Bakıda "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda bildirilib ki, 25 ildən artıqdır Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh və əminamanlıq üçün ciddi təhlükə olaraq qalır. Münaqişə illəri ərzində 10 minlərlə insan həlak olub, 1 milyondan artıq insan öz yurd-yuvasından qaçqın və köçkün düşüb. Azərbaycan torpaqlarının 20%-ə qədəri erməni silahlı qüvvələri tərəfindən işğal olunub.
Bu illər ərzində münaqişənin həllinə nail olunmayıb. Buna səbəb, beynəlxalq ictimaiyyətin passivliyi ilə yanaşı, Ermənistan rəhbərliyinin (hakimiyyətinin) təcavüzkar siyasəti, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin və digər təşkilatların çoxsaylı qətnamələrini yerinə yetirmək istəməməsidir. Belə münasibət Dağlıq Qarabağ münaqişəsinin miqyasının genişlənməsinə səbəb oldu. 2016-cı ilin aprel ayının əvvəllərində Qarabağ cəbhəsində qısamüddətli hərbi əməliyyatların bərpası nəticəsində Azərbaycan Silahlı Qüvvələri erməni işğalı altında olan bəzi strateji vacib əraziləri azad etməyə nail oldu. Hər iki tərəf itkilərlə üzləşdi. Lakin Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən imtina etmir və məsələnin sülh yolu ilə nizamlanması istiqamətində axtarışları davam etdirir.
Qeyd olunub ki, 6 dekabr 2016-cı il tarixində Bakıda Azərbaycan və Ermənistanın bir qrup ictimai xadim və sülhməramlıları birləşib "Ermənistan və Azərbaycan arasında sülh platforması" yaradıb. Son aylar ərzində həmin "platforma"ya çox sayda erməni fəalları, başqa xalqların və ölkələrin nümayəndələri qatılıb. Məhz bu sülhməramlı missiyanı genişləndirmək və müxtəlif ölkələrin siyasi, elmi birliklərini cəlb etmək məqsədilə Bakıda "Qafqaz Tarix Mərkəzi" İctimai Birliyi tərəfindən təşkil olunmuş "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" adlı Beynəlxalq elmi-praktik konfrans keçirildi. Beynəlxalq konfrans tarixi suallara, beynəlxalq dialoqun genişləndirilməsinə və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılması istiqamətində Azərbaycan-Ermənistan dialoquna həsr edilib. Tədbirdə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Qazaxıstan, Kanada, Ukrayna, İsveç, Özbəkistan alimləri, siyasətçiləri, ictimai xadimləri, həmçinin erməni ictimai xadimləri, tədqiqatçıları iştirak edib. Müxtəlif ölkələrdən 50-dən çox alim və siyasətçinin qatıldığı tədbirdə, həmçinin, Azərbaycanın dövlət strukturlarının, diplomatik missiyaların təmsilçiləri, Bakıda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri də iştirak edib.
Erməni tədqiqatçı Bakıda belə dedi:"İnsanlar erməni millətçilərinin uydurduğu saxta tarixə görə məhv olur..."
İnsanlar erməni millətçiləri tərəfindən uydurulmuş saxta tarixə görə məhv olur. "Trend"in məlumalına görə, bunu Ukraynadan olan tədqiqatçı, əslən Dağlıq Qarabağdan olan Artur Ağacanov Bakıda "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
O qeyd edib ki, əsrlər boyu Qarabağ torpağı müxtəlif müharibə və münaqişələr meydanı olaraq qalır: "Bu proseslər nəticəsində onun qədim mədəniyyətinə, məbədlərinə, memarlıq abidələrinə və xalqların irsinə ziyan dəyib. Qarabağ həm də qədim Qafqaz Albaniyası dövlətinin bir hissəsi olub. Bu qədim dövlətin özünün xüsusi mədəniyyəti, tarixi və memarlığı, xristian dünyasının ən qədim kilsələrindən biri olan Alban Avtokefal Kilsəsi olub. Lakin hazırda bu qədim irs ya məhv edilir, ya da erməni mədəniyyəti və tarixi kimi qələmə verilir".
