Məlumat verildiyi kimi, bu ayın əvvəlində Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçirilib. Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsi həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaq olub.
Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edib. Təlimlərin üzərindən artıq iki həftəyə qədər vaxt keçsə də, Ermənistanda bu, ciddi narahatlıq predmeti olaraq qalmaqdadır. Düşmən ölkədə hesab edilir ki, Qarabağ danışıqlarının dalana dirəndiyi bir vaxtda həmin təlimlər və ondan sonra baş verənlər heç də təsadüfi xarakter daşımır.
Qeyd olunan xüsusda Ermənistanda narahatlıq yaradan daha bir məqam qardaş Türkiyənin həyata keçirdiyi yerli istehsal olan raket sınaqlarıdır. Xatırladaq ki, bu günlərdə Türkiyənin Sinop vilayətində yerləşən hərbi bazada ilk milli uzaqmənzilli raket olan "Bora" sınaqdan keçirilib. Sınağı Azərbaycanın artilleriya komandanı general Zahid Hüseynov da izləyib. "Roketsan" şirkətinin İdarə Heyətinin sədri, general-leytenant Emin Alpmana sınağın uğurla həyata keçirildiyini deyib. O, Türkiyənin ilk uzaqmənzilli raketi olan "Bora" haqqında da maraqlı məlumatlar verib və bu silahın Türkiyə ordusunun əsas zərbə qüvvələrindən biri olacağını diqqətə çatdırıb. Yeni raketlə hədəflərin məhv edilməsinin uzaqlıq məsafəsi 1000 kilometri ötür. Amma Ermənistanda narahatlıq yaradan məqam həmin uzaqmənzilli raketlərin Azərbaycan ordusunun da ixtiyarında ola biləcəyidir. Çünki Azərbaycanın Türkiyədən raket və digər silahlar alması heç də problem deyil. Erməni mediasının yazdığına görə, Türkiyənin ilk dəfə uzaq mənzilli raketini sınaqdan keçirməsinin bu ayın əvvəlində Türkiyə ordusu ilə Azərbaycan ordusunun keçirdiyi birgə hərbi təlimlərdən sonraya təsadüf etməsi erməni tərəfinə verilən mesajdır. Qeyd olunur ki, baş verən proseslərdən daha əvvəl 16-21 aprel tarixlərində Azərbaycan ordusu 30 minlik şəxsi heyətin qatıldığı genişmiqyaslı təlimlər keçirib. Ermənistanın siyasi rəhbərliyi bütün bunların təsadüf olmadığını düşünür. Belə ki, "armenianreport" saytı İrəvanın siyasi kulislərində və Ermənistanın hərbi rəhbərliyində bütün bunların ciddi narahatlıq yaratdığını yazır. Qeyd olunur ki, Azərbaycan və Türkiyənin regionda birgə hərəkət etməsi Dağlıq Qarabağ münaqişəsi ətrafında Ermənistanın arzulamadığı vəziyyətin yaranmasına işarədir: "Bakı Ankaranın dəstəyilə əlini gücləndirir və bu ona imkan verir ki, danışıqlar masasında İrəvanın biləyini büksün. Həmçinin, perspektivdə Bakı əraziləri hərbi yolla azad etmək imkanını gücləndirir. Ermənistanın Müdafiə və Xarici İşlər nazirlikləri isə sadəcə susur. Həmçinin, üzvü olduğumuz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da regionda baş verənləri görməzdən gəlir. Və bizi aldadırlar ki, heç bir təhlükə yoxdur. Halbuki, Azərbaycan və Türkiyə orduları təlimlərdə "şərti rəqibə" qarşı döyüşürdülər. Bu şərti rəqib isə ilk növbədə Ermənistandır". Yaranmış durumda "armenianreport" Ermənistanın çox güvəndiyi Rusiyanın İrəvanı yalnız buraxacağını da qeyd edir. Sayt Ermənistan hakimiyyətini Kremlin əlaltısı olmaqda ittiham edir: "Ermənistan oğruların və qorxaqların işğalı altındadır. Bunu görən əhali ölkəni kütləvi sürətdə tərk edir. Erməni xalqının daxildəki əsas düşməni məhz bu hakimiyyətdir". Belə vəziyyətdə qeyd olunur ki, hərbi əməliyyatların yenilənməsi ermənilərin həm cəbhə zonasından, həm də Ermənistandan qaçışını sürətləndirəcək.
