Zakir Əhmədov: "Bu, ölkədə qeyri-neft sektorunun inkişafı baxımından uğurlu siyasətdir"
Fransada səfərdə olan Prezident İlham Əliyevin ölkənin işgüzar dairələri ilə xeyli görüşləri olub. Ölkə başçısının səfəri Fransa ilə diplomatik münasibətlər qurulmasının 25 illiyi ilə əlaqədar həyata keçirilir.
Belə ki, Prezident Parisdə "Total" şirkətinin prezidenti Patrik Puyane, "Airbus" şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikola Şamüsi, "SUEZ" qrupunun baş direktor müavini Mari-Anje Debon, müdafiə sənayesi məhsulları istehsal edən DNCS şirkətinin rəhbəri Erve Giun, "Credit Agricole SA" bankının baş direktor müavini Ksavye Muscu, "CIFAL" prezidenti Jil Remin və "Vivaction" prezidenti Rişar Marin, habelə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüş keçirib. Prezident vurğulayıb ki, fransız şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu ondan irəli gəlir ki, Azərbaycanda sərmayə yatırmaq üçün əlverişli biznes mühiti var.
Xatırladaq ki, Prezident İlham Əliyev bu görüşləri Fransaya səfərin ilk günündə, Prezident Ollandla görüşdən əvvəl keçirib.
Bütövlükdə, İlham Əliyevin Fransanın işgüzar dairələri ilə yüksək səviyyəli görüşlər keçirməsinin nə kimi əhəmiyyəti var? Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədovun fikrincə, bunun Azərbaycan üçün əhəmiyyəti böyükdür: "Məsələ ondadır ki, Fransa Almaniyadan sonra Avropa İttifaqında güclü iqtisadiyyata malik ikinci dövlətdir. İqtisadiyyatın bir sıra sahələri üzrə Fransa şirkətləri fərqlənir. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinin qarşıya əsas məqsəd qoyulduğunu nəzərə alsaq, bu baxımdan sözügedən ölkənin imkanlarından faydalana bilərik. İlham Əliyevin işgüzar dairələrlə keçirdiyi görüşlər Fransa şirkətlərini Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa həvəsləndirəcək. Çünki xarici dairələr də görürlər ki, son illər Azərbaycanda sistemli islahatlar həyata keçirilir. Bu islahatların kompleks şəkildə həyata keçirilməsi əcnəbi şirkətlərin Azərbaycana marağını artırır. Bu da ölkədə qeyri-neft sektorunun inkişafı baxımından uğurlu siyasətdir". Vidadi ORDAHALLI