Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində atılan addımların Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən hansısa nəticə verməməsi konfliktin hərbi müstəvidə çözülə biləcəyinə dair xəbərdarlıqların yenidən artması ilə müşayiət olunur. Həqiqətən də məhz Ermənistanın tutduğu indiki mövqe məsələnin dinc yolla tənzimlənməsinə imkan vermir.
Belə görünür ki, düşmən tərəfə ciddi təzyiq olmasa, Qarabağ münaqişəsi ətrafında mövcud status-kvo dəyişməyəcək. Ermənistana təzyiqlər isə iki formada özünü göstərə bilər. Bunlardan birincisi münaqişənin dinc yolla həlli üçün vasitəçilik edən ATƏT-in Minsk Qrupunun Ermənistana real təsir rıçaqlarını işə salmasıdır. Hər üç həmsədrin, xüsusən də Rusiya və ABŞ-ın Ermənistana təsir və təzyiq imkanları kifayət qədər yüksəkdir. Onlardan bu imkanlardan istifadə etməsi İrəvanın nəhayət danışıqlarda konstruktiv mövqe nümayiş etdirməsinə gətirib çıxara bilər. Amma görünən odur ki, hələlik həmsədrlər bu imkanlarından istifadə etməyi düşünmür. Bu da konfliktin həllini uzadır və Azərbaycan belə vəziyyətlə barışmaq niyyətində olmadığını İrəvana, eləcə də həmsədrlərə çox aydın surətdə çatdırıb.
Düşmən ölkəyə daha bir təsir vasitəsi isə Azərbaycanın hərbi qüdrətidir. Ötən ilin aprel olaylarında Azərbaycan ordusunun erməni hərbi qüvvələrinə qarşı təşkil etdiyi əks həmlələr çox qısa zaman kəsiyində Ermənistanı yenidən danışıqlar masasına qaytardı. Hətta tezliklə münaqişənin həlli istiqamətində artıq əməli addımlar atılacağına dair məlumatlar yayıldı. Lakin sonradan Ermənistanın hamilərindən gördüyü dəstək vəziyyəti dəyişdi. İndi də belə görünür ki, yaranmış vəziyyətdə cəbhədə durum yenidən gərginləşə bilər. Bunun ümdə səbəbi həm erməni təxribatlarının artması, həm də Qarabağ danışıqlarının nəticəsizliyidir. Əslində, müharibənin yenidən alovlana biləcəyinə dair artıq beynəlxalq miqyasda da xəbərdarlıqların sayı artır. Məsələn, ABŞ Milli Kəşfiyyat Agentliyi 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artacağını açıqlayıb. Agentliyin direktoru Daniel Kouts dünyada artan risqlərlə bağlı hesabatı Konqresə təqdim edib. Həmin hesabatda deyilir ki, 2017-ci ildə Dağlıq Qarabağda hərbi toqquşmaların yenilənməsi risqi yüksəkdir: "Dağlıq Qarabağ zonasında Ermənistan və Azərbaycan arasında gərginlik 2016-cı ilin aprelində baş verdi. Tərəflərin güzəştə getmək istəməməsi və daxili təzyiqlərin artması nəticəsində münaqişə zonasında 2017-ci ildə hərbi toqquşmaların yenilənməsi risqi böyükdür".
Azərbaycan əslində məsələnin dinc yolla həllində maraqlı olsa da, qarşı tərəfin heç bir addım atmaması ölkəmizə başqa seçim imkanı qoymur. Ölkəmiz artıq bu xüsusda ən yüksək səviyyədə xəbərdarlığını dəfələrlə edib. Elə Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan təntənəli mərasimdə yenidən bu mövzuya toxunaraq bildirib: "Bu gün ordu quruculuğu prosesi uğurla gedir. Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bunu bütün beynəlxalq reytinqlər də təsdiqləyir. Həm maddi-texniki təminat, təchizat, döyüş qabiliyyəti, vətənpərvərlik ruhu baxımından bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bunu keçən ilin aprel ayında baş vermiş toqquşma da göstərdi. Qəhrəman Azərbaycan əsgər və zabitləri işğal edilmiş torpaqların bir hissəsini - Ağdərə - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi, - Füzuli, Cəbrayıl rayonlarının torpaqlarını işğalçılardan azad etdilər, orada Azərbaycan bayrağı qaldırıldı. Budur, bugünkü Azərbaycan ordusu. Biz ordumuzla fəxr edirik və heç kimə imkan verə bilmərik ki, ordumuzun uğurlarına kölgə salsın. Ordumuz keçən il göstərdi ki, nəyə qadirdir və Azərbaycan ordusu işğal edilmiş torpaqları hər an azad etməyə qadirdir".
