsinə son qoyacağına ümidvar olduğunu bildirib. Tillerson Ər-Riyadda Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cubeyrlə keçirdiyi birgə mətbuat konfransında bildirib: "Mən ümid edirəm ki, Ruhani yeni prezidentlik dövründə İranın yaratdığı terror şəbəkəsini dağıdacaq və bu şəbəkənin maliyyələşdirilməsinə son qoyacaq... Biz həmçinin ümid edirik ki, o, ballistik raketlərin sınaqdan keçirilməsi proqramına son qoyacaq". Qeyd edək ki, ABŞ ballistik raketləri sınaqdan keçirdiyinə görə İrana sanksiyalar tətbiq edib. ABŞ həmçinin İranı Livanın "Hizbullah" hərəkatını, Yəməndəki üsyançı husiləri və Suriyada hökumət qüvvələrini dəstəkləməklə bölgədə sabitliyi pozmaqda ittiham edir. İranın müdafiə naziri, general Hüseyn Dehqan isə cavab olaraq bildirib ki, bəzi dövlətlərin əsassız narahatlığına baxmayaraq, İran raket istehsalı proqramını həyata keçirməyə davam edəcək: "İranın əsas məqsədi milli təhlükəsizliyini təmin etməkdir və buna görə də biz müdafiə qüdrətimizi artırmalıyıq".
Yaranmış vəziyyətdə Səudiyyə Ərəbistanı da İranı sərt ittiham edir. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud bu xüsusda bildirir: "İran rejimi Xomeynidən sonra terrorizmin bayrağını daşıyır. Bizim xoşniyyətli qonşuluq münasibətlərimizi də rədd etdi. Bu niyyətlərimizə regionda sərt siyasət və terror aksiyaları ilə cavab verdi. İran rejimi susmağımızı zəiflik, hikmətimizi isə geri çəkilmək kimi başa düşdü. Keçirdiyimiz sammitdə əhalisinin sayı 1.5 milyarddan çox olan 55 ölkənin lideri ilə bir yerdəyik. Bu ölkələr dünyada sülh, sabitlik və təhlükəsizliyin əldə edilməsi üçün terror və radikalizmlə mübarizədə önəmli müttəfiqlərimiz oldu". Tehrana qarşı eyni mövqedən çıxış edən ABŞ və Səudiyyə Ərəbistanı hərbi əəlaqələrini də möhkəmləndirir. İki ölkə artıq 110 milyard dollarlıq müdafiə müqavilələri imzalayıb. Belə vəziyyətdə İranın xarici işlər naziri Cavad Zərif Donald Trampa sərt ismarıc göndərib: "İran daha bir həqiqi seçkiləri geridə qoyub. Lakin demokratiyanın beşiyi adlandırılan Amerikanın lideri tərəfindən təzyiqlərə məruz qalır. Bu, xarici siyasətin bir növüdür, yoxsa Səudiyyə Ərəbistanından alınan 480 milyard dolların qarşılığı?".
Baş verənlərlə bağlı ABŞ mediası yazır ki, hazırda Vaşinqton ərəb dövlətləri ilə İrana qarşı yönələcək yeni hərbi alyansın yaradılması prosesini həyata keçirir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya artıq bu məsələdə ABŞ-ın müttəfiqləri sayılır. Qeyd olunur ki, rəsmi Vaşinqton NATO modelində yaradılacaq ərəb ölkələrinin ittifaqına hərbi və kəşfiyyat dəstəyi göstərəcək. Bu hərbi birliyə kəşfiyyat dəstəyini isə bilavasitə İsrail verəcək.
Tahir TAĞIYEV