Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK ) qeydiyyatının ləğvi onu göstərir ki, Rusiyada yaşayan, ona sığınan insanların hüquqları qorunmaya da bilər. Bunu "Trend"-ə Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, bu addım istər-istəməz Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcək: "Heç zaman Azərbaycan, azərbaycanlılar tərəfindən Rusiya dövlətçiliyinə arxadan zərbə vurulmayıb. Amma başqa xalqların nümayəndələri üçün bunu deyə bilmərik. Bu, məhz həmin ənənələrə söykənən Rusiya-Azərbaycan dostluğuna xələl gətirə, münasibətlərdə istər-istəməz soyuqluq yarada bilər. Rusiya bizim üçün tərəfsiz dövlət olmalıdır. Çünki Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Rusiya bu gün Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın 60 illik yubileyi ilə əlaqədar böyük bayram tədbiri keçirirsə və Rusiya Prezidenti Vladimir Putin ona təbrik məktubu göndərirsə, Azərbaycana isə bu cür münasibət göstərirsə, bu, artıq Rusiyanın tərəfsiz olmadığını göstərir. Bu da bu ölkəni Cənubi Qafqazda nüfuzdan sala, Cənubi Qafqazla bağlı müəyyən problemlər yarada bilər. Məncə, bu məsələ gündəmə gələ bilər".
Deputat qeyd edib ki, Rusiya çoxmillətli bir dövlətdir və orada yaşayan xalqların da birləşdiyi qurumlar var: "Bu addımla Rusiya vətəndaşlarının birləşmək azadlığının qorunması prinsiplərini pozur. Rusiyada çoxsaylı diaspor təşkilatları var. ÜAK-ın ləğvi Rusiyada hansısa bir xalqın diaspor təşkilatının bağlanılması ilə nəticələnən ilk addımdır. Əminəm ki, Rusiya tərəfi bu məsələləri ciddi araşdıracaq, hüquqa söykənərək ÜAK-ın ləğvi ilə bağlı qərarını dəyişəcək".
Rusiyada yaşayan azərbaycanlıların ölkənin iqtisadi durumunun yaxşılaşmasında önəmli rol oynadıqlarını və heç zaman separatcı mövqe tutmadıqlarını vurğulayan Ə.Amaşov hesab edir ki, həmin insanlar bununla özlərinin hüquqlarının pozulduğunu hiss edəcəklər: "Bu məsələdə biz erməni faktorunu da mütləq diqqətdə saxlamalıyıq. Aprel döyüşlərindən əvvəl və sonra da erməni ekspertləri dəfələrlə vurğulayıblar ki, Rusiya-Azərbaycan münasibətləri soyuq, Rusiya-Ermənistan münasibətləri daha isti olmalıdır. Onlar həm öz əlaqələri, həm də diaspor təşkilatları vasitəsilə münasibətlərin soyuması üçün işlər gördülər. Eyni zamanda, Rusiyada hakimiyyətdə olan antiazərbaycan qüvvələri ilə əməkdaşlığı möhkəmlətdilər. Biz də həmin nəticənin şahidi olduq".
Ə.Amaşov hesab edir ki, Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın ləğvi üçün əsas götürülən texniki səbəblərin aradan qaldırılmasına çalışmalı idi: "ÜAK-ın prezidenti Fazil Qurbanov çıxış edərək bildirib ki, burada sırf texniki xətalardan söhbət gedə bilər. Bu xətalar ondan ibarətdir ki, konqresin adı niyə Ümumrusiya Azərbaycanlıları Konqresidir. Guya ki, adı fəaliyyətinə uyğun gəlmir, iclaslar gec keçirilir və s. Ədliyyə Nazirliyi təşkilatların belə səhvlərini düzəltməyə çalışmalıdır. Son 4 ayda həyata keçirilən araşdırmalar isə birmənalı qaydada səhvlərin düzəldilməsinə deyil, əlavə səhvlərin axtarılmasına yönəldi. Nəticədə Rusiya Ədliyyə Nazirliyinin məktubu məhkəmədə əsas götürüldü və konqres ləğv olundu".
