Məhəmməd Əsədullazadə: "Ərbildə Azərbaycanın konsulluğunun yaradılması burada yaşayan türkman soydaşlarımıza mənəvi dəstək, həmçinin..."
"Hesab edirəm ki, biz hələ gecikirik"
Kürdüstan Regional Hökuməti İraqın şimalında muxtar vilayət statusuna malikdir. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk daxildir. 1997-ci ildə aparılmış rəsmi siyahıyaalmaya əsasən, əhalisi 2,861,701 nəfər, 2003-cü ildə 4,621,578 nəfər, ərazisi 41.047 min kvadratkilometrdir. İnzibati mərkəzi Ərbil şəhəridir. Sözügedən bölgədə çoxlu sayda türkmanlar yaşayır.
Yanvar ayında Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani ilə görüşüb. Ölkə başçısı xalqlarımız arasında tarixi, mədəni əlaqələrin olduğunu qeyd edərək, Məsud Bərzaninin atasının vaxtilə bir müddət Azərbaycanda yaşadığını xatırladıb.
Bərzani atasının xatirəsini yad etdiyi üçün dövlət başçısına minnətdarlığını bildirərək, atasının Bakı ilə bağlı xatirələrini hər zaman məmnunluqla yad etdiyini vurğulayıb. Görüşdə Azərbaycanla İraq Kürdüstan Regional Hökuməti arasında energetika, ticarət, idxal-ixrac və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edilib.
M.Bərzani İraq Kürdüstan Regional Hökumətinin Azərbaycan şirkətləri ilə müxtəlif layihələr üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirib, əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.
O da məlumdur ki, İraq Kürdüstanında bir çox dövlətlərin diplomatik, mədəni, ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Bu baxımdan Azərbaycanın da Ərbildə konsulluğunun və yaxud da digər nümayəndəliyinin açılmasına ekspertlər necə yanaşır? Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, prinsipcə, buna ehtiyac var: "Məsələ ondadır ki, İraqın şimalında regional kürd muxtariyyətində bir neçə ölkənin konsulluğu fəaliyyət göstərir. Təbii ki, bu, mərkəzi Bağdad hökuməti ilə razılaşma əsasında, beynəlxalq qanunlara uyğun olaraq həyata keçirilir. Regional muxtariyyətin mərkəzi olan, həmçinin, İraqın Ərbil şəhərində, bir çox dövlətlər kimi, Azərbaycanın da diplomatik konsulluq açması hazırkı siyasi situasiyaya uyğundur. Həmçinin, ölkəmizin Şimali İraqda konsulluğu mənəvi borcumuzdur. Hesab edirəm ki, biz hələ gecikirik. Çünki Şimali İraqda milyondan çox soydaşımız yaşayır. Türkman soydaşlarımız Yaxın Şərqdə davam edən müharibədə ən çox zərər çəkib. Bunlara mənəvi, həmçinin, maddi dəstək olmaq bir dövlət kimi bizi qayğılandırmalıdır. Ona görə də Ərbildə Azərbaycanın konsulluğunun yaradılması burada yaşayan türkman soydaşlarımıza mənəvi dəstək, həmçinin, Azərbaycanın bu regionda iqtisadi-siyasi əlaqələrinin möhkəmləndirilməsinə və inkişafına səbəb olar. Bildiyimiz kimi, Şimali İraq kürd ərazisi böyük neft-qaz yataqlarına malikdir. Burada böyük dövlətlərin, həmçinin qonşu dövlətlərin marağı şəksizdir. Azərbaycan da neft sahəsində böyük beynəlxalq şəbəkəyə malikdir. Azərbaycan burada neft-qaz sahəsi üzrə geniş əməkdaşlıq etmək perspektivlərinə malikdir.
Bu günlərdə Ermənistan Ərbildə konsulluq açdı. Ermənistanın burada məqsədi kürd yönətimindən ucuz neft almaqdır. Hesab edirəm ki, Azərbaycan burada konsulluq açmalı, türkmanlardan istifadə edərək Ermənistanın burada fəaliyyətinə imkan verməməlidir. Artıq dəyişən dünya düzəni, regional problemlərin həlli Azərbaycanın da Yaxın Şərqlə əməkdaşlığını labüd edir".
Vidadi ORDAHALLI