Tədqiqatçının sözlərinə görə, artıq iki əsrdir ki, Türkiyə, İran və Yaxın Şərqdən olan erməni köçkünləri qədim Qarabağ torpaqlarını özününküləşdirir: "Bu dövr ərzində Eçmiədzin kilsəsinin dəstəyilə qədim Alban Avtokefal Kilsəsi ləğv edilib. Qanzasar, Amaras (ağ oğlan) və Alban kilsəsinin digər patriarx taxtlarının ləğv edilməsi nəticəsində Qarabağda, eləcə də Cənubi Qafqazda olan çoxsaylı xalqlar, onların mədəniyyəti, məbədləri, kitabları və irsi Eçmiədzin erməni kilsəsinin əlinə keçdi. Bu xalqların bir hissəsi - qıpçaq türkləri, udin, aysor, tat, kürd və s. erməni qriqorianlığını qəbul etdi. Lakin onların erməni xalqına və Eçmiədzinə heç bir aidiyyəti yox idi. Bu xalqların etnik mənsubiyyəti zor gücünə dəyişdirilərək erməniləşdirilib".
A.Ağacanov bildirib ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi və qədim Qafqaz Albaniyasının tarixinin, xristian mədəniyyətinin bir hissəsi olduğunu dilə gətirən hər kəs həyati təhlükə ilə üzləşib: "Lakin biz hesab edirik ki, həqiqəti deməkdən çəkinməməli və onun üçün mübarizə aparmalıyıq. Qarabağ problemi həll olunmalıdır. Əks halda bu problemlə bizim övladlar üzləşəcək və artıq onların qanı axıdılacaq". O əlavə edib ki, insanlar erməni millətçiləri tərəfindən uydurulmuş saxta tarixə görə məhv olur və bu davam edir: "Xalqlarımızın başına gələn bəla məhz bu tarixi konsepsiyadan irəli gəlir. Biz saxta tarixi ifşa etməli və qan tökülməsinin qarşısını almalıyıq. Biz Azərbaycanda Alban kilsəsinin və məbədlərdə ibadətin bərpası xəbərini sevinclə qarşıladıq. Yaxın gələcəkdə bu məqsədlə biz Qarabağın taleyi və tarixinə biganə olmayan insanların da qatıla biləcəyi bir təşkilat yaradacağıq".
"Dağlıq Qapabağ münaqişəsinin tezliklə pozitiv planda həlli yaxındır"- deyən A.Ağacanov bildirib ki, əsas məsələ münaqişənin həllinə inanmaqdır: "Mən erməniyəm, Bakıda anadan olmuşam, təmiz qarabağlıyam. Qarabağda indi müxtəlif xalqların nümayəndələri yaşayır. Mənim tanıdığım ermənilər arasında münaqişə ilə bağlı eyni fikirləri bölüşənlər var. Amma onlar bunu açıq şəkildə dilə gətirməkdən ehtiyat edir. Öz aralarında isə münaqişənin həllinə pozitiv yanaşırlar. Bizi yalnız din ayırır ki, bu o qədər də önəmli amil deyil. Bu mənim fikrimdir. Ola bilsin ki, hazırda Ermənistanda türklər də yaşayır. Məsələn, mənim soyadım Ağacanovdur. Bu isə o deməkdir ki, bizim ümumi köklərimiz var. Məsələn, Allahverdiyev, Mirzəbəyov kimi ortaq soyadlar var".
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni format təklifi: Rusiya-Türkiyə-İran...
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni formatın yaradılması təklif edilir. Bu təkliflə Rusiya Federasiyasının prezidenti yanında Vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları birliyinin, prezident yanında İctimai Palatanın üzvü Maksim Şevçenko beynəlxalq elmi-praktik konfransda çıxış edib. O deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ATƏT-in Minsk Qrupu vasitəçilik imitasiyası edir. M.Şevçenko bildirib ki, ATƏT-in Minsk Qrupunun üzvləri, xüsusilə də ABŞ və başqaları vəziyyətin həllində maraqlı deyil: "Problem yalnız Rusiya-Türkiyə-İran formatının fəal inkişafı ilə həll edilə bilər. Vəziyyətin həlli təkcə Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlarını deyil, həm də bütün qaçqınların qarşılıqlı qaytarılması üçün imkan yaradılmasını əhatə etməlidir". Onun fikrincə, münaqişənin hərbi yolla həlli yoxdur: "Eskalasiya Gürcüstan, Rusiya və NATO ölkələrinin ərazisində birbaşa münaqişəyə səbəb olacaq. Ermənistan Rusiya Federasiyasına qədər dəhliz tələb edəcək. Gürcüstan NATO-ya müraciət edəcək. Rusiya Federasiyası regionda öz maraqlarını qorumaq üçün hərəkətə başlayacaq. Azərbaycan üçün bu, İran və Rusiya Federasiyası arasında qalmaq, eləcə də öz aktivlərini və Rusiya Federasiyasında olan siyasi təsirini təhlükə altına qoymaq deməkdir". M.Şevçenko bildirib ki, ATƏT-in Minsk urupunun üzvü olan dövlətlər Azərbaycan və Ermənistana eyni silahları satır və bununla da balansı qoruduqlarını iddia edirlər: "Ermənistan və Azərbaycan arasında müharibə başlasa, münaqişəyə Rusiya, Gürcüstan, o cümlədən Türkiyə cəlb olunacaq. İslam həmrəyliyi, cihad çağırışları, digər tərəfdən xristian həmrəyliyi çağırışları səslənəcək. Münaqişənin proqnozlaşdırılmayan nəticələri ola bilər. Radikal addım, müharibə terrorizmin inkişafına şərait yaradar. Bu gün biz Suriyada, İraqda bunu görürük".
