Ramil Hüseynov: "Bu, müxtəlif formalarda özünü göstərir"
Rusiyanın hakimiyyət dairələrindəki düşərgələnmə, Ermənistanın və erməni diasporunun maliyyəsindən asılı duruma düşmüş kölə təfəkkürlü bir neçə məmurun "təşəbbüsü" nəticəsində Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyəti dayandırılıb.
Rusiyanın Ali Məhkəməsi ölkənin Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğvi barədə iddiasına baxıb. İddiada vurğulanırdı ki, ÜAK-ın fəaliyyəti, sən demə, "Rusiyanın mövcud qanunvericiliyinə uyğun deyil".
ÜAK nümayəndələri isə məhkəmədə bildiriblər ki, Ədliyyə Nazirliyinin aşkarladığı nöqsanları aradan qaldırmağa çalışsalar da, nazirlik sənədi təsdiqləməyib.
Yəni reallıq budur: ÜAK-ın Rusiyada bütün yerli bölmələri və nümayəndəlikləri ilə birlikdə ləğvi Ədliyyə Nazirliyinin aşkarladığı nöqsanlara görə adekvat qərar deyil. Bu, aşkar siyasi təzyiq, hətta soydaşlarımızın Rusiyadakı ən böyük diaspor təşkilatının məhvi istəyidir.
Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirilib və qarşılıqlı dəstək ruhu hökm sürüb. Bütün bunlarla yanaşı, Rusiyanın bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirir. Son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir. Reallıq odur ki, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışır. O baxımdan bunu erməni lobbisinin Putinin komandasına təsirinin bariz nümunəsi saymaq olarmı?
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynov bunu istisna etmədi. Onun fikrincə, həqiqətən də bu məsələdə erməni lobbisinin rolu var: "Məsələ ondadır ki, bir neçə ay əvvəl bir sıra Rusiya dövlət rəsmisi erməni milyarder Aram Abramyanın 60 illik yubileyində çox yüksək səviyyədə iştirak etdi. Erməni lobbisinin Putinin komandasına təsir imkanları göz qabağındadır. Bu, müxtəlif formalarda özünü göstərir. İnformasiya siyasətindən tutmuş, digər məsələlərə qədər bir sıra nüanslar bura daxildir. Ancaq Rusiya hakimiyyətinin məkrli niyyəti olmasaydı, rəsmi Moskva buna getməzdi. Bu amilin də özünəməxsus rolu var. Ancaq Rusiya bununla Azərbaycanı itirir".
Vidadi ORDAHALLI