"ÜAK-ın ləğvi Rusiyanın Qarabağ münaqişəsinin həllində vasitəçilik roluna mənfi təsir göstərə bilər"
"Rusiya prezidentinin etnik icmalar arasında münasibətlərin inkişafına və Rusiyanın ictimai-siyasi həyatında daha yaxından iştirakına yönəlmiş siyasəti fonunda Ümumrusiya Azərbaycan Konqresinin Rusiya Ədliyyə Nazirliyinin vəsatəti əsasında ləğv edilməsi ciddi təəssüf və təəccüb doğurur". Bunu sözügedən qərarı baki-xeber.com-a şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu təşkilat Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak edib, Azərbaycan-Rusiya münasibətlərinin şaxələndirilməsində və regionlararası əməkdaşlığın inkişaf etdirilməsində səmərəli rol oynayıb, ÜAK nümayəndələri dəfələrlə Rusiyanın ali rəhbərliyi tərəfindən təltif edilib: "Ümumrusiya Azərbaycan Konqresi Rusiyada yaşayan digər çoxsaylı etnik və milli azlıqları birləşdirən təşkilat kimi mövcud olub. Konqres qeyri-hökumət təşkilatı kimi Rusiya qanunları əsasında və bu qanunlara uyğun olaraq yaradılıb. Rusiyada Konqreslə yanaşı, müxtəlif etnik və milli qrupları birləşdirən qeyri-hökumət təşkilatları, o cümlədən Rusiya erməniləri İttifaqı fəaliyyət göstərməkdədir. Siyasi müstəvidə milli azlıqların qeyri-hökumət təşkilatlarına münasibətdə Konqresə qarşı bu cür ayrıseçkilik münasibətinin göstərilməsini qeyri-dost addım kimi qiymətləndiririk. Hesab edirik ki, bu cür yanaşma Rusiyada millətlərarası münasibətlərin tarazlığına, ölkədə aparılan islahatların konsepsiyasına, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə xidmət etməməklə bərabər, Azərbaycan-Rusiya münasibətlərində müsbət əks-səda doğurmayacaq. Biz bu addımda Rusiya vətəndaşları olan insanlara qarşı onların etnik mənsubiyyətinə görə ayrı-seçkilik və qərəzli münasibətlərin təzahürlərini görürük. Təbii ki, siyasiləşmiş erməni diaspor dairələrinin Rusiyanın daxili və xarici siyasətində bu qədər təsir gücünə malik olduğu qənaətinə gəlsək, bunun, heç şübhəsiz, Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin perspektivi baxımından təhdid olduğu bizdə məyusluq doğurur".
XİN rəsmisi bildirib ki, son illərdə Azərbaycan-Rusiya dialoqu və çoxşaxəli əməkdaşlığının dinamik inkişafı və dərinləşməsi şəraitində bu cür anlaşılmaz və gözlənilməz addımın atılması ilə erməni siyasətinin Rusiya-Azərbaycan münasibətlərinə vura biləcəyi zərbənin nə dərəcədə təhlükəli olduğu görünür: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir sülh yolu ilə nizamlanmasına yönəlmiş danışıqlar prosesində əsas vasitəçilərindən biri kimi Rusiya Federasiyası öz üzərinə mühüm öhdəliklər götürüb. Bu öhdəliklərin vicdanla yerinə yetirilməsi, eyni zamanda tələb edir ki, millətlərarası münasibətlərin tənzimlənməsi məsələsində balans qorunub saxlansın və ədalət prinsipi pozulmasın. Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi və Rusiya erməniləri İttifaqına tam dəstəyin verilməsi Rusiya Federasiyasının erməni və Azərbaycan millətindən olan vətəndaşlarına qarşı qeyri-tarazlı münasibətin təzahürü kimi qəbul edilə bilər ki, bu da Rusiya Federasiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik roluna mənfi təsir göstərmək iqtidarındadır".
Dövlət Komitəsi: "ÜAK-ın ləğvi Azərbaycan və Rusiya arasında uzun illər ərzində formalaşmış etimada kölgə sala bilər"
Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı bəyanat yayıb. "Trend"ə daxil olan bəyanatda deyilir: "2017-ci il mayın 15-də Rusiya Federasiyası Ədliyyə Nazirliyinin iddiasına əsasən bu ölkənin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi bütün Azərbaycan ictimaiyyəti, Rusiyada və digər xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən dərin təəssüf hissi və ciddi narahatlıqla qarşılanıb.
Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının, ayrı-ayrı təşkilatların, habelə ÜAK rəhbərliyinin bütün səylərinə baxmayaraq, Rusiya Ali Məhkəməsi bu ölkədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatlardan birinin ləğvi barədə iddianı təmin edib və bununla da ədalətsizliyə yol verib".
Dövlət Komitəsi Rusiyada və dünyanın digər ölkələrində yaşayan soydaşlarımızın çoxsaylı müraciətlərinə əsaslanaraq bir daha bəyan edir ki, bu qərar iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhuna, xalqlarımızın çoxəsrlik dostluq əlaqələrinin mahiyyətinə tamamilə ziddir: "Azərbaycan və Rusiya arasında faydalı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi, xalqlarımızın və dövlətlərimizin qarşılıqlı dəstəyə daha çox ehtiyacı olduğu bir dövrdə qəbul olunmuş bu qərar ölkələrimiz arasında uzun illər ərzində formalaşmış etimada kölgə sala bilər.
Azərbaycan ictimaiyyəti və diaspor nümayəndələrinin narahatlığını nəzərə alaraq bir daha vurğulamağı vacib bilirik ki, ÜAK ətrafında bir neçə aydır davam edən proseslərin təhlili, müxtəlif mənbələrdən əldə olunmuş informasiyalar təşkilatın fəaliyyətinin dayandırılması barədə qərarın arxasında Azərbaycan-Rusiya strateji tərəfdaşlığını öz maraqlarına təhlükə kimi görən müəyyən qüvvələrin məqsədyönlü fəaliyyətinin dayandığı şübhəsini yaradır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik missiyasını həyata keçirən və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyada ən böyük Azərbaycan diaspor təşkilatının qeydiyyatının ləğvi Azərbaycan ictimaiyyətində bu ölkənin tərəfsizliyinə olan inama xələl gətirə bilər".
Dövlət Komitəsi ictimaiyyət nümayəndələri, kütləvi informasiya vasitələri, habelə diaspor fəallarının etirazını anlayışla qarşılayır, indiki həssas məqamda qərarın məsuliyyətinin ayrı-ayrı şəxslərin, dövlət qurumlarının, habelə ÜAK rəhbərliyinin üzərinə qoyulmasının doğru olmadığını diqqətə çatdırmağı vacib hesab edir. Ümumrusiya Azərbaycan Konqresinin bütün qurultayları, toplantıları Rusiya Federasiyasının müvafiq dövlət qurumları ilə razılaşdırılmış şəkildə həyata keçirilib. ÜAK-ın rəhbərliyinə bütün seçkilərdə Rusiya ictimaiyyətinin, siyasi elitasının tanıdığı, qəbul etdiyi nüfuzlu şəxslərin namizədliyi irəli sürülüb. Buna görə də məhkəmənin qərarında göstərilən əsasların tam subyektiv və qeyri-adekvat olması barədə rəy bildirmək üçün ciddi əsaslar var: "Məhkəmənin qərarına hörmətlə yanaşmağın zəruriliyini nəzərə alaraq, Ümumrusiya Azərbaycan Konqresi Rusiya qanunvericiliyinə uyğun qaydada müvafiq məhkəmə instansiyalarına müraciət edəcək və ədalətin bərpa olunmasına çalışacaq. ÜAK-ın ləğvi ilə bağlı məhkəmə qərarına qanunvericiliyə uyğun şəkildə yenidən baxılması, tam obyektiv, ədalətli, ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət edən hüquqi nəticənin əldə olunması istiqamətində bütün zəruri addımlar atılacaq".
Xırda bir səhvə görə bir xalqın diaspor təşkilatını məhv etmək?...
Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Vladimir Putinə müraciət edib
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) prezidenti Fazil Qurbanov qurum ətrafında yaranmış məsələyə diqqətlə yanaşması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
Müraciətdə təşkilat Rusiya Ali Məhkəməsinin qərarını qəbul etmədiyini bildirib: "Ümid edirik ki, Rusiya yüksək məhkəmə instansiyaları bizim müraciətlərimizə və qayğılarımıza anlayışla yanaşacaq".
Müraciətdə qeyd olunur ki, əvvəlki illərdə təşkilatın fəaliyyətində sənədləşmənin aparılması ilə bağlı səhvlər və texniki xarakterli yanlışlıqlar qeydə alınıb: "Bu qeydlər təşkilatın mərkəzi orqanına şamil edilə bilməz. Biz məhkəmədə bildirmişik ki, yeni rəhbərlik əvvəl buraxılan yanlışlıqların aradan qaldırılması üçün böyük işlər görüb və gələcəkdə bu cür səhvlərin qarşısının alınması üçün kompleks addımlar atılıb".