A.Şevçenko deyib ki, regionda Qərbin təsirinin artmasında maraqlı olmayan üç dövlətdən ibarət Rusiya-Türkiyə-İran formatı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən münasib formatdır: "Bu gün Azərbaycana özünü qardaş sayan Türkiyəyə Avropada təhqiramiz münasibət bəslənir, Rusiya və İran isə "şər oxları" kimi təqdim olunur. Bəs kim yaxşıdır?! Bu gün konyunktur dəyişir. Faciəli müharibə nəticələri görmək istəməyənlər bunu anlamalıdır. Biz müharibə ritorikasından sülh ritorikasına keçməliyik. Qərb Qarabağ münaqişəsinin həllində, Qafqazda sülhdə maraqlı deyil".
Maksim Şevçenko deyib ki, Ermənistan tərəfindən həyata keçirilən deportasiyalar və etnik təmizləmələr diqqətdən kənarda qalmamalıdır. O xatırladıb ki, Qarabağdan və Ermənistandan yüz minlərlə azərbaycanlı qovulub.
M.Şevçenko qeyd edib ki, Qafqaz üç keçmiş imperiya - Osmanlı, Fars və Rusiya imperiyalarının mübarizə meydanında yerləşir və onlardan hər biri hesab edir ki, bu torpaqlara nəzarət etmək hüququ var. Onun sözlərinə görə, dünyada bu cür nümunələr çoxdur. Balkan bölgəsi də belə regionlardandır. O bildirib ki, Qafqaz üçün bu üç ölkədən birinin tərkibinə və ya bölgədə aktiv iştirak edən Avropa İttifaqına daxil olmaq həll yolu deyil: "Bu cür addımlar yalnız münaqişələrə səbəb ola bilər. Bu isə Qafqaz reallıqlarına uyğun deyil".
Azərbaycan barədə danışan M.Şevçenko qeyd edib: "Azərbaycan çoxmillətli dövlətdir və bütün yaşananlara baxmayaraq, müharibəyə hazırlaşmır. Azərbaycan böyüyür, inkişaf edir, genişmiqyaslı tədbirlər keçirir. Bunu qonşu ölkələr barədə isə demək olmaz". O bildirib ki, Ermənistanda "Daşnaksutyun" partiyası qalib gələrsə, müharibə bu ölkənin siyasi kursunun əsasını təşkil edəcək. Bu isə hamı üçün təhlükəlidir. M.Şevçenko həmçinin xatırladıb ki, Ermənistanın siyasi kursu səbəbilə ölkəni çox adam tərk edib.
Erməni hüquq müdafiəçisi Ermənistanı "konslager" adlandırdı...
"Ermənilərin öz fikirlərini açıq ifadə etmələri üçün onları əvvəlcə 25 il yaşadıqları "konslager"lərdən azad etmək lazımdır". Bunu İsveçdə yaşayan erməni hüquq müdafiəçisi Vahe Avetyan Bakı konfransında deyib.
V.Avetyan qeyd edib: "2016-cı ildə Bakıda olarkən mən 1992-ci ilin 25-26 fevral tarixlərində erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi soyqırım qurbanlarının xatirəsini yad etdim. Yəqin ki, bu, Ermənistanda birmənalı qarşılanmadı. Biz o qədər vəhşiləşmişik ki, kimsə özünü normal aparanda təəccüblənirik. Bir çox erməni ictimai xadimləri və sadə insanlar məni dəstəkləyir. Lakin ermənilərin öz fikirlərini açıq ifadə etmələri üçün onları əvvəlcə 25 il yaşadıqları "konslager"lərdən azad etmək lazımdır".
