Arzu Nağıyev: "İslam Oyunlarında təhlükəsizlik məsələlərinə çox ciddi fikir verilir"
Bir neçə gün əvvəl Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə bəyanatda bildirilir ki, aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs-qətimkan tədbiri seçilib:
"Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bəyan edirik ki, düşmənin ölkəmizdə, o cümlədən Bakı şəhərində və respublikanın digər ərazilərində qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən təxribat və terror fəaliyyətinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və sarsıdıcı adekvat tədbirlər görüləcək".
Göründüyü kimi, bəyanatda qeyd edilir ki, Ermənistan xüsusi xidmət orqanlarının Bakıda törətmək istədikləri terror və diversiya planlarının qarşısı alınıb. Onların hədəfi Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları ola bilərdimi?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, məhz həmin oyunların hədəfə alındığı inandırıcı görünmür: "Yəni həmin proseslərin sonluğu Azərbaycanda təxribatlar törətmək, bununla da bütün fəaliyyətə təsir etmək idi. Yəni birbaşa olmasa da, təbii ki, ölkədə keçirilən bütün tədbirlərə də dolayı təsir edəcəkdi. Miqyasdan hiss edilir ki, əsasən cəbhə bölgələrində, daha doğrusu, qoşunların təmas xəttində və ora yaxın ərazilərdə təxribatların törədilməsi nəzərdə tutulub. Bundan başqa, İslam Oyunlarında təhlükəsizlik məsələlərinə çox ciddi fikir verilir, bu, fiziki qorunmadan tutmuş, obyektlərin, qurğuların, hətta idmançıların və ümumi personalın qidalarına, turistlərin yaşadığı ərazilərə qədər şamil edilir. Belə halda təxribat və ya digər fəaliyyətlər həm böyük risq, həm də böyük texniki və digər təchizatlar tələb edir. Bundan başqa, dərhal dəsti-xətt məlum ola bilərdi. Çünki İslam Həmrəyliyi Oyunlarında iştirakçılar əsasən islam dövlətlərini təmsil edir və diversiya, təxribatların forma və metodlarını mükəmməl bilirlər. Yəni hədəf ümumi xaos və təxribat yaratmaq idi. Bunun müqabilində də orduya, xüsusi xidmət və hüquq-mühafizə orqanlarına inamın itirilməsinə nail olmağa çalışırdılar. Qorxu və panika hissi yaratmaq əsas məqsəd kimi qarşıya qoyulmuşdu".
Məhəmmədəli QƏRİBLİ