F.Qurbanov müraciətində diaspor təşkilatının ləğv olunmasının məqsədəuyğun olmadığını vurğulayıb: "Təşkilatın Rusiya Federasiyasında həyata keçirdiyi böyük və səmərəli işlərin fonunda sənədləşmədəki xırda səhvlərə görə bir xalqın diaspor təşkilatını ləğv etmək olmaz. Azərbaycan xalqı Rusiya xalqları ilə vahid tarixi-coğrafi məkanda 200 illik birgə yaşayışı müddətində heç vaxt terrorçuluq və ya dövlət əleyhinə fəaliyyətlərdə iştirak etməyib".
Niyə məhz Azərbaycan Konqresi?
Sədaqət Vəliyeva: "Azərbaycan və Rusiya xalqlarının münasibətlərini erməni lobbisinin girovuna çevirmək olmaz"
İki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirmək olmaz. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə münasibət bildirərkən deyib.
S.Vəliyeva qeyd edib ki, son bir neçə gündür İslam dünyasının nəbzi Bakıda vurur. Bir milyarda yaxın insan Azərbaycanda keçirilən IV İslam Həyrəyliyi Oyunlarını həyəcanla izləyir, 54 ölkənin vətəndaşları idmançılarına azarkeşlik edir: "Məhz Azərbaycan orijinallığı ilə diqqəti cəlb edən, tamaşaçıları vəcdə gətirən açılış mərasimi ilə IV İslam Həmrəyliyi Oyunlarının tarixə çevriləcək parlaq səhifə yazdı. Əlbəttə ki, dövlətimizin qazandığı ardıcıl uğurlar bizi sevindirdiyi qədər, düşmənlərimizi də məyus edir, hətta ölkəmizə, xalqımıza zərbə vurmağa cəhdlər göstərirlər. Çox təəssüflər olsun ki, antiazərbaycan dairələrinə "beşinci kolon", radikal müxalifət sevinə-sevinə dəstək verirlər. Hətta Rusiyada belə, bu ölkə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlarla bir sırada dururlar".
Millət vəkili xatırladıb ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesində Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatı ləğv edilib: "Təbii ki, bu hər iki ölkənin dostluq münasibətlərinə xaincəsinə atılan güllədir. Görünür, Rusiyadakı antiazərbaycan dairələr, xüsusən erməni lobbisi Rusiya-Azərbaycan arasında münasibətlərini yenidən sınaq qarşısında qoymaq istəyir. Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar dost və qonşu ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilir. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Eyni zamanda, Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının qarantıdır".
S.Vəliyeva düşünür ki, Azərbaycan icmasının Rusiyada ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin xarakterinə ziddir: "Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən ciddi faktordur. Burada ölkəmizə qarşı kin və qərəzin də olduğu aydın görünür. Ona görə ki, çoxmillətli Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, məhz Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir. Axı Rusiya cəmiyyətində böyük hörmətə və nüfuza sahib olan Ümumrusiya Azərbaycanlıları Konqresi kimi ciddi bir təşkilatın texniki məsələlərə görə qeydiyyatının ləğvi hüquqi cəhətdən də düzgün deyil. Həmçinin, bu addım Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk Qrupunun həmsədri mandatına da kölgə salır. Rusiyada hüquq təmsilçiləri çalışmalıdırlar ki, hər iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməsinlər".
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ÜAK-ın ləğvinə "məsləhət verməklə" münasibət bildirdi...
"Mayın 15-də Rusiyada məhkəmənin qərarı ilə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi xoş hadisə deyil". Bunu APA-ya Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib. O bildirib ki, təsirli apelyasiya şikayəti hazırlamaq, hüquqi çərçivədə qərarın dəyişdirilməsinə nail olmaq lazımdır: "Madam ki, məsələ məhkəməyə kimi gedib, bu problemi Rusiya qanunvericiliyinə əsasən həll etmək lazımdır. Lakin mən bir məqamı qeyd etmək istəyirəm. İki ölkə və vətəndaşlar arasında çox yüksək səviyyədə əlaqələr mövcuddur. İllərlə, onilliklərlə, əsrlərlə qurulan, qorunan bu münasibətlərə lokal bir hadisə xələl gətirməməlidir. Məsələni həll etmək mümkün olmayacaqsa, yeni təşkilat yaratmaq, onun formalaşmasında qanunu bütün dəqiqliyi ilə əsas götürmək və tam həcmdə Rusiyada yaşayan azərbaycanlıların ictimai birliyini bərpa etmək lazımdır. Əminəm ki, nizamlı və keyfiyyətli işi bütün Rusiya və Azərbaycan vətəndaşları istəyər. Çünki xalqlarımız arasında dostluq hamımız üçün baza dəyəri olaraq qalır".
