Qulu İsmayılov: "Biz bu faktordan əziyyət çəkən ölkəyik"
"Washington Times" nəşrində iki ölkə arasında əməkdaşlığa dair yer alan məqalədə deyilir ki, Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır. Bildirilir ki, öz qonşularından fərqli olaraq Azərbaycan heç zaman enerjidən geosiyasi silah kimi istifadə etməyib.
9 milyonluq müsəlman ölkəyə rəhbərlik edən Prezident İlham Əliyevin, Vladimir Putin və Ayətulla Əli Xameneyidən fərqli olaraq, enerji ixracından siyasi məqsədlər üçün istifadə etməməsinin ABŞ üçün əhəmiyyət kəsb etdiyi önə çəkilir: "Bu 56 yaşlı lider anlayır ki, qışda Ukrayna vətəndaşlarının evlərində qaz olmasa, onlar soyuqdan məhv ola bilər, yaxud da yay aylarında Avropa bir neçə gün qazsız qalsa, qitələrarası daşınan və tez xarab olan məhsullar məhv ola bilər. Beləliklə, Orta Şərq yaxınlığında Azərbaycan Qərb üçün enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğunu sübut edib".
Yazıda qeyd olunub ki, Azərbaycanın həyata keçirdiyi TANAP və TAP layihələrində ABŞ-ın təcili dəstəyinə ehtiyacı var: "Bu layihə 2020-ci ildən Avropaya 355 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Bununla da Azərbaycan Avropaya enerji ixrac edən etibarlı ölkəyə çevrilir və Rusiyadan asılılığı azaldır".
Bildirilir ki, ABŞ-da 11 sentyabr hücumundan sonra Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Ross Vilsonu çağıraraq dəstəyini ifadə edib: "Qlobal terrorizmə qarşı mübarizədə ABŞ-Azərbaycan əməkdaşlığı onun oğlu İlham Əliyev tərəfindən də davam etdirilib. Bu gün ABŞ Hərbi Hava Qüvvələri maneəsiz Azərbaycanın hava məkanından uçmaq hüququna malikdir. Bu isə Pentaqon Nəqliyyat Komandanlığına məhsul və xidmətləri vaxtında ABŞ ordusuna çatdırmaq imkanı verir".
Azərbaycanın, öz qonşularından fərqli olaraq, heç zaman enerjidən geosiyasi silah kimi istifadə etməməsilə bağlı məqalədə qeyd edilən fikri necə başa düşmək olar?
Ekspert Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, nüfuzlu media orqanında Azərbaycanın roluna bu cür qiymət verilməsi olduqca sevindiricidir: "Əslində isə, bu məsələdə həqiqət ortaya qoyulub. Azərbaycan doğrudan da çox böyük meqalayihələrin iştirakçısıdır. Daha doğru ifadə etsək isə, təşəbbüskarıdır. İlham Əliyev dəfələrlə vurğulayıb ki, əvvəllər Bakı-Tiflis-Ceyhanın reallaşacağına da ümidlər olmayıb. Ancaq Azərbaycanın prinsipial mövqeyi həmin layihəni reallaşdıra bildi. TAP və TANAP-la da bağlı inamsızlıq vardı. Bu məsələdə də Azərbaycan olduqca prinsipial mövqe ortaya qoyur. Hazırda dünyanın neftə böyük tələbatı var. Məqalədə tamamilə doğru olaraq qeyd edilir ki, başqalarından fərqli olaraq, biz bu faktordan siyasi məqsədlər üçün istifadə etmirik. Rusiyanın siyasi rəqiblərinə qarşı enerji daşıyıcıları ilə necə manipulyasiya etdiyi göz qabağındadır. Azərbaycan isə enerji daşıyıcıları ilə bağlı layihələrə yalnız iqtisadi mənfəət nöqteyi-nəzərdən yanaşır. Fikir versəniz görərsiniz ki, əksinə, siyasi məqsədlərdən irəli gələn tələblər naminə bizim layihələrimizin reallaşmasına təzyiqlər göstərir və maneələr yaradırlar. Biz bu faktordan əziyyət çəkən ölkəyik. Yaxşı olardı ki, təbii ehtiyatların dünya bazarına çıxarılması məsələsində siyasi məqsədlər bir qədər arxa plana keçirilsin. Hesab edirəm ki, bunun iqtisadi faydasından bəşəriyyət xeyir görər".
Məhəmmədəli QƏRİBLİ