Şimali Kipr televiziyasında ÜAK-ın ləğvi ilə bağlı müzakirə aparıldı
Şimali Kiprin yüzdən artıq ölkədə yayımlanan "Gənc TV" kanalında "Həftəyə baxış" analitik proqramının növbəti buraxılışı "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə həsr olunub. "Trend"-in məlumatına görə, proqram Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşəbbüsü ilə ərsəyə gəlib.
Doktor Güvən Arıqlının canlı apardığı verilişdə AKDC-nin sədri Orxan Həsənoğlu ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb. O, Azərbaycanın son illərdə onlarla belə beynəlxalq səviyyəli yarış və tədbirə uğurla ev sahibliyi etdiyini tamaşaçıların diqqətinə çatdırıb. Qeyd edib ki, ölkə başçısı İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycana olan beynəlxalq etibarı və inamı artırıb. 54 ölkədən üç minə yaxın idmançının Azərbaycana gəlməsinin heç də təsadüf olmadığına diqqət çəkən O.Həsənoğlu belə yüksək səviyyəli tədbirlərin davamlı olacağını bildirib.
Proqramda, həmçinin, bir neçə gündür dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın ciddi narahatlığına səbəb olmuş Rusiya Federasiyası Ali Məhkəməsində ÜAK-ın qeydiyyatının ləğv edilməsi də müzakirə olunub. AKDC sədri bildirib ki, bu gün Rusiyada yaşayan milyonlarla azərbaycanlının səsi olan bir təşkilatın bağlanması doğru deyil: "Rusiya ilə strateji müttəfiq sayılan ölkəyik. Digər tərəfdən isə, həmin ölkədə yaşayan soydaşlarımız Rusiya vətəndaşıdır. Rusiyanın əslində öz vətəndaşlarının təmsil olunduğu bir təşkilatı bağlaması həmin ölkə vətəndaşlarının hüquqlarının pozulması deməkdir".
Verilişdə diaspor rəhbəri O.Həsənoğlu aparıcının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarını da cavablandırıb.
ÜAK-ın ləğvinə siyasi qərar deyənlər daha çoxdur...
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi siyasi qərardır. Bunu "Trend"-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı qərarın verilməsinin məqsədi Azərbaycana təzyiq nümayiş etdirməkdir: "Bu, həm də Rusiyada etnik və dini azlıqlarla necə davranıldığını və onların haqlarının kobud surətdə pozulduğunu bütün dünyaya göstərir. Rusiya öz siyasətində ciddi dəyişiklik etməlidir".
ÜAK-ın qeydiyyatının ləğvini çox sərt qərar sayan A.Mollazadə əlavə edib ki, Rusiya mütləq bu qurumun qeydiyyatını bərpa etməlidir: "Bu, iki ölkə arasında olan münasibətlərə xələl gətirir. Azərbaycanda bu qərar çox təəssüflə qəbul olundu. Əslində, bu gün Azərbaycanda Rusiyanın onlarla qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu da cəmiyyətdə ciddi suallar doğurur ki, bəs onda onların fəaliyyəti hansı hüquqi əsaslarla mümkün olub? Mənə elə gəlir ki, Rusiya öz qərarlarından geri çəkilməlidir".
"AzərRos" oyuncaq, ÜAK isə ləğv edilir...
"Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna zidd qərardır və bu qərarın münasibətlərə mənfi təsiri olacaq". Bunu APA-ya açıqlamasında mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv edilməsinə münasibət bildirən millət vəkili, politoloq Rasim Musabəyov deyib. O, ÜAK-ın qeydiyyatının ləğvinin səbəbini də açıqlayıb: "Rusiyanın öz oyuncaq təşkilatı - "AzərRos" var. Nüfuzlu ziyalıların, insanların isə hamısı ÜAK-a üz tutub, əsas maliyyə imkanları da məhz ÜAK-da cəmlənir. "AzərRos" havada qalıb. Rusiyada diaspor təşkilatlarını daha çox Azərbaycana təsir etmək üçün düşünürlər, diasporun maraqlarının təmsil olunması o dərəcədə də maraqlandırmır. ÜAK-dan istədikləri kimi manipulyasiya edə, Azərbaycanın daxili işlərinə qarışmaq üçün istifadə edə bilmirdilər. İndi istəyirlər ÜAK-ı aradan götürsünlər ki, nüfuzlu insanlar da, maliyyə də öz oyuncaq təşkilatlarına yönəlsin. Onlar da lazım gələndə həmin təşkilatın nümayəndələrini televiziyaya çıxarıb Azərbaycanın daxili işlərinə qarışmağa, istəyəndə Türkiyəni hədəf seçməyə nail olsunlar. ÜAK-ın qeydiyyatının ləğvində məqsəd budur".
R.Musabəyov qeyd edib ki, ÜAK-ın qeydiyyatının bərpası üçün bütün addımlar atılmalıdır: "İlk növbədə hüquqi müstəvidə addımlar atılmalıdır. Rusiya Ali Məhkəməsinin Kollegiyasına apellyasiya şikayəti verilməlidir, Rusiya Konstitusiya Məhkəməsinə də müraciət olunmalıdır. Çünki Rusiya Konstitusiya Məhkəməsinin vaxtilə buna bənzər bir məsələ ilə bağlı qərarı olub ki, formal, bürokratik əsaslara görə ictimai təşkilatları, partiyaları bağlamaq olmaz, onların qeydiyyatını ləğv etmək düzgün deyil. Hüquqi müstəvidə sona qədər mübarizə aparmaq lazımdır".
Millət vəkili ÜAK-ın bağlanmasının ilk növbədə Rusiyada yaşayan azərbaycanlıların maraqlarına toxunduğunu vurğulayıb: "Rusiyada 2 milyona qədər azərbaycanlı yaşayır. Ən azı 200 min azərbaycanlı Kremlə, Rusiya Ali Məhkəməsinə, Ədliyyə Nazirliyinə məktubla müraciət etməli, etirazlarını, şikayətlərini bildirməlidir. Rusiyada məmurlar hiss etməlidirlər ki, insanların hissləri ilə bu cür kobud formada oynamaq olmaz. Rusiyada yaşayan azərbaycanlılar sakit oturaraq Azərbaycan dövlətinin bütün məsələləri həll edəcəyini gözləyəcəklərsə, bu düzgün deyil. Digər tərəfdən, Azərbaycanın müvafiq qurumları - parlament, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası və Diasporla İş üzrə Dövlət Komitəsi öz xəttilə bütün imkanları səfərbər etməli, Rusiyadakı tərəfdaşlara çatdırmalıdır ki, ÜAK-ın qeydiyyatının ləğvi barədə qərar Azərbaycanda çox mənfi qəbul edilib, məsələ belə qaldığı halda ikitərəfli münasibətlərə xələl gətirəcək".
Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov isə APA-ya açıqlamasında bildirib ki, ÜAK tipli təşkilatlar Azərbaycan və Rusiya arasında qonşuluq münasibətlərinin inkişafına xidmət edir: "Təəssüf ki, Rusiyada müəyyən antiazərbaycan dairələri, xüsusilə də ermənipərəst qüvvələr hər zaman Azərbaycan və Rusiya arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə çalışıblar. ÜAK Rusiyada azərbaycanlıların ən böyük diaspora təşkilatıdır. ÜAK-ın rəhbərliyindəki şəxslərin Rusiya cəmiyyətinə çox ciddi təsir imkanları mövcuddur. Ona görə də ÜAK hədəf seçilib. Rusiyadakı anti-Azərbaycan qüvvələrinin məqsədi odur ki, iki dövlət arasında münasibətləri pozsunlar. Bütün diplomatik və hüquqi rıçaqlardan istifadə edərək ÜAK-ın qeydiyyatının bərpasına nail olmaq lazımdır".