Bu arada bir vacib məqamı da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimlərinə Azərbaycan tərəfdən rəhbərlik edən polkovnik Münasib Babayev də prosesin gedişini yüksək qyimətləndirir. Onun sözlərinə görə, Azərbaycan və qardaş Türkiyə hərbçilərinin birgə taktiki təlimləri plana uyğun olaraq keçirilib: "Qardaş ölkələrin hərbi qulluqçuları bir-birinə dəstək verməklə təlim tapşırıqlarını icra etdilər. Təlimdə döyüş zamanı ortaya çıxan vəziyyətlərlə bağlı tapşırıqların yerinə yetirilməsi bir vəzifə olaraq qarşıya qoyulmuşdu və hər iki ölkənin taktiki qrupları tərəfindən uğurla icra olundu. Bölmələr şərti düşməni darmadağın edərək əlverişli hədəfləri ələ keçirməyi bacardılar. Bu, iki ölkənin Silahlı Qüvvələri arasında keçirilən ilk təlim deyil. Son illərdə belə tədbirlər planlaşdırılaraq mütəmadi təşkil edilir. Bu, hər iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın dərinləşməsinə xidmət edir, döyüş hazırlığı sahəsində təcrübə mübadiləsi baxımından olduqca əhəmiyyətlidir. Təlimdə, əslində, aparılan hazırlıq işlərinin nəticəsi üzə çıxır. Bölmələrin şəxsi heyətinin bilik və vərdişləri nümayiş etdirilir. Amma həmin təcrübə həftələrin, ayların, illərin gərgin zəhmətilə qazanılır. Hesab edirəm ki, qoşun bölmələrimiz bu təlimlərdə verilən istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadir olduqlarını göstərdilər".
Yaranmış durumda erməni mediası diqqət həm də ona yönəldir ki, Azərbaycan və Türkiyə səylərini birləşdirərək Qarabağ məsələsində təzyiqlərini artırır. Özü də təkcə Ermənistana yox, həm də onun əsas himayədarı olan Rusiyaya qarşı. Belə ki, Bakı və Ankara Rusiyanın Qarabağ məsələsində mövqeyini dəyişməsi və Ermənistana dəstəyini azaltması üçün aktiv siyasət aparır. Artıq bu vəziyyətdə Moskvadan Qarabağ məsələsinin tənzimlənməsinin vacib olması haqqında daha tez-tez açıqlamalar gəlir. Erməni mediası yazır ki, bütün bunlar Bakı ilə Ankaranın Moskvaya artan təzyiq və təsirlərinin nəticəsidir.
Yuxarıda qeyd olunduğu kimi, erməni tərəfini narahat edən daha bir məqam Azərbaycanın Türikyədən yeni raketlər və digər silahlar ala biləcəyidir. Əslində, bu məsələdə ermənilərin narahatlığı heç də əsassız deyil. Artıq məlumdur ki, Azərbaycan Türkiyənin məşhur ROKETSAN şirkətinin "Xan" adlanan uzaqmənzilli raket sistemi ilə yaxından maraqlanır. Rəsmi Bakı bu marağını Türkiyədə keçirilən İDEF-2017 sərgisində diqqətə çatdırıb. Sərgidə açıq sahədə, "Volat" maşını üzərində qurulmuş "Xan" kompleksi, ROKETSAN-ın qapalı pavilyonunda isə kompleksdə istifadə olunan 600 mm çaplı raket nümayiş olunub. Şirkət rəsmiləri bu xüsusda bildiriblər: "Biz "Xan" barədə hələ ötən ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2016 sərgisində Azərbaycanın dövlət rəhbərliyini məlumatlandırdıq. "Xan" öz sinfindəki raket sistemlərindən yüksək dəqiqliyi ilə seçilir". Qeyd edək ki, "Xan" raketinin çəkisi 2500 kq, döyüş başlığı 470 kiloqramdır. Raketin GNSS/ İNS və yalnız İNS naviqasiyası ilə hədəfə yönələn iki növü var. Raketin uçuşuna aerodinamik nəzarət və elektromexaniki dəqiqləşdirmə sistemi vasitəsilə nəzarət olunur. Raketin hədəfdən sapması maksimum məsafədə 50 metr təşkil edir.
