Türkiyə və ABŞ arasında Yaxın Şərqdə terror təşkilatlarına münasibət üzündən yaranan gərginlik gedərək daha təhlükəli xarakter almağa başlayır. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a son səfəri də bu məsələdə hansısa ciddi dəyişikliyə səbəb olmayıb. Belə görünür ki, ABŞ PKK terror təşkilatına bağlı olan PYD və YPG-ni dəstəkləməyə, Türkiyə isə onlara hərbi zərbələr endirməyə davam edəcək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu xüsusda ABŞ-ın siyasətinin ciddi narahatlıq yaratdığını bildirir: "Bundan əlavə, ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makkörk PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-yə dəstək verir. Makkörk Obama dövründə bu vəzifəyə gətirilib. Bu adamın dəyişdirilməsində fayda var. Adam terror təşkilatına açıq şəkildə dəstək verir. Biz Tramp hökumətinə bunu söylədik. Onun orada olması Amerika ilə münasibətlərimizə təsir edə bilər".
Amma ABŞ Müdafiə Nazirliyi Pentaqon rəhbəri Ceyms Mattisin adından verdiyi açıqlamada bildirir ki, PYD ilə işbirliyi davam edəcək. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Conatan Koen isə diqqətə çatdırır ki, ABŞ-ın YPG və PYD ilə əlaqəsi taktikidir: "Savaşın yaratdığı şərtlərə görə YPG ilə əlaqə qurmuşuq. Çünki Suriya Demokratik Gücləri Rakkanın İŞİD terror qruplaşmasından azad edilməsində əhəmiyyətli rola sahibdir. YPG ilə əlaqəmiz taktikidir". Amma Türkiyə YPG-nin yer alacağı Rakka əməliyyatına qəti şəkildə qarşı çıxır.
Rəcəb Tayyib Ərdoğan bildirir ki, ABŞ Suriyanın Rakka şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatlarında YPG-nin iştirakına qərar verdiyi üçün Türkiyə bu əməliyyatda iştirak etməyəcək: "Biz ABŞ-a dedik ki, Rakkada terror qruplaşması ilə əməkdaşlığa düzgün qərar kimi baxmırıq... Zənn edirəm ki, onlar Suriya məsələsi üçün qapımızı döyəcəklər". Ərdoğan onu da deyib ki, YPG hücum edəcəyi təqdirdə, Ankara digər ölkələrin rəyini nəzərə almadan birtərəfli qaydada cavab tədbirləri görmək hüququnu özündə saxlayır: "ABŞ Rakka mövzusunda qərarını artıq verib. Bizim də özlərinə söylədiyimiz budur: Mövcud vəziyyətdə qəti şəkildə sizinlə birlikdə ola bilmərik, Rakkada terror təşkilatı ilə iş birliyinizi düzgün qəbul etmirik. Özlərinə də açıq şəkildə bildirdik ki, YPG və PYD Türkiyəyə hücum edərsə, heç kimə soruşmadan vurulacaq. Heç kəsdən soruşmadan hərəkət edəcəyik. Biz bunu Cerablusda etdik, Əl-Babda da etdik. Türkiyə nə edə biləcəyini nümayiş etdirdi. "Terror təşkilatlarını bir kənara qoyun, gəlin terrorla mübarizəni birlikdə aparaq", - dedim. Təəssüf ki, buna yanaşmadılar". Ərdoğanın sözlərinə görə, Rakkanın İŞİD-dən azad edilməsində YPG-dən istifadə etmək kürdlərlə yerli xalq olan ərəbləri bir-birilə vuruşdurmaq deməkdir. O qeyd edib ki, ABŞ müttəfiqlik öhdəliklərini yerinə yetirməsə, Türkiyə milli təhlükəsizliyi və maraqları üçün lazım olan bütün addımları atacaq. Bu fonda gözlənir ki, Türkiyə Rusiya ilə daha çox yaxınlaşacaq. Xatırladaq ki, Ərdoğan ABŞ-a səfərindən iki həftə əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Burada tərəflər bir çox məsələlər üzərində razılığa gəliblər. Rusiyanın Suriyanın ərazi bütövlüyünü dəstəkləməsini bəyan etməsi isə Türkiyəyə görə o anlama gəlir ki, Moskva Yaxın Şərqdə kürd dövlətinin yarardılmasını istəmir. ABŞ isə əks mövqedən çıxış edir. İndi belə fikirlər səslənir ki, əslində ABŞ və Avropa İttifaqı Türkiyəni Rusiyadan və İrandan uzaqlaşdırmaq üçün Ankaraya PKK-nın ideyalarını dəstəkləyənlər vasitəsilə təzyiqlər edir. Bununla əslində Qərb NATO üzvü və beynəlxalq təşkilatlarda müzakirə edilən bir çox məsələlərə münasibətdə eyni mövqedən çıxış edən müttəfiqinin ərazisini parçalamaq istəyənləri dəstəkləyir, eyni zamanda onların vasitəsilə Türkiyəyə təzyiqlər edir. Amma bu təzyiqlərin də istənilən nəticəni verməsi sual alatındadır. Yaranmış vəziyyətdən istifadə etməyə çalışan Moskva Ankaranın terrorçulara silah verilməməsi tələbində haqlı olduğunu bəyan edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransı zamanı ABŞ-ın kürd qüvvələrə silah göndərməsi məsələsini şərh edərkən bu xüsusda bildirir ki, xaricdən göndərilən bütün silahlar qanuni Suriya hökumətinə çatmalıdır: "Rusiya, Yaxın Şərq də daxil olmaqla, silah ixracında bu qaydanı əsas tutur. Bu dəyişməz qanundan imtina etməmək lazımdır". Xatırladaq ki, ABŞ Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üçün kürd silahlılarına silah-sursat tədarük edəcək. ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın sözçüsü, polkovnik Con Dorrian PYD-yə veriləcək silahların bir hissəsinin Suriyada olduğunu və İŞİD-ə qarşı mübarizədən sonra onların geri alınmayacağını bildirib. Ankara isə bunun yolverilməz olduğunu bəyan edir.
Tahir TAĞIYEV