Beləliklə, Azərbaycan həm Ermənistana, həm də həmsədrlərə seçim imkanı verir: ya danışıqlar vasitəsilə konfliktin çözümü istiqamətində addımlar atılmalıdır, ya da məsələnin güc yolu ilə çözümü qaçılmaz olacaq. Bu xüsusda mövcud situasiyanı nəzərə alaraq, ilk növbədə Rusiya və ABŞ-ın məsələnin dinc müstəvidə tənzimlənməsi üçün əməli addımlar atması vacib sayılır. Yeri gəlmişkən qeyd edək ki, bu mövzuya Vaşinqtondakı Atlantika Şurası Mərkəzində "Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq siyasətdə" mövzusunda keçirilən "dəyirmi masa"da da xüsusi olaraq toxunulub. Dinu Patrisiu Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Con Herbstin sədrliyi ilə keçirilən tədbirdə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland, Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun və İpək yolunun öyrənilməsi proqramının direktoru Svante Kornell, Atlantika Şurasının Qlobal Energetika Mərkəzinin təmsilçisi Brenda Şaffer və Amerika Xarici Siyasət Şurasının üzvü Stiven Blank çıxış edib. Tədbirdə Ermənistanla Azərbaycan arasında 25 ildən bəri davam edən münaqişənin spesifikası, regionda geosiyasi vəziyyət və maraqlar, Svante Kornellin redaktəsi ilə nəşr edilmiş "Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq siyasətdə: əzəli "dondurulmuş münaqişə" və Avropanın təhlükəsizliyi" adlı yeni kitabda şərh edilmiş məsələlər, o cümlədən son illərdə bu münaqişənin hərbi eskalasiyası məsələsi müzakirə edilib.
Akademik dairələrin, ABŞ administrasiyasının və Vaşinqtonda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri qarşısında çıxış edən Riçard Hoqland deyib ki, ABŞ Minsk Qrupu vasitəsilə işi davam etdirməyə və bu münaqişənin həllində tərəflərə kömək etməyə hazırdır. O qeyd edib ki, hərtərəfli tənzimləmə planı BMT Nizamnaməsinin və Helsinki Yekun Aktının baza prinsiplərinə, o cümlədən ərazi bütövlüyü və təyini-müqəddərat prinsiplərinə əsaslanır.
S.Kornell isə Ermənistan-Azərbaycan münaqişəsinin spesifikasına toxunaraq qeyd edib ki, Qafqazda geosiyasi vəziyyətlə Yaxın Şərqdəki hadisələr arasında əlaqənin olduğu getdikcə aşkar görünür: "Bu, məsələdə marağı olan tərəflərin dondurulmuş münaqişələrlə manipulyasiya etmələrinə şərait yaradır. Həm Avropa ittifaqının rəhbərliyi, həm də ABŞ münaqişənin tənzimlənməsi prosesinə lazımınca diqqət yetirməlidir, çünki status-kvonun davam etməsi hərbi münaqişənin daha da genişlənməsinə şərait yaradır". B.Şaffer və S.Blank regionun geosiyasi reallıqları və Ermənistan-Azərbaycan münaqişəsi kontekstində region dövlətlərinin rolu barədə danışıb. Qeyd edilib ki, Azərbaycan bazar qiymətləri üzrə silah almaqla öz hərbi potensialını artırdığı halda Ermənistan silahları güzəştli qiymətlərlə alır. S.Blank vurğulayıb ki, regionda "İsgəndər" raket komplekslərinin peyda olması və Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın mülki obyektlərinə və infrastrukturlarına raket zərbələri endirməyə hazır olması barədə bəyanatları vəziyyəti çox kəskinləşdirib. Ekspertlər vurğulayıblar ki, münaqişənin tənzimlənməsi Ermənistanın müstəqilliyinin bərpa edilməsinə və onun iqtisadi inkişafına şərait yaradar.
