Seyid Camal Əzimbəyli: "Bu sarıdan onların Azərbaycandan örnək götürməsi vacibdir"
Erməni Apostol Kilsəsi yenə öz missiyasından kənara çıxaraq, qərəzli siyasi bəyanatlar verməklə məşğuldur. Ermənistan KİV-inin yaydığı məlumatda qeyd olunur ki, kilsə Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttindəki hərəkətini pisləyir, Azərbaycanı atəşkəsi pozmaqda günahlandırır, bununla danışıqlar prosesini pozmaqda ittiham edir və bildirir ki, bu cür hallara son qoyulmalıdır.
Göründüyü kimi, Ermənistanda fəaliyyət göstərən dini qurum üzərinə düşən sülhün təbliği ilə məşğul olmaq, tərəfləri münaqişənin nizamlanmasına çağırmaq əvəzinə, sırf siyasi məzmunlu bəyanatlar verməklə məşğuldur və birmənalı şəkildə öz ölkəsini müdafiə edir.
Qeyd edək ki, Azərbaycanda dini qurum kimi fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsi heç vaxt analoji mövqedən çıxış etməyib.
Apostol Kilsəsinin bu cür mövqeyi dini normalara uyğundurmu?
Biz bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin mövqeyini öyrənməyə cəhd etsək də, qurum rəsmilərilə əlaqə yaratmağa nail ola bilmədik.
Şərqşünas Seyid Camal Əzimbəyli qəzetimizə bildirdi ki, Ermənistandakı dini qurum və onların dini liderlərindən dəfələrlə belə təfriqətçi bəyanatlar eşidirik: "Təbii ki, dindarların belə mövqe bildirməsi yolverilməzdir. Dində bildirilir ki, bütün səmavi dinlər bir-birilə qardaşdır. Bütün müqəddəs kitablarda haqq və ədalətin qorunmasının vacibliyindən danışılır. Biz isə erməni dindarlarının timsalında tamamilə bunun əksini görürük. Erməni kilsəsi gözəl bilir ki, onlar bizim torpaqlarımızı işğal edib. Öz vətəndaşlarını doğru yola dəvət etmək əvəzinə, onların qızışdırıcı mövqe ortaya qoyması çox təəssüfedicidir. Mən bunu dini normalara uyğun gəlməyən bir bəyanat sayıram. Bununla erməni dindarları öz siyasi rəhbərlərinin Allah qarşısında qazandığı günahlara özlərini də şərik edirlər. Bu sarıdan onların Azərbaycandan örnək götürməsi vacibdir. Bizim dövlətimiz belə məsələlərdə dözümlü və tolernat mövqe ortaya qoyur. Bir daha təsdiq olunur ki, işğalçılıq xislətinə ermənilərin dindarları da xirtdəyə kimi bulaşıb".
Məhəmmədəli QƏRİBLİ