Üzeyir Cəfərov: "İtkilərin gizlədilməsi yalnız bürokratik müdaxilələr vasitəsilə mümkün olur"
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan cəbhədə baş verən toqquşmalar zamanı canlı qüvvə itkilərini gizlədir: "Daxili ictimai-siyasi vəziyyətin gərginləşməsi və cəmiyyətin son zamanlar onsuz da nüfuzdan düşmüş orduya qarşı nifrətinin artacağından ehtiyat edən Ermənistanın hərbi-siyasi rəhbərliyi orduda baş verən ölüm hallarının sayını təhrif etməklə, əvvəlki illərdə olduğu kimi, həqiqəti ölkə ictimaiyyətindən gizlətməyə davam edir".
Bu il ərzində Ermənistan silahlı qüvvələrində 26 ölüm halının qeydə alındığı barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirən nazirlikdən qeyd ediblər ki, aparılan araşdırmalara əsasən, 2017-ci ilin yanvar ayından hazırkı dövrə qədər Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi şəkildə göstərildiyi kimi 26 deyil, 50 nəfərə yaxındır: "Bunu sübut etmək üçün ordudakı itkilərlə bağlı cari il ərzində Ermənistan KİV-lərinin dərc etdiyi materialları izləmək kifayət edər. Hələ bu da Ermənistan ordusundakı itkilər barədə tam həqiqəti əks etdirmir. Nəzərə alsaq ki, işğal olunmuş ərazilərimizdə yaşayan ermənilərdən olan çağırışçılar və buraya dünyanın müxtəlif qaynar nöqtələrindən cəlb edilən erməni əsilli muzdluların qeydiyyatı aparılmır, bu rəqəm xeyli dərəcədə artıqdır".
Ermənistan itkilərinin sayını niyə və necə gizlədir?
Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, cəbhədə vəziyyət sanki havaların isinməsi ilə paralel daha da gərginləşir və qızışır: "Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfi sərt şəkildə xəbərdar etmişdi. Düşmənin istənilən hərbi obyekti, texnikası və şəxsi heyəti ön mövqelərimizdə yerləşən qoşunlarımıza hər hansı maneçilik törədəcəyi təqdirdə məhv ediləcək. Çox sevindirici haldır ki, düşmən nə qədər öz uğursuzluğunu ört-basdır etmək istəsə də, ordumuzun ortalığa qoyduğu fakt onları daha da rəzil duruma saldı. Ermənilər kasad olan silah və sursatları içərisində, köhnə model olmasına baxmayaraq, hələ də bir çox ölkələrdə istifadə edilən "OSA ZRK"nı itirdiklərinə görə çox narahat və qisas hissi ilə yatıb-dururlar. Bizə heç bir narahatlığı yoxdur, işimiz haqq işidir və heç bir qüvvə mane ola bilməz. Tezliklə düşmənin havadarlarını məcbur edəcəyik ki, Azərbaycanın halal haqqına hörmətlə yanaşaraq, Qarabağın işğalçılardan azad olunması barədə tədbir görsünlər. Əks halda bundan sonra gözləməyə nə haqqımız, nə də səbrimiz çatır. Ermənilər, həmişə olduğu kimi, itkilərini bu dəfə də ciddi-cəhdlə gizlətməyə çalışır. Ermənistanın itkilərini gizlətməsinin səbəbi əhali arasında narazılığın artmasının qarşısını almaqdır. Çünki itkilər barədə dəqiq məlumatın verilməsi Ermənistan cəmiyyətində böyük narazılığa səbəb olur. Bu yaxınlarda erməni anaları aksiya keçirərək övladlarının məhz Qarabağda ölməsinə etiraz edib. Ermənilər bunu necə bacarır sualına gəldikdə isə, bu, ölkədəki demokratik institutların zəif işləmsilə bağlıdır. Avtoritar üsullarla idarə olunan ölkədə mətbuat və QHT-lərə belə məlumatları ictimailəşdirməməklə bağlı sərt şəkildə tapşırıq verilib. Ancaq monitorinq aparanda görünür ki, hətta əsgər ölümləri barədə icazəli verilən məlumatlarla Ermənistanın Müdafiə Nazirliyinin açıqladığı rəqəm arasında kəskin fərq var. İtkilərin gizlədilməsi yalnız bürokratik müdaxilələr vasitəsilə mümkün olur".
Məhəmmədəli QƏRİBLİ