Yaxın Şərqdə Türkiyə və ABŞ arasında münasibətlər Vaşinqtonun regional siyasəti üzündən gedərək daha kəskin xarakter almağa başlayır. Belə görünür ki, hadisələrin inkişaf axarı bu iki ölkənin ilk növbədə Suriya torpaqlarında toqquşmasını qaçılmaz edəcək.
Məsələ ilə bağlı məşhur "The Independent" nəşri yazır ki, hələ 2011-ci ildən bəri Türkiyə bir tərəfdən Bəşər Əsədin postunu tərk etməsinə, digər tərəfdən isə Suriyanın iki milyonluq kürd əhalisinin onun sərhədləri boyunca torpaqlara nəzarət etməsinin qarşısını almağa çalışır. Bildirilir ki, belə bir vaxtda PKK-ya bağlı olan YPG-yə qarşı Ankaranın hərbi əməliyyatlarını genişləndirməsi ABŞ-ın narazılığına yol açır. ABŞ bəyan edir ki, Türkiyənin hərəkəti qeyri-məqbuldur: "Vaşinqton Türkiyənin hərəkətlərindən o qədər narahat olub ki, Suriyanın Türkiyə ilə sərhəd bölgəsinə bilavasitə öz əsgərlərini yeridib. ABŞ bildirir ki, İŞİD-in paytaxtı Rakkanı əksəriyyətini YPG döyüşçüləri təşkil edən Suriya Demokratik Qüvvələrinin köməyilə azad edəcək. Suriya kürdləri isə öz növbəsində deyir ki, Türkiyənin hava zərbələri davam edəcəyi təqdirdə, Rakka əməliyyatına qoşulmayacaqlar. Belə bir vaxtda prezident Donalda Tramp YPG-yə ağır silahların verilməsi barədə sərəncamı imzalamaqla Ankaraya açıq mesaj verib. Bu o deməkdir ki, Ankaranın hədələrinə baxmayaraq, ABŞ kürdlərlə müttəfiqliyi davam etdirmək əzmindədir. Bu isə Türkiyə ordusunun YPG üzərinə hücum əməliyyatları keçirməsini çətinləşdirir. Prezident Rəcəb Tayyip Ərdoğan mayın 16-17-də Ağ Evdə Trampla görüşərkən onun kürdləri dəstəkləyən siyasətini dəyişməyə çalışacaq. Amma Ərdoğanın uğur qazanacağı inandırıcı deyil.
Prezidentliyinin son günlərində Obama da Suriya kürdlərinin silahlandırılmasına dair qərar qəbul etmişdi. Trampın sərəncamı Ağ Evin siyasətinin olduğu kimi qaldığını göstərir. Hərçənd, ABŞ Türkiyəni əmin etməyə çalışır ki, Suriya kürdlərinə silahlar onların yalnız İŞİD-ə qarşı döyüşmələri üçün verilir. Türkiyə isə narahatdır ki, bu silahlar son məqamda PKK-nın əlinə keçə bilər. Kürdlər isə məmnundurlar ki, ABŞ ən azı indilik onların yanında olmağı seçib". Baş verənləri şərh edən ehtiyatda olan türkiyəli general Osman Pamukoğlu, əslində Türkiyəyə qarşı məkrli bir planın işə salındığını vurğulayır. O qeyd edir ki, İraq və Suriyada baş verənlər ölkəsi üçün ciddi təhdiddir: "Bəzi addımları atmaq üçün gecikirik. Türkiyədəki NATO və ABŞ bazaları ilə bağlı yeni format tətbiq edilməlidir. İraqda Bərzani sayəsində Kürdüstanın quruluşu tamamlandı. İndi isə Suriyada Kürdüstan qurulur. ABŞ bu gün partizan dəstələrini orduya çevirir. Bunun adı "dövlətdir". Qonşumuz İraq və Suriyada qurulacaq Kürdüstanın təsirləri bizə də olacaq. Ölkəmizdə muxtariyyət kimi tələblər dilə gətiriləcək. Kürdüstanın qurulması tarixini ABŞ hələlik hərbi və siyasi səbəblər ucbatından ertələyir. Onlar bizi bu prosesdən uzaq tutur. Suriya Kürdüstanı ilə əlaqədar işlərdə ancaq ABŞ-ın adı çəkilir, lakin bu prosesin içində İngiltərə, Rusiya və Fransa da var. Onlar Suriyanın Afrin vilayəti vasitəsilə enerji nəqlinin necə həyata keçiriləcəyini müzakirə edir. Ağıllarına gələn ilk yer İsgəndərun limanıdır. Bunun anlamı isə yaxın zamanlarda Türkiyədən torpaq alınacağıdır".
Belə bir vaxtda o da məlum olub ki, Ankaranın sərt reaksiyasına baxmayaraq, ABŞ Rakka əməliyyatında istifadə etməyi planlaşdırdığı YPG terror qruplaşmasına ağır silahların çatdırılmasına yaxın günlərdə başlayacaq. Qeyd olunur ki, son 11 ayda YPG-yə silah çatdıran ABŞ rəsmi icazədən sonra ilk ağır silahları mayın 26-dan etibarən bölgəyə çatdıracaq.
ABŞ-ın göndərdiyi bütün hərbi məhsulları təşkilatın içində ingilis dilini təmiz bilən 5 nəfər təhvil alır. İlk 4 TIR istisna olmaqla, təşkilata verilən silahların heç biri qeydiyyata alınmayıb.
Türkiyənin təhlükəsizlik mənbələri qeyd edir ki, Tramp məlum rəsmi icazə ilə terror təşkilatına indiyə kimi verilən silahlara legitimlik qazandırıb. ABŞ, Almaniya, Hollandiya və Fransanın 1,5 ildir 61 TIR-la PKK və PYD-yə silah çatdırdığını bildirən mənbələr qeyd edir ki, ABŞ Rakka əməliyyatı üçün PYD-yə minaatanlar, istiliklə idarə olunan raketlər, ağır pulemyotlar, ağır avtomatik silahlar, zirehli maşınlar və tanklar göndərəcək. ABŞ 11 ay ərzində Karaçok dağındakı xətt üzərindən PYD-yə silah çatdırıb. Türkiyə qırıcılarının bu xətti bombardman etməsilə ABŞ və PKK son üç həftədir bu xətdən istifadə edə bilmirdi. ABŞ PYD-yə silah çatdırılmasını yenidən başlamaq üçün bölgəyə 11 hərbi məsləhətçi göndərib. ABŞ-ın Derik-Sincar xəttindən istifadə edəcəyi bildirilir. Bölgədəki kürd liderlərindən olan Rojda Felatın sözlərinə görə, Rakka əməliyyatı yayın əvvəllərində başlanacaq.
Tahir TAĞIYEV