Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin uzanması regionda müharibə risqini saxlamaqda davam edir. Xatırlaadq ki, mümkün müharibə barədə bu günlərdə ABŞ Milli Kəşfiyyat Agentliyi də xəbərdarlıqla çıxış edib.
Agentliyin direktoru Daniel Kouts Konqresə təqdim etdiyi hesabatda bildirir ki, münaqişə tərəflərinin kompromislərə getmək niyyətinin olmaması və ölkələr daxilində artan təzyiqlər bu il Azərbaycanla Ermənistan arasında Qarabağda tammiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər: "Azərbaycanla Ermənistan arasında separatçı Dağlıq Qarabağ regionuna görə gərginlik 2016-cı ilin aprelində alovlanıb. Və hər iki tərəfin kompromislərə getmək niyətinin olmaması, daxili təzyiqlərin artması nəticəsində 2017-ci ildə tammiqyaslı hərbi əməliyyatların başlanması imkanları qalır". Məsələ ilə bağlı ABŞ-ın mövqeyi Rusiyada da xüsusi maraq doğurur. Burada hesab edilir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların dayanması, Ermənistanın qeyri-konstruktiv mövqeyi fonunda ABŞ kəşfiyyatının proqnozu düşündürücüdür. Bu fonda Rusiya mediasının Qarabağ proqnozunun arxasında ABŞ-ın regionla bağlı hədəflərinin olduğu haqda versiyası da diqqət çəkir.
Rusiyalı jurnalist Boris Djerelievski iddia edir ki, Amerika Qarabağda müharibəni başlatmağı planlaşdırır: "Amerika kəşfiyyatının bu hesabatı hər şeydən öncə Rusiyaya qarşı yeni hücumlardan xəbər verir. Misal üçün, Cənubi Qafqaz və Orta Asiyada gərginliyin artacağına dair deyilənlər, əslində Rusiya ətrafında toqquşmaların olacağından xəbər verir. Xüsusilə Cənubi Qafqazda, konkret Qarabağda müharibənin yenilənməsi haqda deyilənlər ABŞ-ın gələcək hədəflərindən xəbər verir". Rusiyalı jurnalist onu da yazır ki, ABŞ-ın əsas hədəfi Rusiyanın cənub sərhədlərində münaqişə alovunu alışdırmaq və regionu müharibə ocağına bürüməkdir: "Amerika kəşfiyyat rəhbərinin məruzəsindən aydın görünür ki, Rusiyaya yeni zərbələr endiriləcək. Bu zərbələrin birincisi Qarabağda olacaq". Burada məsələnin maraq çəkən müəyyən tərəfləri var. Məlumdur ki, nə ABŞ, nə də Rusiya Azərbaycana hansısa təsir imkanlarına malikdir. Yəni Azərbaycan bu dövlətlərin təhrikilə heç bir hərəkət etmədiyini dəfələrlə nümayiş etdirib. O halda ABŞ Ermənistanı müharibəni başlamağa təhrik edə bilər. Ermənistan həm başqlaranın diqtəsi ilə hərəkət etdiyini, həm də istənilən vaxt Rusiyanın özünə belə xəyanət etməyə hazır dövlət olduğunu dəfələrlə nümayiş etdirib.
Burada onu da qeyd etmək lazımdır ki, istənilən halda yeni müharibə Ermənistanın növbəti məğlubiyyəti ilə nəticələnəcək. Onsuz da, Ermənistandan fərqli olaraq, Azərbaycan ordusu döyüşlərə tam hazırdır və arsenalını az qala hər gün yeniləyir. Buna sübut kimi elə erməni mediası Azərbaycanın İtaliyadan yeni təyyarələr almasını göstərir. Xatırladaq ki, mayın 10-da Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazalarından birində İtaliyanın "Leonardo Aircraft" şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib. Bundan əlavə bəlli olub ki, Azərbaycan Pakistandan MFI-395 "Super Mushshak" təlim təyyarəsi alacaq. Bu barədə məlumatı İstanbulda İDEF-2017 sərgisində iştirak edən Pakistan "Aeronautical Complex" (PAC) təşkilatı da təsdiq edib. İlk mərhələdə Azərbaycan Pakistandan 10 ədəd "Super Mushshak" təlim təyyarəsi alacaq. İstehsalçı müəssisə bildirir ki, bunun davamı olaraq JF-17 "Thunder" döyüş təyyarələrini Azərbaycana təqdim edəcəklər. Qurum yetkililərinin sözlərinə görə, Azərbaycan JF-17 təyyarəsinin hazırda üzərində işlər davam edən yeni konfiqurasiyasını (Blok II və Blok III) istəyir. Təyyarənin Azərbaycana satışı ilə bağlı bəzi texniki problemlər də öz həllinin tapıb.
Qeyd edək ki, "Super Mushshak" təyyarəsi bu gün dünyada öz sinfində həm təhlükəsizliyinə və imkanalarına, həm də qiymətinə görə ən münasib təyyarələrdən hesab olunur. Hazırda "Mushshak" və "Super Mushshak" təyyarələri Pakistanla yanaşı İran, Səudiyyə Ərəbistanı, Oman, Suriya, İraq, Qətər, Nigeriya və Cənubi Afrikanın istifadəsində yer alır. İstehsalçı müəssisənin iddialarına görə, təyyarə hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir.
Tahir TAĞIYEV