O bildirib ki, Ermənistanda bir sözə görə adamı şikəst edə və öldürə bilərlər: "Mən və bir qrup erməni ictimai xadim 20 ildən çox davam edən münaqişədən sonra ilk dəfə Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdik. Mənim gəlişimin məqsədi odur ki, Ermənistan prezidenti Serj Sarkisyanın yaratdığı qatil erməni stereotipi yox olsun. Ermənilərin çoxu mənim kimi hiss edir, mənim kimi fikirləşir". V.Avetyanın sözlərinə görə, Ermənistanda çoxları başa düşür ki, ölkədəki hakimiyyət bir qrup cinayətkar dəstənin əlinə keçib və heç də hamı Qarabağ münaqişəsi üzrə siyasəti dəstəkləmir: "Deməzdim ki, xalq əvvəldən nə isə istəyirdi, xüsusən də indi. Xalqın fikrini manipulyasiya etmək üçün kütləvi təşviqat və təbliğatın bütün texnologiyalarından istifadə edilir. Demək olar ki, hamı sülh istəyir. Sadəcə onu bilmirəm ki, buna necə nail olmaq olar? Biz bütün insan münasibətlərini addım-addım bərpa etməliyik. Proses başladı. İrəli gedək".
Sarkisyan özü bunu Poznerə etiraf edib...
"25 ildən çoxdur ki, Ermənistan rəhbərliyi guya dünyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "müstəqilliyini" tanımağa başladığını bəyan edərək öz xalqını aldadır. Lakin bu illər ərzində qondarma rejimi heç bir ölkə, o cümlədən Ermənistan özü tanımayıb". Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov beynəlxalq elmi-praktik konfransda belə deyib.
F.Axundov qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib: "Müqayisə üçün: faşist Almaniyası SSRİ ərazisinin cəmi 9 faizini işğal etmişdi". Onun sözlərinə görə, müharibənin əvvəlində Ermənistanda Azərbaycanın bu əraziləri güzəştə gedəcəyinə və onları qaytarmağı tələb etməyəcəyinə inanırdılarsa, bu gün bu mif artıq dağılıb: "Ermənistanda yaxşı anlayırlar ki, Azərbaycan öz işğal edilmiş ərazilərini mütləq geri alacaq".
PA rəsmisi qeyd edib ki, bu gün tarixçi-araşdırmaçılar saxta erməni tarixşünaslığı ilə bağlı mövqelərini bildirməlidirlər: "Serj Sarkisyan dünyada yeganə prezidentdir ki, uğrunda mübarizə apardığı rəsmi tarixşünaslığın məqamlarından xəbərsizdir. O bu barədə Poznerə (rusiyalı jurnalist, teleaparıcı Vladimir Pozner - red.) müsahibəsində danışıb".
F.Axundov bildirib ki, Dağlıq Qarabağdakı insanlar terror qorxusu altındadır, lakin bu gün regiondan kənarda yaşayan ermənilər nizamlanma prosesinə fəal cəlb olunur.
Oleq Kuznetsov bütün bəşəriyyəti Xocalı soyqırımının tanınması ilə bağlı petisiyanı dəstəkləməyə çağırdı...
"Xocalıda törədilmiş cinayətlər bu gün Suriya və İraqda da törədilir. Ən birinci səbəb aradan qaldırılmayana, yəni Xocalı soyqırımı tanınmayana qədər bu cür cinayətlərin qarşısını almaq mümkün olmayacaq. Ona görə də mən martın 6-da Xocalı soyqırımının tanınması ilə bağlı Rusiya parlamentinə bu soyqırımın tanınması ilə bağlı petisiya təşəbbüsü irəli sürmüşəm".
Rusiyalı politoloq Oleq Kuznetsov Bakıda "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda belə deyib. O.Kuznetsov deyib ki, petisiyanın ünvanı Dövlət Dumasının deputatları və Federal Şuradır. O qeyd edib ki, erməni separatçıları tərəfindən Xocalıda törədilmiş soyqırım terrorizm cinayəti və insanlıq əleyhinə cinayətdir: "Artıq bu petisiyanın qəbul edilməsi mənim səlahiyyətimdə deyil. Lakin düşünürəm ki, bu məsələni qaldırmaq lazım idi. İyirminci əsrin sonunda törədilmiş bu cür vəhşi cinayətlə bağlı bu petisiyanın qaldırılması vacibdir... Məhz buna görə də mən tək azərbaycanlıları yox, bütün bəşəriyyəti bu petisiyanı dəstəkləməyə çağırıram. Terrorizmin məhv edilməsini dəstəkləyən bütün insanlar bu petisiyaya dəstək verməlidir ".