Bundan başqa məlumdur ki, Türkiyənin "Vestel Savunma" və AYESAŞ şirkətləri Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi layihələrinə maraq göstərir. İDEF-2017 sərgisi çərçivəsində bununla da bağlı görüşlər keçirilib. AYESAŞ şirkətinin stendində olan müdafiə naziri Zakir Həsənova şirkətin mövcud layihələri barədə geniş məlumat verilib. AYESAŞ-ın Türkiyə və NATO-nu Hərbi Hava Qüvvələrinin modernləşdirilməsində oynadığı rol diqqətə çatdırılıb. Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyətləri AYESAŞ tərəfindən nümayiş etdirilən məhsullarla tanış olub. Bütün bunlar Ermənistanın ehtiyat etdiyi kimi Azərbaycan və Türkiyə arasında qarşılıqlı hərbi əməkdaşlığın dərinləşməkdə olduğunu göstərir. Yaanmış vəziyyətdə "armenianreport" portalı yazır ki, Ermənistan Türkiyə və Azərbaycan qarşısında Rusiyadan hansısa dəstək ala bilməyəcək. Əksinə, Rusiya gedərək daha çox Azərbaycan və Türkiyə tərəfə meyllənir. Bu xüsusda hətta Rusiyanın ABŞ-la da Qarabağ məsələsində Ermənistan üçün sərfəli olmayan Qarabağ sövdələşməsinə gedə biləcəyi istisna olunmur. Buna konkret nümunə kimi ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlandın "Vaşinqton Dağlıq Qarabağ münaqişəsində daha da aktivləşməlidir" sözləri və bu fonda baş verən proseslər diqqətə çatdırılır.
Riçard Hoqland Dağlıq Qarabağla bağlı son açıqlamalarında qeyd edir: "Mən razıyam ki, biz daha aktiv olmalıyıq. Lakin ABŞ-ın yeni administrasiyasının erkən dövründəyik. Yeni administrasiya hələlik xarici siyasi kursu və komandanı hazırlayır. Ona görə də gəlin bir az dözümlü olaq. Görəcəyik ki, yaxın aylarda bütün bunlar inkişaf edəcək". Erməni ekspertlər amerikalı həmsədrin bu açıqlamasını Vaşinqtonun Moskvanın da razılığı ilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında yeni gediş hazırlığı kimi şərh ediblər. Erməni jurnalist Naira Ayrumyan qeyd edir ki, bu durumda ABŞ təmas xəttində atəşkəsə nəzarət mexanizminin qurulması ilə bağlı tələbindən imtina edə bilər. Qeyd edək ki, atəşkəsə nəzarət mexanizmi ABŞ tərəfindən təklif olunub. Bu, Ermənistanın işğalçı siyasətinə şərait yaratdığı üçün Azərbaycan tərəfindən rədd edilib. Həmçinin, Rusiya da bu mexanizmlərin qurulmasına qarşı çıxır. Ermənistan isə israrla bu mexanizmlərin qurulmasını istəyir. N.Ayrumyan bildirir ki, ABŞ və Rusiya razılaşacağı təqdirdə mexanizmlərin qurulması məsələsi arxa plana keçə bilər: "Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovun Amerikada keçirdiyi görüşlərdə bu məsələnin də müzakirə olunması istisna deyil. Riçard Hoqlandın sözlərinə görə, Rusiya və ABŞ Qarabağ məsələsində sıx əməkdaşlıq edir. Deməli, mexanizm məsələsində də razılaşa bilərlər". Belə vəziyyətdə Ermənistanın Qarabağ məsələsində mövqelərinin daha zəif duruma düşməsi qaçılmaz sayılır.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.