Qabil Hüseynli: "Bu, eyni zamanda, son illər ərzində Azərbaycanın artan gücünün və nüfuzunun göstəricisidir"
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanında ABŞ lideri Donald Trampın iştirakı ilə keçiriləcək sammitə dəvət olunub. Verilən məlumata görə, sammit mayın 21-də Ər-Riyad şəhərində baş tutacaq. Körfəz Əməkdaşlıq Şurasına üzv altı ölkə ilə yanaşı, Türkiyə və Azərbaycan daxil olmaqla, 18 müsəlman ölkəsinin liderləri sammitə dəvət olunub.
Sammit D.Trampın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçiriləcək. Səudiyyə Ərəbistanı kralı Salman bu sammiti tarixi olaraq dəyərləndirib. Toplantının təşəbbüskarının ABŞ tərəfi olduğu vurğulanır. Azərbaycanın bu cür mühüm tədbirə dəvət olunması necə dəyərləndirilə bilər? Həm də bu dəvətin IV İslam Həmrəyliyi Oyunlarının uğurlu gedişi, islam həmrəyliyi və multikulturalizm modelinin yayılmasına Azərbaycanın real töhfələr verdiyi indiki vaxta düşməsi çox ilginc görünür. Bunu İslamiadanın doğurduğu ilk böyük siyasi nəticələrdən biri kimi də nəzərdən keçirmək olarmı?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, bu, Azərbaycanın nüfuzunun göstəricisi sayıla bilər: "Məlumdur ki, Azərbaycan çoxşaxəli xarici siyasət yürüdən bir ölkədir. Biz inkişaf etmiş demokratik, modern bir ölkə olaraq, eyni zamanda, islam dəyərlərinə bağlı olduğumuzu da gizlətmirik. Azərbaycan mədəniyyətlərarası dialoqun qurulmasında mühüm rol oynayan bir ölkəyə çevrilib. Ölkəmizdə keçirilən mühüm tədbirlərin mahiyyəti bunu tam söyləməyə əsas verir. Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında çox yaxın münasibətlər qurulub. Həmin ölkə məhz müsəlman faktoruna görə Ermənistanla heç bir əlaqə qurmur və Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini bəyan edir. Təbii ki, belə ölkə ev sahibliyi etdiyi tədbirdən bizi kənarda saxlaya bilməzdi. Bu, eyni zamanda, son illər ərzində Azərbaycanın artan gücünün və nüfuzunun göstəricisidir. Həmin görüşdə hətta Prezidentin ABŞ-ın yeni başçısı D.Trampla görüşəcəyi də bildirilir".
Məhəmmədəli QƏRİBLİ