"Qarabağ ermənilərinin əksəriyyəti məcburən erməniləşdirilib"
Qarabağ xristianlarının əhəmiyyətli hissəsi məcburi olaraq erməniləşdirilib. Bunu "Rusiyanın cənubunun təhlili" dövri nəşriyyatının baş redaktoru Yevgeni Mixaylov Bakıda "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib. O qeyd edib ki, SSRİ-nin dağılması və Ermənistanın Azərbaycan ərazilərinə soxularaq torpaqları işğal etməsi səbəbindən başlayan Dağlıq Qarabağ münaqişəsinin yenicə gündəmə gəldiyi vaxtlarda Rusiyanın cənubunda hər yerdə haradan gəldikləri bəlli olmayan güclü erməni cinayətkar dəstələri özünü göstərməyə başladı:
"Ekspertlərin fikrincə, bu, 1990-cı illərdə erməni əhalisinin Ermənistandan və Azərbaycanın keçmiş Dağlıq Qarabağ muxtar vilayətindən kütləvi köçürülməsi ilə bilavasitə əlaqəli idi. Rusiyada onlar korrupsiyaya uğramış yerli hakimiyyət orqanlarına maliyyə yatırımı və rüşvət təklif edərək əhalinin kifayət qədər nəzərəçarpan təbəqəsinə çevrildilər. Onlar burada başqa xalqlarla sülh şəraitində yaşayan və "qədim xalq" adına iddialı olmayan yerli ermənilərin tarixi irsinə məhəl qoymurdular. İmmiqrantlar öz yerli həmvətənlərini adam yerinə qoymurdular. Mən dəfələrlə onları necə açıq-aşkar təhqir etdiklərinin, ikinci növ adlandırdıqlarının şahidi olmuşam."Böyük Ermənistan"a xəyanət etdikləri iddiaları ilə onları alçaldırdılar. Ən maraqlısı odur ki, yerli ermənilər uzun illər ərzində Eçmiədzin kilsəsi vasitəsilə məcburi erməniləşdirilməyə məruz qalan etnik olaraq başqa xalqdır. Mənim üçün əsas kəşf etdiyim o oldu ki, yerli ermənilər qədim qıpçaqların birbaşa davamçılarıdır və ermənilərin güclü təbliğatına görə bu barədə Rusiyada çoxları bilmir".
Baş redaktor bildirib ki, həmin qıpçaqların nəslindən olan rostovlu tədqiqatçı Eduard Vartanov artıq uzun illərdir Don vilayəti və qonşu rayonların "erməni-qıpçaqları"nın irsini və onların deetnikləşdirilməsi prosesini, yəni məcburi olaraq etnik erməniyə çevrilmələrini araşdırır: "Burada, həmçinin, Qarabağ xristianlarının mədəni-tarixi və mənəvi irsinin qorunub saxlanmasına çağıran ukraynalı tədqiqatçı, Qarabağ ermənilərindən olan Artur Ağacanovun da rolunu qeyd etmək lazımdır. A.Ağacanov saysız-hesabsız mənbə və faktlara əsaslanaraq sübut edir ki, Qarabağ xristianlarının əhəmiyyətli hissəsi xristian dünyasının ən qədim kilsələrindən biri olan Alban Avtokefal Kilsəsinin ləğvindən sonra məcburi olaraq Eçmiədzin kilsəsi vasitəsilə erməniləşdirilib. Qarabağ ermənilərinin əhəmiyyətli hissəsi qıpçaq, udin və digər xalqlar olub, lakin onlar məcburi olaraq etnik ermənilərin sırasına daxil edilib. Qarabağ, həmçinin Rostov, Stavropol, Krasnodar, Don və digər regionlardakı münaqişələrin səbəblərindən biri məcburən erməniləşdirmə və "Böyük Ermənistan" haqqında erməni tarixi konsepsiyasının təbliğatıdır".
Y.Mixaylov deyib ki, bütün bu tarixi faktlar dünya ictimaiyyəti tərəfindən diqqətlə qiymətləndirilməlidir.
Alban xristianlarının erməniləşdirilməsi tarixinə dair müraciət yayıldı
Diyarşünas, tədqiqatçı Eduard Vartanov (Rusiya), tədqiqatçı, əslən Dağlıq Qarabağdan olan Artur Ağacanov (Ukrayna) və "Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat"ın bir qrup fəalı "avaaz.org" beynəlxalq ictimai müraciətlər saytında "Beynəlxalq təşkilatlara çağırış: Alban Avtokefal Kilsəsinin irsini və türk-xristianlarını xilas edin" adlı müraciət yayıb.
