Qabil Hüseynli: "Üstüörtülü formada elə təklif edirlər ki, "yox" deyən tərəf biz olaq"
Ermənistan prezidenti Serj Sarkisyan yenidən sərsəm bəyanatları ilə gündəmdədir. O bildirib ki, aparılan sülh danışıqlarında vəziyyət fərqlidir və masanın üzərində Kazan prinsipləri var. Prezidentin bu açıqlamasını özünəməxsus şəkildə şərh edən erməni mediası bildirir ki, Sarkisyanın bu bəyanatı Ermənistanın Madrid prinsiplərindən imtina etdiyi anlamına gəlir. Ermənistan Madrid prinsiplərindən niyə imtina etmək istəyir və bu mümkündürmü?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, ermənilər hiylə işlədərək bizi pis vəziyyətə qoymağa çalışır: "Bundan əvvəl də Ermənistanın xarici işlər naziri oxşar bəyanatla çıxış edib. Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündən əvvəl razılaşdırılmış prinsiplərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda əsas kimi götürülə biləcəyi qeyd edilirdi. Həmin sənədə əsasən, əvvəlcə tənzimlənmənin əsas prinsipləri imzalanmalı, daha sonra isə Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh sazişi üzərində işə başlamalıdır.
İrəvan Dağlıq Qarabağ ətrafındakı rayonlardan işğalçı qoşunlarını çıxarmalıdır. Bu ərazilərə Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndi daxildir. Həmin ərazilərdə təhlükəsizliyin qorunması beynəlxalq sülhməramlı qüvvələrə həvalə olunur. Laçın rayonunda Ermənistanla Qarabağı birləşdirən dəhliz yaradılır.
Kazan danışıqlarının sənədini heç kim bilmir. Çünki bu, ictimaiyyətə açıq olmayan gizli sənəddir. Kazan görüşündən əvvəl Azərbaycan tərəfi hər nə qədər prinsiplər qarşısında həvəsli davranırdısa, Ermənistan isə əksinə davranırdı. Kazanda Azərbaycan tərəfi neqativ bir sürprizlə qarşılaşdı. Belə ki, Azərbaycanın ümumi razılığını almadan Madrid prinsiplərinə Ermənistanın istədiyi çox kritik modifikasiyalar etmişdilər. Bu sənəddən sonra Azərbaycan tərəfi danışıqlar masasını tərk etdi və yeni prinsiplərin necə olacağını onlara göstərdi. Kazan görüşündə ortaya atılan sənəd Madrid prinsiplərinin ən ermənipərəst halda ortaya qoyulması idi".
Politoloq qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda iki əsas məsələ var: "Bunlardan ən başlıcası Dağlıq Qarabağın statusu məsələsidir. Ermənilər deyir ki, referendumun tarixi dəqiq göstərilsin və səsvermə Dağlıq Qarabağın erməni əhalisi arasında keçirilsin. Onlar bilir ki, erməni əhali ultramillətçi ab-havası ilə 10 il sonra da Dağlıq Qarabağın müstəqilliyinə səs verəcək. Azərbaycan isə bu şəkildə Dağlıq Qarabağı itirmək istəmir.
İkincisi, ilk baxışdan az əhəmiyyətli görünən sülhməramlı qüvvələrin kimdən ibarət olmasıdır. Azərbaycan sülhməramlıların ATƏT-in Minsk Qrupunun üzvlərinin olmasını istəmir. Əsasən də bir üzvə görə bunda maraqlı deyil. Çünki həmin üzv girdiyi yerdən bir daha çıxmaq istəmir. Ermənistan üçünsə bu məsələ əhəmiyyət daşımır. Böyük ehtimalla, Kazandakı danışıqlarda bizim qarşımıza qoyulan sənəddə status məsələsində elə bir hal vardı ki, Dağlıq Qarabağı labüd olaraq ermənilərə verirdik. Yəni status məsələsində referendumun konkret tarixi göstərilirdi. Bu o demək idi ki, Dağlıq Qarabağ həmin tarixdə Ermənistana veriləcək. Hesab edirəm ki, bütün bunlar spekulyasiyadır. Heç kim Kazandakı danışıqlarda müzakirə olunan sənədlərdə nəyin qeyd olunduğunu bilmir. Çünki gizli idi. Ermənistan tərəfi bilir ki, Kazandakı sənəd Azərbaycana sərf etmir, əksinə, ermənilərin mövqeyini müdafiə edir. Düşmən tərəfi, əslində, danışıqlara hazırıq, amma bizim istədiyimiz kimi edək fikrini ortaya atır. Onlar bilir ki, Azərbaycan buna etiraz edəcək. Qarşı tərəf hiylə işlədərək, diplomatik olaraq bizi pis vəziyyətə qoymağa çalışır. Bununla rəy yaratmağa çalışırlar ki, Kazan sənədləri əsasında danışıqları davam etdirməyə hazırıq, amma Azərbaycan buna hazır deyil. Yəni üstüörtülü formada elə təklif edirlər ki, "yox" deyən tərəf biz olaq. Kazan prinsipləri Madrid prinsipləri başlayandan bəri gəlinən ən xoşagəlməz nöqtələrdən biri sayılır. Ona görə də, böyük ehtimalla, Azərbaycan tərəfi Kazan prinsipləri əsasında münaqişənin həllinə "yox" deyəcək".
Məhəmmədəli QƏRİBLİ