Məhəmməd Əsədullazadə: "İrana qarşı təcrid və sanksiyalara çağırış edən ABŞ-ın regionda bu ölkə ilə münasibətlərinin daha da kəskinləşəcəyi gözlənir"
Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp ilk xarici səyahətinə başlayıb. 9 gün davam edəcək səyahət zamanı Tramp Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və digər ölkələrdə olacaq.
Ötən şənbə günü yola çıxan ABŞ prezidentinin birinci dayanacağı Səudiyyə Ərəbistanı olub. Krallıqda Trampın səfərinə ciddi hazırlıq görülüb, küçələr Tramp posterləri ilə bəzədilib. Səfərin ilk günü Ər-Riyadda Tramp və Səudiyyə Krallığı rəhbərliyi arasında 350 milyard dollarlıq anlaşma imzalanıb. Ağ Evdən verilən açıqlamada bildirilir ki, 350 milyard dəyərində 10 illik silah müqaviləsinin 110 milyardlıq ilkin hissəsi imzalandığı gündən icraata başlayacaq. Vaşinqton müdafiə təchizatı və xidmətləri ilə bağlı müqavilə paketinin "İranın təhdidi qarşısında Səudiyyə Ərəbistanı ilə körfəz regionunun təhlükəsizliyini gücləndirəcəyini" bəyan edib.
Mayın 21-də Ər-Riyadda keçirilən "Ərəb-İslam-Amerika" Sammitində 50-dək ərəb və müsəlman ölkəsi rəhbərləri, həmçinin, ABŞ prezidenti Donald Tramp iştirak edib. ABŞ prezidenti D.Tramp Ərəb-İslam-Amerika Sammitində bütün ölkələri İranı təcrid vəziyyətində saxlamağa çağırıb. Tramp deyib ki, bütün ölkələr və dünya xalqları, İran hökuməti sülh yolu ilə hərəkət etməyə başlayana qədər, bu ölkəni təcrid etmək üçün səylərini birləşdirməlidir.
Bu arada İranda keçirilən prezident seçkilərində mötədil baxışlı Həsən Ruhani qalib gəlib. Belə ki, onun birinci prezidentliyi dövründə nüvə məsələsində ciddi saziş əldə olundu. Nəticədə İrana qarşı bir sıra sanksiyalar götürüldü, illərdir banklarda dondurulan milyardlarla vəsait bu ölkəyə geri qaytarıldı. Bütün bunların fonunda, Trampın məlum çağırışını ekspertlər necə dəyərləndirir? Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ruhaninin qalib gəlməsi o deməkdir ki, İran Qərblə nüvə və digər sahələrdə əldə olunmuş razılıqların davam etməsini sürdürməyə çalışacaq: "Ancaq İranda seçkilər günü ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfəri İrana bir mesajdır. Qeyd edim ki, İranın Yaxın Şərqdə dəstəklədiyi silahlı qruplar regionda Səudiyyə Ərəbistanı və ABŞ-ın maraqlarını ciddi şəkildə təhdid edir. İran İraq, Suriya və Yəməndə gedən müharibədə dəstəklədiyi silahlı təşkilatlarla birlikdə iştirak edir. Təbii ki, baş verənlər regionda yeni qarşıdurma ocaqlarının yaranmasına səbəb olur. Trampın qeyd olunan sammitdə iştirakı, 55 müsəlman ölkəsinin bu tədbirə qatılması Yaxın Şərqdə yeni bir siyasi mənzərənin başlanmasına rəvac verəcək. İrana qarşı təcrid və sanksiyalara çağırış edən ABŞ-ın regionda bu ölkə ilə münasibətlərinin daha da kəskinləşəcəyi gözlənir. ABŞ-İran hərbi qarşıdurması gözlənilməsə də, Səudiyyə Ərəbistanı ilə bağlanmış müqaviləyə əsasən veriləcək 110 milyard dollarlıq silahların İranın dəstəklədiyi silahlı təşkilatlara qarşı istifadə edilməsi gözlənir. Yəməndə husilərlə Səudiyyə Ərəbistanı müharibə aparır. Husiləri dəstəkləyən İranla birbaşa münaqişə zəminindədir. ABŞ Tehranı Yaxın Şərqdən sıxışdırıb çıxarmayınca, İranla siyasi mübarizə davam edəcək. Görünür, ABŞ İranla imzalanmış nüvə razılaşmasını poza bilər. İranın Suriya, İraq və Yəməndə hərbi iştirakını gücləndirməsi ABŞ-ın bu addımı atmasına səbəb olacaq. Yaxın Şərqdə vəziyyət daha da gərginləşən xətlə davam edəcək. ABŞ Yaxın Şərqə yenidən qayıdaraq, öz nüfuzunu bərpa etmək üçün İrana qarşı körfəz ölkələrini bir koalisiyada birləşdirəcək. İrana qarşı yenidən sanksiyaların tətbiqi reallaşa bilər. İranında, öz növbəsində, ABŞ və onun körfəz müttəfiqlərinə qarşı hərəkətə keçməsi baş verə bilər. Bu, Suriya, İraq və Yəməndə cərəyan edəcək. ABŞ-İran qarşıdurmasında ABŞ-ın qalib gəlməsi, İranın təcridi qaçılmaz olacaq".
Vidadi ORDAHALLI