Moskvada fəaliyyət göstərən "Qazax diasporu"nun Moskva Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Trend"ə verilən məlumata görə, məsələ ilə bağlı öz fikrini bildirməyi vacib sayan bəyanat müəllifləri bildirir ki, Rusiyada nüfuzlu ictimai təşkilatlardan biri kimi ÜAK-la yarandığı gündən əməkdaşlıq edilib:
"Təşkilat fəaliyyət göstərdiyi müddətdə xalqlar arasında dostluq ənənələrinin və Rusiya, eləcə də keçmiş ittifaqın digər respublikalarının xalqları arasında anlaşmanın qorunub saxlanmasında, dövlətlər arasında konstruktiv əməkdaşlığın inkişafında maraqlı olub".
Rusiya Ali Məhkləməsində təşkilatın qeydiyyatının ləğvinin təəssüf doğurduğunu vurğulayan Qazaxıstan diasporunun nümayəndələri qeyd edir ki, baş verənlərin arxasında postsovet məkanındakı dövlətlər arasında anlayışın qorunmasında maraqlı olmayan və Rusiya ilə Azərbaycan, ruslarla azərbaycanlılar arasında münasibətlərə xələl gətirməyə çalışan qüvvələr dayanır.
Rusiyadakı Qazaxıstan diasporunun nümayəndələri hesab edir ki, Rusiya vətəndaş cəmiyyətinin subyekti olaraq ÜAK-ın ləğvi məsələsi vətəndaş sektorunda əməkdaşlığa və xalqlar arasında anlaşmanın, dostluğun möhkəmlənməsinə kölgə sala bilər.
Belarus Azərbaycan İcmaları Konqresi Rusiyanın dövlət orqanlarına müraciət etdi
Belarusdakı Azərbaycan İcmaları Konqresi Rusiya Prezidentinin Administrasiyası, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi, Rusiya Federasiyasının Ali Məhkəməsinə bəyanat ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Trend"ə verilən məlumata görə, "Azərbaycan İcmalar Konqresi" Beynəlxalq İctimai Birliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar dərin narahatlığını ifadə edib. Bəyanatda bildirilir: "Bizim üçün sirr deyil ki, bütün bu təxribat xarakterli fəaliyyətin arxasında Rusiya və Azərbaycan arasındakı dostluq münasibətlərinə xələl gətirən insanlar və təşkilatlar dayanır. Azərbaycan İcmalar Konqresi uzun illərdir ÜAK ilə əməkdaşlıq edir. On ildən artıqdır fəaliyyət göstərən təşkilat ikitərəfli əlaqələrin möhkəmləndirilməsi işində özünəməxsus körpü rolunu oynayır".
Bəyanatda həmçinin vurğulanır ki, ÜAK öz fəaliyyətini hər zaman Rusiya Federasiyası qanunvericiliyi çərçivəsində qurub. Öz fəaliyyəti çərçivəsində ictimaiyyəti doğma vətənin milli, mədəni və mənəvi dəyərləri ilə yaxından tanış edib: "Biz, Belarus azərbaycanlıları respublikamızın müxtəlif diaspor nümayəndələri ilə birgə rus diasporu ilə dostluq münasibətləri saxlayır və birlikdə çoxsaylı aksiyalar həyata keçiririk. Heç bir şey bizim qardaşlıq münasibətlərimizə təsir edə bilməz".
Baybakov Fondu ÜAK-ın ləğvini ciddi siyasi və strateji səhv adlandırdı
Rusiya paytaxtında fəaliyyət göstərən N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar Ali Məhkəməyə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bu ilin aprelində Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və bununla əlaqədar hər iki ölkə başçısının qarşılıqlı ismarışları xatırladılır. Qeyd olunur ki, prezidentlər ölkələr arasında strateji tərəfdaşlığın gələcəkdə də inkişafına əminliklərini bildirib, bu münasibətlərin, çoxşaxəli fəaliyyətin bundan sonra da regionda sülh, sabitlik və tərəqqiyə, xalqların mənafeyinə xidmət edəcəyini vurğulayıblar: "Bütün bunların fonunda Rusiyanın ən böyük ictimai təşkilatının, o cümlədən bizim də 15 ildir əməkdaşlıq etdiyimiz ÜAK-ın qeydiyyatının RF Ali Məhkəməsi tərəfindən ləğvi dərin təəssüf doğurur. Ümumrusiya Azərbaycan Konqresi fəaliyyət göstərdiyi müddətdə Rusiya Federasiyasının qanunlarına riayət edib. Sosial-siyasi sabitlik, Rusiyanın siyasi sisteminə sədaqət, Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi ÜAK-ın prioritet vəzifələri olub".
