Məhərrəm Zülfüqarlı: "Hansı fəaliyyət uyğunsuzluğundan söhbət gedə bilər ki, dünyada bu adda çoxsaylı təşkilat var?!"
Azərbaycan Rusiya ilə münasibətlərinin strateji xarakter daşıdığını həmişə bəyan edib, ticarət-iqtisadi, siyasi əlaqələrin daha da sıxlaşmasında maraqlı olub.
Azərbaycan dövləti rus dilinin və mədəniyyətinin qorunub saxlanması, rusdilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atır. Bununla yanaşı, Rusiyanın dövlət strukturlarında anti-Azərbaycan qruplar, erməni lobbisi xalqımıza və dövlətimizə qarşı təxribatçı fəaliyyətini davam etdirir. Son zamanlar Rusiyanın ədliyyə sistemindəki bu qrupların fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir.
Mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesində Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi bunu bir daha sübut etdi.
Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar iki ölkə arasında siyasi-iqtisadi, mədəni münasibətlərin sağlam məcrada saxlanmasının rəhnidir. Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır. Məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə zərbədir, onları zədələyir. Bu qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə, bitərəf mövqeyinə kölgə salacaq.
Bu arada ÜAK-ın ləğvi ilə bağlı Rusiya tərəfindən səslənən arqumentlərdən biri də ondan ibarətdir ki, qurumun adındakı "konqres" sözü təşkilatın fəaliyyət funksiyasına uyğun gəlmir. Halbuki, bənzər adda bir sıra diaspor təşkilatları fəaliyyət göstərir. Məsələn, Dünya Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Konqresi və s. O baxımdan səslənən arqument nə dərəcədə əsaslıdır? Məsələyə münasibət bildirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının fikrincə, bütün bu deyilənlər bəhanədən başqa bir şey deyil: "Hansısa pis niyyət olanda istədikləri qədər bəhanə uydururlar. Bu da həmin bəhanələrdir biridir. Hansı fəaliyyət uyğunsuzluğundan söhbət gedə bilər ki, dünyada bu adda çoxsaylı təşkilat var?! Belə idisə, o zaman sual yaranır: niyə 16 il əvvəl bu adda təşkilatın qeydiyyatdan keçirilməsinə icazə verildi? Bilirsiniz, bütün bunların hamısı ucuz arqumentlərdir. Verilən qərarın arxasında siyasi səbəblər dayanır. Məsələ bu dərəcədə aydındır. Siyasi səbəblər olmasaydı, o zaman belə bir qərar qəbul olunmazdı". Vidadi ORDAHALLI