Bu gün Ermənistanda xüsusi təşvişlə qarşılanan məsələlərdən biri də Azərbaycan və İsrail arasında dinamik inkişaf edən münasibətlərdir. Ermənistanda hesab edilir ki, bu vəziyyət İrəvanın Bakı qarşısında məğlub mövqeyini gücləndirən əsas faktorlardan biridir. Yaranmış durumda İsrailin Ermənistanla münasibətlərinin soyuq olması, yəhudi lobbisi ilə erməni diaspor qüvvələri arasında tez-tez yaşanan ziddiyyətlər də diqqətdən kənarda qalmır.
Məsələnin bu tərəfinə nəzər salan erməni politoloq İqor Muradyan qeyd edir: "Avropada, Rusiyada və ABŞ-da İsrailin dostları Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına imkan vermir. Bu gün İsrail İrandan sonra Ermənistanı özünün ikinci ən böyük düşməni hesab edir". Onun sözlərinə görə, İsrail və Rusiya arasında qarşılıqlı maraqların birləşdiyi çox nöqtə var: "Həmçinin, İsraili Türkiyə və Azərbaycanla da birləşdirən maraqlar mövcuddur. Türkiyə ilə iş daha mürəkkəb vəziyyətdədir, lakin Rusiya və İsrail Azərbaycanla sıx əməkdaşlıq edir. Hər şeydən öncə bu əməkdaşlıq hərbi sferadadır. İsrail Azərbaycana təkcə müasir silahlar satmır, həm də istehsalında İsrail firmalarının iştirak etdiyi Rusiya silahlarını Bakının almasına dəstək verir. İsrail-Türkiyə-Rusiya xətti Ermənistanı mühasirəyə alaraq, onun NATO və Avropa İttifaqı ilə yaxınlaşmasına imkan vermir. 1980-90-cı illərdən başlayaraq indiyə kimi erməni xadimləri Rusiyada məhz İsrailin dostlarının nəzarətindədir". İ.Muradyan qeyd edir ki, hazırda İsrail üçün ən aktual məsələ İranın mühasirəyə alınması və Tehranın ABŞ-la yaxınlaşmasının qarşısını almaqdır: "Bu proses İranla əlaqələr saxlayan Ermənistan üçün təhlükəlidir. Yaxın dövrdə İsrailin bizim ölkəmizə hücumları, güclü təzyiqləri baş verəcək. Nəticədə, Ermənistan tamamilə blokadaya düşəcək. Bu, acınacaqlı son deməkdir. Halbuki, Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə əlaqələrə önəm verərək vəziyyətdən çıxa bilərdi. Lakin bu baş vermədi".
Xatırladaq ki, hələ ötən ilin aprel müharibəsi zamanı Azərbaycanın İsraildən aldığı silahlardan erməni ordusuna qarşı istifadə etməsi İrəvanda ciddi narazılıqla qarşılanmışdı. İrəvan bu xüsusda İsrailə diplomatik xəbərdarlıq edərək Azərbaycanla hərbi əməkdaşlığa son qoymağa çağırsa da, sonda rədd cavabı aldı. Əksinə, İsrail bundan sonra da Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bəyan edir.
İsrailin Azərbaycandakı səfiri Den Stav bununla bağlı bildirir: "Azərbaycanla İsrail arasında əlaqələr əladır və mən bunu tam səmimi deyirəm". Səfir bildirib ki, iki ölkə və insanları arasında əlaqələrin intensifikasiyası mühümdür: "Azərbaycanda yaşayan yəhudilər heç vaxt ayrıseçkiliyə məruz qalmayıb və cəmiyyətin bir hissəsi kimi yaşayırlar". Diplomat əlavə edib ki, İsrail dövləti Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir. Ermənistana gəlincə, burada artan antisemitizm və faşizmin yenidən dirçəldilməsi İsraildə xüsusi narahatlıqla qarşılanır. Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin "News From Israel" informasiya-analitik portalına bu günlərdə verdiyi müsahibəsində qeyd olunan xüsusda çox maraqlı faktlara toxunub: "Bu gün danılmaz faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan qədər sıx və səmimi əlaqələri yoxdur. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ciddi geosiyasi və geoiqtisadi perspektivləri olan şəksiz liderdir. 25 il ərzində İsraillə Azərbaycan arasında çox ciddi strateji tərəfdaşlıq münasibətləri yaranıb. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. Özü də təkcə ona görə yox ki, bu ölkədə heç vaxt antisemitizm olmayıb və indi də yoxdur. Rəsmi Bakı başqa ölkələrdə antisemitizmin hər hansı təzahürlərini dəfələrlə pisləyib və yenə pisləyir".
A.Qut bildirir ki, Azərbaycandan fərqli olaraq, Ermənistan faşizmi dirçəldir: "Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun nüfuzlu alimi Moisey Bekkerə istinad etmək istərdim. Bir neçə il bundan əvvəl o, erməni tarixinə aid dərsliklərdə və Ermənistanın kütləvi informasiya vasitələrində "Daşnaksutyun" təşkilatının fəal üzvü, "Dro" ləqəbi ilə daha çox məşhur olan erməni antisemit Drastamat Kanayanın tərifinin göyə qaldırılması faktını göstərib. Xatırlatmaq yerinə düşər ki, Dro İkinci Dünya müharibəsi illərində minlərlə yəhudinin məhv olunmasında şəxsən iştirak edib. Erməni ekspertlərin fikrincə, bu qatı antisemit və faşist, azad Ermənistan uğrunda "mübariz" ölkənin indiki hakim dairələrinə özlərinin ekspansionist planlarına haqq qazandırmaq və böyüməkdə olan nəsli başqa xalqlara nifrət ruhunda tərbiyə etmək üçün bir simvol kimi lazımdır.
Ermənilər bir faşisti tərifləməklə kifayətlənmədilər. 2016-cı ilin may ayında erməni faşist antisemit general Njdeyə Ermənistanın paytaxtında qoyulmuş abidənin rəsmi açılış mərasimi keçirildi. Erməni faşist və antisemit general Njdenin xatirəsinin "əbədiləşdirilməsi" biabırçılıq və Holokost qurbanlarının xatirəsinə təhqirdir. Bu gün artıq danılmaz faktdır ki, Ermənistanda yəhudilər uzun illər boyu mənəvi zorakılığa məruz qalır. Bu zorakılıq antisemit ruhlu kitabların dərc edilməsində, televiziyada antisemit verilişlər göstərilməsində, Holokost qurbanlarının xatirəsinə İrəvanda qoyulmuş memorial lövhənin dəfələrlə murdarlanmasında ifadə olunur. Erməni faşist və antisemit general Njdeyə abidə qoyulması bir daha təsdiq edir ki, müasir Ermənistanda həm bizim xalqın nümayəndələrini, həm də sovet əsgərlərini məhv etmiş bu faşistlərə pərəstiş kampaniyası təşkil edilib". Bütün bunlar isə İsrailin Ermənistanla münasibətlərinə təsirsiz ötüşmür.
Tahir TAĞIYEV