Məhərrəm Zülfüqarlı: "Oyunlar zamanı ölkələr arasında yaranan isti münasibətlər, nəticə etibarilə, qarşıdurmaları azalda bilər"
Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan "OIC Journal"da Azərbaycan Prezidenti İlham Əliyevin "İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır" sərlövhəli məqaləsi böyük marağa səbəb olub. İslamiada ərəfəsində dərc olunan məqalədə bir sıra məsələlərə toxunulub. Məqalədə qeyd olunur ki, bu gün İslam aləmi ciddi çağırışlar, öz həllini gözləyən çoxsaylı problemlərlə üz-üzədir. Onların sırasında Prezident Qarabağ, Kəşmir, Fələstin problemi ilə yanaşı, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmaları, qaçqın böhranını və digər məsələləri xüsusi qeyd edib.
Məqalədə o da vurğulanıb ki, bu gün İslam dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var: "Buna görə də 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. "İslam Həmrəyliyi İli"nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, islamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaq".
Bütövlükdə, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları İslam dünyasında qanlı qarşıdurmaların həllinə, dövlətlərarası həmrəyliyə necə təsir göstərə bilər? Məsələyə münasibət bildirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, Bakıda keçirilən möhtəşəm idman yarışması qarşıdurmaları tam həll etməsə də, bunun həllində müəyyən rol oynaya bilər: "Məsələ ondadır ki, keçirilən idman yarışmasında 54 ölkə iştirak edir. Bu kifayət qədər böyük rəqəmdir və buna ciddi yanaşmaq lazımdır. Oyunlar zamanı ölkələr arasında yaranan isti münasibətlər, nəticə etibarilə, qarşıdurmaları azalda bilər. İslam dünyasında mövcud olan bəzi qarşıdurmalar yumşala bilər. Bu, bir növ, münasibətlərin yoluna düşməsinə açıq və ya dolayı təsir göstərə bilər. Yəni idman yarışması bir körpü ola bilər". Vidadi ORDAHALLI