APA-nın məlumatına görə, müraciət Bakıda "Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda beynəlxalq konfransda açıqlanıb. Dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanmış həmin müraciətdə deyilir:
"Əsrlər boyu Don, Krım, Ukrayna və Şərqi Avropada qıpçaq-xristianların (erməni-qıpçaqların) çoxsaylı cəmiyyətləri yaşayıb. Onların öz yaşayış regionlarında mühüm ticari və mədəni-tarixi rolu hamıya məlumdur, lakin onların xaç suyuna salınmasından (xristianlığı qəbul etməsindən) başlayaraq bütün əsrlər boyu Qafqaz Albaniyasının kilsəsinə ruhən bağlılığı indiki zamanda tamam unudulub. Çünki XIX əsrin cərəyanı zamanı Eçmiədzindəki erməni kilsəsi, Rusiya imperator sarayına yaxın olan erməni ictimai xadimlərini aldatmaq yolu ilə onların Eçmiədzinə tabe edilməsi üçün hər şey edərək, onların Qafqaz Albaniyasının kilsəsi ilə ruhi əlaqələrini qırdılar. Donda sovet hakimiyyətinin qurulmasının ilk illəri zamanı Anastas Mikoyanın simasında stalinçi rejim Dondakı intellektual elitanı - "alban xaç suyuna salınmasını" yaddaşda saxlayan türk-qıpçaq ata-babalarını total surətdə məhv etdilər. Lakin Don ermənilərinin müqaviməti tam qırılmayıb. Biz dil sahəsinə həmlələri müqavimətlə qarşılamağa davam edirik və həm bizim türk köklərimiz, eləcə də Alban Avtokefal Kilsəsi ilə ruhi əlaqələrə dair elmi tədqiqatların aparılmasında maraqlıyıq. Demək olar ki, təxminən doqquz əsr bundan qabaq bizim ata-babalarımız - bütpərəstlər Ani və Şirakda məskən salıblar (indiki Ermənistanın ərazisində) və burada Alban Avtokefal Kilsəsi onları xristian mədəniyyətinin tərkibinə qəbul etdi. Həmin illərdə hələ Cənubi Qafqazda heç bir "Eçmiədzin" yox idi. Erməni-qıpçaqlar öz dinlərini, dil və mədəniyyətini özləri ilə birgə Dona da gətirdilər. Eyni halda məcburi erməniləşdirmə prosesi qarabağlı xristianların, o cümlədən bir zamanlar mövcud olan Alban Avtokefal Kilsəsinin üzvləri olan türk-qıpçaqlarının başına gətirildi. Qarabağ albanlarının nəslindən əmələ gəlmiş bir qrup qarabağlı türk-xristianların adından beynəlxalq ictimaiyyətə müraciət edərək albanlarin mənəvi, mədəni, tarixi və memarlıq mirasının qalıqlarını erməniləşmədən xilas etmələrini istəyirik. Bizi axırıncı iki əsr müddətində məcburi olaraq Eçmiədzindəki erməni kilsəsinə tabe edərək, etnik dərketmədən məhrum etdilər, kilsələrimizi əlimizdən aldılar və etnik "erməni" kimi qeydiyyata aldılar. Ancaq əsrlər boyu Qarabağ xristianları XIX əsrin əvvəllərində ləğv edilmiş və bütün irsinin Eçmiədzindəki erməni kilsəsinə verilmiş Alban Avtokefal Kilsəsinə tabe idilər. Rusiyanın elmi ictimaiyyətini və eyni zamanda BMT, UNESCO-nu və digər beynəlxalq strukturları Ani-Krım-Don ermənilərinin və həm də indiyədək Alban Kilsəsinin müqəddəs ziyarətgahına sədaqətini saxlayan Qarabağ ermənilərinin mədəni və mənəvi irsinin qorunmasını müdafiə etməyə çağırırıq. Alban Kilsəsinin, onun məbədlərinin və mənəvi irsinin yenidən dirçəlməsi ideyasına öz əməlləri ilə dəstək verən hər bir kəsə öz təşəkkürlərimizi bildiririk".
Pərincək erməni millətçiliyinin tarixini ifşa etdi...
İstanbul Universitetinin tarix elmləri doktoru Mehmet Bora Perinçek Xocalı və digər yaşayış məntəqələrində insanlığa qarşı cinayətlər törədənlərin indi Ermənistan hakimiyyətində möhkəmləndiklərini deyib.