Sergey Markov ÜAK-ın ləğvi ilə bağlı qərarın səbəblərini təhlil etdi...
"Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərarı səhv addımdır. Bu qərarın mənfi nəticələri mütləq olacaq". Bu sözləri APA-nın Moskva müxbirinə müsahibəsində tanınmış rusiyalı politoloq, Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib. O bildirib ki, ÜAK Rusiyada yaşayan yüz minlərlə azərbaycanlını öz ətrafında birləşdirir: "Həmin azərbaycanlılar Rusiyaya münasibətdə çox loyal və vətənpərvər mövqedədir. Onlar hər zaman Rusiya prezidenti Vladimir Putini dəstəkləyiblər. Ona görə də Rusiya bu addımı atmamalı idi. Məncə Moskva lazım olanı etməlidir ki, bu qərar ləğv olunsun. Ümumrusiya Azərbaycan Konqresinə normal fəaliyyət göstərmək üçün şərait yaradılmalıdır".
Politoloq ÜAK-ın qeydiyyatının ləğv edilməsinin mümkün səbəblərinə də toxunub: "Bunlardan birincisi ÜAK-ın sənədlərində olan problemlərdir. Hansı ki, Rusiya Ədliyyə Nazirliyinin iddiasında öz əksini tapıb. İkinci səbəb diaspor daxilində baş verən proseslərdir. Üçüncü səbəb isə ÜAK-ın kimin patronajlığı altında olmasıdır. Məncə, Bakı və Moskva bu məsələdə pariteti saxlamalıdır. Ən mühüm mümkün səbəb isə Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsini istəyən qüvvələrin fəaliyyətidir. Rusiyada Moskva-Bakı münasibətlərinin pisləşməsini istəyən qruplaşmalar mövcuddur. Əminəm ki, bu qruplaşmalar ÜAK-ın qeydiyyatının ləğvi məsələsinə öz böyük töhfələrini veriblər".
Ekspert Konqresin ləğvini böyük səhv adlandırıb: "Fikrimcə, ÜAK-ın qeydiyyatının ləğv edilməsi böyük səhvdir. Bu qərar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının ruhuna uyğun deyil və ikitərəfli münasibətlərə kölgə salır. Məncə, iki dövlətin başçıları arasında qarşılıqlı inamın və dostluq münasibətlərinin olması problemin konstruktiv həllinə kömək edə bilər".
S.Markov Moskvanın bu istiqamətdə bundan sonra hansı addımları atacağını güman etməyin çətin olduğunu söyləyib: "Çünki siyasi proses qapalı şəkildə gedir. Lakin ümid edirik ki, ÜAK-la bağlı qərar ləğv ediləcək. Dövlət başçıları arasındakı münasibətlər buna ümid etməyə imkan verir".
Milli Məclisdə ÜAK-ın ləğvi "ermənilərin Rusiya dövləti üzərində qələbəsi" adlandırıldı
Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi Milli Məclisin dünən keçirilən iclasında narazılığa və mübahisələrə səbəb olub. APA-nın məlumatına görə, deputat Zahid Oruc çıxışı zamanı bildirib ki, ağılla Rusiyanı dərk etmək mümkün deyil.
O qeyd edib ki, ÜAK-ın ləğvi ermənilərin Rusiya dövləti üzərində qələbəsidir: "Mən başa düşmürəm ki, Rusiya ilə əməkdaşlıqdan kimlər narahatdır? Əminəm ki, qeydiyyat ləğvi məsələsi axıra kimi mümkün olmayacaq".
Vitse-spiker Bahar Muradova isə deyib ki, bu, ilk növbədə Rusiyanın sərbəst toplaşmaq məsələsinə, vətəndaşına olan münasibətidir: "Biz Azərbaycanda rus dilini və mədəniyyətini ona görə inkişaf etdirmirik ki, bu, Rusiyanın xoşuna gəlsin. Sadəcə, biz burada yaşayanlara adekvat münasibət göstəririk".
B.Muradova həmkarlarına tövsiyə edib ki, bu məsələ ilə bağlı fantaziyalara söykənib çox dərinə getmək də düzgün deyil: "Çünki Rusiyanın daxili işidir və ilk növbədə o, öz vətəndaşlarının təşkilatını ləğv edib. Amma təbii ki, bu bizi narahat etməyə bilməz".