N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu hesab edir ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi haqqında qərar ciddi siyasi və strateji səhvdir: "Biz ümid edirik ki, Rusiya rəhbərliyi ölkənin ən böyük ictimai təşkilatının - ÜAK-ın fəaliyyətinin bərpasına dəstək olmaq üçün bütün tədbirləri görəcək".
Gürcüstan azərbaycanlıları da ÜAK-ın ləğvinə dair qərara etiraz etdi
Rusiya Federasiyası Ali Məhkəməsinin Ümurusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair qərarını Gürcüstanda yaşayan soydaşlarımız etirazla qarşılayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi və bu ölkədə fəaliyyət göstərən Azərbatycanlıların Mədəniyyət Mərkəzi bəyanat yayaraq narahatlıqlarını bildiriblər.
Bəyanatlarda Azərbaycan-Rusiya münasibətlərinin həmişə yüksək səviyyədə olduğu, bütün sahələrdə səmərəli əməkdaşlıq əlaqələri inkişaf etdiyi və bu münasibətlərə iki ölkə prezidenti arasındakı qarşılıqlı anlaşma və dostluq əlaqələrinin təsiri vurğulanır. Buna baxmayaraq, Rusiyanın bəzi anti-Azərbaycan dairələrinin, dövlət orqanlarındakı ermənipərəst şəxslərin, habelə bu ölkədəki erməni lobbisinin Azərbaycan xalqına və dövlətinə qarşı təxribat xarakterli fəaliyyətini davam etdirdiyi vurğulanır.
Gürcüstan azərbaycanlıları hesab edir ki, ÜAK-ın qeydiyyatının ləğvinin arxasında da məhz bu qüvvələr dayanır və onların məqsədi Rusiya ilə Azərbaycanın münasibətlərini imtahana çəkməkdir.
Gürcüstandakı Azərbaycan icması, azərbaycanlıların birləşdiyi diaspor təşkilatları, ziyalılar, media qurumları və QHT-lər RF Ali Məhkəməsini xalqlarımızın dostluq münasibətlərinə kölgə sala biləcək təxribat xarakterli bu qərarı ləğv etməyə çağırır.
ÜAK-ın ləğvi nə Rusiya, nə də Azərbaycanın maraqlarına uyğundur
"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi siyasi qərardır, nə Rusiyanın, nə də Azərbaycanın maraqlarına uyğundur". Agentliyə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat vurğulayıb ki, Rusiyadakı bəzi siyasi texnoloqlar yanlış strateji düşüncəyə sahibdir: "Hələ də qonşu ölkələrlə üfiqi deyil, şaquli münasibətlərin qurulmasını vacib hesab edirlər. Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəyə çatması böyük diplomatik səylər və güclü siyasi iradə sayəsində mümkün olub. Bu münasibətlərin qorunması Azərbaycan üçün nə qədər vacibdirsə, Rusiya üçün də bir o qədər vacibdir".
H.Babaoğlu vurğulayıb ki, Azərbaycan öz geostrateji mövqeyi ilə Cənubi Qafqazda Rusiyanın çox vacib tərəfdaşıdır və bu tərəfdaşlıq iqtisadi, siyasi, hərbi, sosial sferaları əhatə edir: "Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirib və münasibətlərdə qarşılıqlı dəstək ruhu hökm sürüb. Rusiya eyni zamanda postsovet məkanında ən qanlı münaqişə kimi xarakterizə olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Rusiya regionun gələcəyi ilə bağlı qəbul edilən qərarlarda məsuliyyət daşıyan güclü regional aktordur. Bu kimi qərarlar isə Rusiya-Azərbaycan münasibətlərini korlaya bilər. Bu, iki ölkə arasındakı siyasi dialoq və siyasi tərəfdaşlığın ruhuna ziddir. Görünür, hansısa qüvvələr bu münasibətləri korlamaqda maraqlıdır".