O qeyd edib ki, Osmanlı Türkiyəsində 1915-ci ilin hadisələri, həmçinin Xocalı faciəsinə gətirib çıxarmış dönüş nöqtələrini anlamaq üçün erməni millətçiliyinin yaranması və xüsusiyyətləri ilə bağlı məsələlərin araşdırılması vacib əhəmiyyət kəsb edir: "Erməni millətçiliyi Qərb və Çar Rusiyasının layihələrində paralel olaraq, əsasən də 19-cu əsrdə Osmanlı Türkiyəsinə qarşı erməni separatizminin istifadəsi ilə bağlı inkişaf edirdi. Erməni millətçiliyinin kollaborasionizmə meyilliyi və fanatizm və aqressivliyin kökləri onun ideoloqlarının nəşrləri və sənədlərində aydın görünür".
Alim bildirib ki, bu planda erməni millətçiliyinin birinci ideoloqu Qriqori Yeremeyeviç Artsruni (1845-1892) olub. Onun ideyaları və yaratdığı bazis erməni millətçiliyinin səbəblərini anlamaq üçün böyük əhəmiyyət kəsb edir: "1872-ci ildə Q.Artsruni Tbilisidə erməni millətçiliyinin ən vacib və təsirli çap orqanı olan "Mşak"ı (Zəhmətkeş) nəşr etdirməyə başlayır. "Mşak"ın əsas vəzifələri arasında Türkiyə və Rusiya ermənilərini yaxınlaşdırma və Avropanı erməni xalqı ilə tanış etmək olub. Bu məşhur qəzetin səhifələrində Artsruni nəticədə "təcrübədə tətbiq olunmuş" daşnak ideologiyasının bazis tezislərini işləyib hazırlamağa başlayır. Artsruni ilk dəfə olaraq erməni burjua ideologiyasının mahiyyətini təsvir edir və beləliklə də Daşnaksütyunun ideya atası olur. Daşnaklar Qriqori Artsrunini özlərinin nəzəriyyəçilərindən biri kimi qəbul edirdilər və həmişə qeyd edirdilər ki, daşnak ideologiyası Qriqori Artsruninin fikirlərinin təbii davamıdır".
Tarix elmləri doktoru deyib ki, erməni millətçiliyinin ilk nəzəriyyəçilərindən olaraq Q.Artsruni öz fəaliyyətində Avropa xalqlarını Asiyanın erməni və digər xristian xalqları ilə birgə türk xalqlarına qarşı mübarizə aparmaq və məhv etməyə çağırır: "O bunu "vəhşi millətlərə qarşı sivil millətlərin", ari və semit tayfalarının turan tayfasına qarşı müharibələri adlandırırdı. Artsruni slavyan, yunan, erməni, assuriyalı, gürcü və yəhudilərin "onlara zülm verən monqol əsarəti"nə qarşı müharibəsini vacib hesab edir. Erməni liberalizmi və faşizmini ilk kəşf edən olan Artsruninin iddialarına əsasən, nə türklər, nə də ki vəhşi kürdlərin nə keçmişi, nə tarixi, nə ədəbiyyatı, nə məktəbləri, nə iqtisadi istehsalatı, nə də zəhmətə sevgiləri var. Bununla belə, o özünün digər xalqları məhv etməklə bağlı çağırışları ilə razılaşmayan erməniləri "kütbeyinlər" adlandırır".
M.Perinçek əlavə edib ki, Q.Artsruninin ideyaları ilə tərbiyələnmiş erməni millətçiləri Osmanlı Türkiyəsində qırğın törətdilər və erməni əhalisinə qarşı cavab hərəkətlərinə səbəb oldular: "Artsruninin ideyaları ilə böyümüş erməni millətçilərinin yeni nəsilləri SSRİ-nin süqutu dövründə Qarabağ münaqişəsini qəsdən törətdilər, Xocalı və digər yaşayış məntəqələrində insanlığa qarşı cinayətlər törətdilər, indi isə Ermənistan hakimiyyətində möhkəmləniblər. Bunların hamısı Artsruni kimi ideoloqlar tərəfindən yüz il əvvəl səpilmiş millətçilik, irqçilik və faşizm ideyalarının indiki zamanda necə dəhşətli nəticələrə səbəb olduğunu aydın olaraq göstərir".
Dinc gürcülərə qarşı ən dəhşətli cinayətləri törədən Baqramyan batalyonu nədir?
