Əli Orucov: "Rusiya Azərbaycanı sırf öz təsir dairəsinə salmaqdan ötrü bu cür addımlar atır"
Məlum olduğu kimi, Rusiya xarici işlər nazirinin müavini Vasiliy Nebenzya Rusiya Ali Məhkəməsi tərəfindən mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə münasibət bildirib. V.Nebenzya ÜAK-ın qeydiyyatının ləğvinin siyasətlə bağlı olmadığını bildirib.
O deyib ki, bu, iki dövlət arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır: "Məsələ hüquqi müstəvidədir, buna belə də baxmaq lazımdır. Bu qərar siyasi iradə ilə bağlı deyil. Qərar Rusiya hüquq-mühafizə orqanlarının ÜAK-ın qeydiyyatında hüquqi prosedurların pozulmasını aşkarlaması ilə bağlıdır. Mən tam əminəm ki, bu məsələ Azərbaycanla münasibətlərimizə təsir göstərməməlidir".
Məlumat üçün qeyd edək ki, Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayan bu qərara əsasən, Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. ÜAK 16 illik fəaliyyəti ərzində vətəndaş sülhünün və millətlərarası həmrəyliyin möhkəmləndirilməsinə dəstək göstərilməsində, Rusiya ilə Azərbaycanın sosial-iqtisadi və mədəni əməkdaşlığının inkişafında və dərinləşməsində böyük rol oynayıb. Belə olan halda, guya bu işdə siyasi motivlərin olmamasını iddia etmək gülünc görünür. O baxımdan Rusiya XİN rəsmisinin səsləndirdiyi arqumentlər səmimiyyətə söykənmir.
Maraqlıdır, bəs siyasilər buna necə yanaşır? Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, Rusiya XİN rəsmisinin səsləndirdiyi fikirlər tamamilə əsassızdır: "Bunu indiki dövrdə uşağa belə desən, inanmaz. Çünki rəsmi Moskvanın son dövrlər bir sıra postsovet ölkələrinə qarşı apardığı siyasət göz qabağındadır. Ukraynada baş verənlər, Gürcüstana qarşı sərgilənən siyasət deyilənlərə əyani sübutdur. Son illər Rusiyanın Azərbaycana qarşı ortaya qoyduğu ədalətsiz münasibət müxtəlif formalarda özünü göstərir. 2016-cı ildə baş verən aprel döyüşlərində Rusiya gördü ki, Ermənistan uzun müddət duruş gətirə bilməyəcək, tez proseslərə müdaxilə etdi. Bəziləri güman edirdi ki, atəşkəsə nail olan Rusiya tərəflər arasında sülhün əldə edilməsi məqsədilə prosesləri sürətləndirəcək. Yəni Ermənistana təzyiq göstərəcək. Ancaq bunun müqabilində nə baş verdi? Rusiya Ermənistana verilən silahların növlərini və həcmini daha da artırdı. Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda Ermənistan mövqeyini daha da sərtləşdirdi. Rusiya Azərbaycanı sırf öz təsir dairəsinə salmaqdan ötrü bu cür addımlar atır. Rusiyadan yan keçən bir sıra enerji, nəqliyyat layihələrinin Azərbaycan üzərindən reallaşması Kremli qane etmir. Baxmayaraq ki, Azərbaycan qonşu Rusiyanın maraqlarını nəzərə alır. Rusiyanın ixrac etdiyi silahların əsas alıcılarından biri də Azərbaycandır. Bunun müqabilində Rusiya iqtisadiyyatı milyardlarla gəlir əldə edir. Görünən odur ki, Rusiya bununla kifayətlənmək istəmir. Çalışır ki, Azərbaycan da, Ermənistan kimi, sırf onun təsir dairəsinə keçsin. O baxımdan, ÜAK-ın bağlanması sırf siyasi qərardır". Vidadi ORDAHALLI