Deputat hesab edir ki, Rusiyanın bəzi antiazərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirir "ÜAK-ın ləğvi üçün göstərilən əsaslar tam subyektiv olub. Məsələn, təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi, yaxud rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması hər hansı qurumun ləğvi üçün yetərli olmayan "dəlillərdir". Görünür, Rusiyada antiazərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışır. Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın azərbaycanəsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərdə körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir. Ona görə də bu təşkilatı ləğv etmək iki ölkə arasında mövcud olan körpünü dağıtmaqdır. Bunda isə yalnız Rusiyanı və Azərbaycanı sevməyən qüvvələr maraqlı ola bilər. Bu qüvvələr də erməni lobbisi və Rusiyada bu lobbinin fəaliyyətini dəstəkləyən marginal siyasi - istisadi qruplardır. Ümumiyyətlə, bəzi antiazərbaycançı mərkəzlər ÜAK-ı ölkəmizə qarşı siyasi təzyiq vasitəsinə çevirmək istədilər, ancaq buna nail ola bilmədilər. Rusiyadakı bəzi siyasi texnoloqlar Azərbaycanı sadəcə olaraq qonşu, Ermənistanı isə əsas müttəfiq və Qafqazdakı hərbi bazaları kimi görür. Ancaq faktlar və rəqəmlər, iqtisadi dövriyyə və beynəlxalq münasibətlərdə iki ölkənin əməkdaşlığı tamamilə fərqli reallığın olduğunu göstərir. Əlbəttə, belə əməkdaşlıq hər iki ölkənin maraqlarına uyğundur. Ona görə də Rusiyanın Ali məhkəməsi bu yanlış qərarını nə qədər tez düzəltsə, bir o qədər yaxşı olar".
ÜAK-ın ləğvi iki ölkə münasibətlərinin yaxşılaşmasından narahat olan qüvvələrin sifarişidir
Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi narahatlıq doğurur. Bunu isə millət vəkili Tahir Mirkişili deyib.
O qeyd edib ki, bu qərar Rusiya - Azərbaycan münasibətlərinin yaxşılaşmasından narahat olan qüvvələrin sifarişidir: "Bu qurumun məqsədi Rusiya - Azərbaycan əlaqələrinin yaxşılaşmasına dəstək verməkdən ibarət olub. Bu qurum təkcə Rusiyada yaşayan azərbaycanlıların birliyi deyil. Konqres həm Rusiya, həm də Azərbaycan ziyalılarını birləşdirən bir platformadır. Düzdür, bu qərar Rusiyanın daxili işidir. Amma qurumun qeydiyyatının ciddi bir səbəb olmadan ləğv edilməsi təbii proses kimi qəbul edilə bilməz. Rusiya qanunlarına görə, ölkə ərazisində fəaliyyət göstərən hər hansısa bir qurumun sənədlərindəki çatışmazlıqlar Rusiyanın maraqlarına ziddirsə, bu halda həmin qurumun fəaliyyəti dayandırıla bilər. Ölkə maraqlarına zidd deyilsə, təşkilatın sənədləri qanuna uyğun şəklə salınmalıdır. ÜAK-ın fəaliyyət göstərməsi üçün çatışmayan sənədlər də Rusiyanın maraqlarına heç bir xələl gətirmir".
T.Mirkişili hesab edir ki, Rusiyada yaşayan azərbaycanpərəst qüvvələr və Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasına xidmət edən şəxslər iki ölkənin çoxtərəfli əlaqələrini rəhbər tutaraq bəlli olmayan səbəbdən bu qurumun ləğv edilməsinin qarşısını alacaq.