Vitse-spikerin çıxışı zamanı Z.Orucun yerdən replikası onun sərt təpkisinə səbəb olub: "Zahid Oruc, bəlkə imkan verəsən danışaq?"
B.Muradova deyib ki, Azərbaycanda tolerantlıq hökm sürür və burada yaşayan istənilən xalqa hörmət var: "Amma təbii ki, biz də istərdik başqa ölkədə yaşayan azərbaycanlılara da belə münasibət göstərilsin. Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illərdir iki ölkə arasında münasibətlər inkişaf səviyyəsinə gəlib çıxıbsa, demək ki, orada bizi sevənlər də çoxdur. Bu onların politoloqları, siyasətçiləri tərəfindən açıq şəkildə deyilir. Sonuncu addım isə Azərbaycana qarşı düşmənçilik mövqeyidir".
Deputat Qüdrət Həsənquliyev isə deyib ki, nə qədər ki, Rusiyanın yanında ermənilər var, çətin Rusiyanın bizimlə münasibətləri normal olsun: "Biz bütün məqamlara hazır olmalıyıq".
Öz növbəsində deputat Vahid Əhmədov bildirib ki, Rusiya faktiki olaraq Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir: "Eyni zamanda, Azərbaycanın dövlət başçısının müstəqil siyasətini yaxına buraxmaq istəmir. Rusiya hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanla təhdid dili ilə danışır. Biz də buna hazır olmalıyıq. Bununla yanaşı, Azərbaycanda yaşayan rusdilli insanlara münasibəti eyni səviyyədə saxlamalıyıq. Bu məsələdə diqqətli olmalıyıq. Kimlərsə bundan ölkəmizə qarşı istifadə etməsin".
MM spikeri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə ÜAK-ın məsələsini müzakirə edəcək
Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsini Rusiya Dövlət Dumasının sədri ilə müzakirə edəcək. Bu barədə O.Əsədov Milli Məclisin dünənki iclasında bildirib.
Spiker qeyd edib ki, Federasiya Şurasının sədri ilə də məsələni müzakirə edəcək: "Bununla yanaşı, artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından o ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq".
Əli Hüseynli ümid edir ki...
"Azərbaycan həmişə Rusiya ilə münasibətlərə bütün beynəlxalq tribunalarda üstünlük verib, dəstəkləyib. İndi isə növbə Rusiyanındır". Bunu isə Milli Məclisin dünənki iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri Əli Hüseynli bildirib.
Ümumrusiya Azərbaycan Konqresinin ləğvinə etirazını bildirən Ə.Hüseynli qeyd edib ki, son illərdə Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olub: "Rusiya tərəfi bilməlidir ki, Ali məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş ediləcək".
Azərbaycan Rus İcmasının rəhbəri ÜAK-la bağlı qərardan rusların ümumi narahatlığını ifadə etdi...
Azərbaycan və Rusiya parlamentlərarası komissiyası və dostluq qrupu kəskin mövqe bildirməlidir və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi qərarının dəyişdirilməsinə nail olmalıdır. Milli Məclisin plenar iclasında deputat, Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelin deyib ki, ÜAK ətrafında yaranmış vəziyyət Azərbaycanın rus sakinlərini narahat etməyə bilməz: "Son dövrlərdə biz dəfələrlə Rusiyanın müxtəlif strukturlarına bu məsələ ilə bağlı müraciət etmişik. Azərbaycan kimi Rusiya da çoxmillətli ölkədir. Biz, Azərbaycanda yaşayan ruslar bu ölkədə rus mədəniyyətinə, dəyərlərinə və dilinə göstərilən hörməti yüksək qiymətləndiririk".
Siyavuş Novruzov Azərbaycandakı Rusiya QHT-lərinin fəaliyyətinin qanunvericiliyə uyğunluğunun yoxlanılmasını təklif etdi...
Azərbaycanda Rusiya qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinin ölkə qanunvericiliyinə uyğun olub-olmamasının yoxlanması təklif edilir. Belə bir təkliflə millət vəkili Siyavuş Novruzov çıxış edib.
"Azərbaycanın həmişə digər ölkələrlə, o cümlədən Rusiya ilə yaxşı münasibətləri olub. Buna baxmayaraq, təəssüf ki, Rusiyada bəzi adamlar öz maraqlarını dövlətin maraqlarından üstün tuturlar və iki ölkə arasında münasibətləri pozmağa çalışırlar. Bunun qarşısı alınmalıdır" - o deyib.
Namiq QULİYEV