Ermənistanın ABŞ-dakı səfirliyinin nümayəndəsi iradını bildirib ki, kitabın "Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq siyasətdə: əzəli "dondurulmuş münaqişə" və Avropanın təhlükəsizliyi" adı həqiqətə uyğun deyil, çünki guya həmin münaqişə "Dağlıq Qarabağla Azərbaycan arasında" münaqişədir və "təyini-müqəddərat" prinsipinə əsasən Dağlıq Qarabağ müstəqil olub. S.Kornell bu iradın cavabında bildirib ki, münaqişə hələ 1987-ci ilin sonunda Dağlıq Qarabağ Muxtar Vilayətində deyil, Cənubi Ermənistanda başlanıb (Masisdə və Quqarkda azərbaycanlılara kütləvi hücumlar və onların qovulması nəzərdə tutulur) və sonradan dövlətlərarası münaqişəyə çevrilib. Təyini-müqəddərat prinsipi barədə qeyd edilib ki, BMT Nizamnaməsində təyini-müqəddərat prinsipinin özü avtomatik "müstəqillik" nəzərdə tutmur, o həm də Azərbaycanın ərazi bütövlüyü daxilində təyini-müqəddərat kimi başa düşülə bilər. Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsi bu məsələni şərh edərək deyib ki, Helsinki Yekun Aktında qeyd edildiyi kimi, dövlətlər daim BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, habelə beynəlxalq hüququn müvafiq normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə aid normalara riayət etməklə xalqların hüquq bərabərliyinə və öz talelərini həll etmək hüququna hörmət etməlidir. Ekspertlər öz çıxışlarında vurğulayıblar ki, ABŞ-ın rəhbər şəxslərinin əksəriyyəti son illərdə beynəlxalq təhlükəsizlik üçün təhdid olan bu münaqişəyə lazımınca diqqət yetirmir. Onlar münaqişənin tənzimlənməsi prosesində ABŞ-ın fəal iştirakını bərpa etməyin vacib olduğunu qeyd ediblər. Beləliklə, bu tədbirdə xüsusi olaraq diqqətə çatdırılıb ki, ABŞ regionda müharibə istəmirsə, Qarabağ məsələsinin həllində aktiv mövqeyə keçməlidir. Eyni mövqeni "Washington Times"da nəşr olunan məqaləsində"Caspian Group Holdings"in icraçı direktoru Rob Sübhani də xüsusi olaraq qabardır: "ABŞ prezidenti Donald Tramp Azərbaycan kimi etibarlı müttəfiqin olması faktını qiymətləndirməli və Azərbaycanı dəstəkləməlidir. Azərbaycan torpaqlarının bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunub və işğal faktı hələ də davam edir. Azərbaycan Prezidenti İlham Əliyev dondurulmuş münaqişələrin sülh yolu ilə həllini istəyir və Azərbaycan torpaqlarının 20%-ni işğal edənlərin təmsilçisi olduqları xalqa qarşı nifrət təbliğ etmir. Azərbaycan Prezidentinin münaqişəni sülh yolu ilə həll etmək istəyi Donald Tramp administrasiyasına Moskva ilə əməkdaşlıq etmək və regiona hər iki tərəf üçün faydalı olacaq sülh gətirilməsi üçün yol açır. Prezident Tramp Pensilvaniyadakı ofisindən bayıra baxanda, təbii ki, Azərbaycanı görmür. Amma o, aradakı uzun məsafəyə baxmayaraq, Birləşmiş Ştatların müttəfiqi olan ölkəni qiymətləndirməli və onu dəstəkləməlidir". Xatırladaq ki, bundan əvvəl də ABŞ-ın Qarabağ məsələsində fəal siyasət yürütməsinin vacibliyinə dair okeanıın o tayında dəfələrlə çağırışlar edilib. İndi ABŞ Rusiya ilə birgə hərəkət edərək Qarabağ məsələsinin dinc müstəvidə çözümünə nail ola bilər. Əks halda son sözü Azərbaycan ordusu deməli olacaq.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.