Abxaziya müharibəsi zamanı dinc gürcülərə qarşı ən dəhşətli cinayətləri Baqramyan batalyonu törədib. Bunu Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxulia Bakıda "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
O xatırladıb ki, Sovet İttifaqının süqutu dövründə abxaz xalqı arasında qeyri-müəyyənlik hissi güclənmişdi: "Bu, sadə abxaz insanını öz mövcudluğunun mənəvi dayaqlarından məhrum etdi və nəticədə Abxaziya xalqı siyasi vəziyyəti real olaraq qiymətləndirməyə mane olan mədəni travma aldı və abxazlar öz ölkələri - Gürcüstana qarşı mübarizəyə hazırlaşmağa başladılar".
Alim bildirib ki, öz ölkələri ilə mübarizədə abxazların Rusiyadan başqa müttəfiqi kimi erməni əhalisi çıxış etdi: "Abxaziyada "Krunk" təşkilatının fəaliyyətini və 9 fevral 1993-cü ildə yaradılmış onun yetirməsi - "Baqramyan batalyonu" tərəfindən insanlığa qarşı törədilmiş cinayətləri dərindən gözdən keçirmək lazımdır. Abxaziya müharibəsi zamanı Baqramyan adına batalyonun döyüşçülərinin qəddarlığı və vəhşilikləri gürcü və erməni xalqlarının tarixində araşdırılmamış qalır".
Q.Marxulia qeyd edib ki, Gürcüstan Baş Prokurorluğunda Abxaziya müharibəsi zamanı dinc gürcü əhalisinə qarşı törədilmiş cinayətlər barədə 200 cildlik material saxlanılır: "Ən dəhşətli cinayətləri Baqramyan batalyonu törədib. Bu cinayətlər hamıya məlum olmalı və dünya ictimaiyyəti tərəfindən qınanmalıdır".
Alban Avtokefal Kilsəsi necə ləğv edildi və necə erməniləşdirildi?
"Qafqaz Tarixi Mərkəzi"nin direktoru, AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov isə bildirib ki, XIX əsrin əvvəlində erməni kilsəsi Rusiyanın dəstəyinə arxalanaraq Alban Avtokefal Kilsəsinin ləğvinə nail oldu.
R.Hüseynov qeyd edib ki, XVII-XVIII əsrlərdə Qəndzəsardakı alban patriarxatı ilə Eçmiədzindəki erməni patriarxatı arasında hakimiyyət və kilsəyə mənsub dindarlara təsir üzrə şiddətli mübarizə gedirdi:"Eçmiədzin zəifləyən alban kilsəsinin Qəndzəsar taxtını özünə tabe etmək məqsədilə bütün metodlardan istifadə edirdi. İlk dəfə XV əsrdə Ağqoyunlu azərbaycanlı hökmdarlarının icazəsi ilə Üçkilsədə (Eçmiədzində) köç salan erməni din xadimləri tədricən möhkəmləndilər və Alban kilsəsini hər vəcdlə sıxışdırmağa başladılar. Qəndzəsardakı (erməni silahlı qüvvələri tərəfindən işğal edimiş Azərbaycanın Kəlbəcər rayonunda, hazırda tam erməniləşdirilib) alban patriarxları Eçmiədzinlə uzun zaman mübarizə aparırdılar, lakin axırda uduzub geri çəkilməyə məcbur olduqda, həmin hadisə Eçmiədzinə tabe olmaq istəməyən Qarabağın alban əhalisi arasında ciddi həyəcan yaratdı".
Baş elmi işçi bildirib ki, XIX əsrin əvvəlində erməni kilsəsi Rusiyanın dəstəyinə arxalanaraq Alban Avtokefal Kilsəsinin ləğvinə və bütün alban kilsələrinin, arxivlərinin və kilsəyə mənsub dindarların Eçmiədzinə verilməsinə nail oldu: "Rusiya arxiv materialları, bir tərəfdən alban katolikosları, digər tərəfdən isə erməni katolikosu arasında baş tutan ağır mübarizəni təsvir edirlər. Nəticədə mütləq hakimiyyət qiyamın qarşısını aldı, alban kilsəsi və onun dindarları Eçmiədzin katolikosuna tabe edildi, alban patriarxı İsrail isə qovuldu. Tezliklə o öldü və bundan sonra Eçmiədzin kilsəsi Çar Rusiyasına yalvararaq Qarabağ və Gəncə kilsələrinin və dindarlarını onların tabeliyinə verilməsini istədi. Eçmiədzinin xahişi yerinə yetirildi Ü Çar Rusiyasının dəstəyi ilə erməni (haykan) Eçmiədzin kilsəsi əvvəlcə alban katolikosatının yeparxiyalarını özünə tabe etdi, sonra isə alban katolikosunun rütbəsi katolikosdan mitropolitə qədər endirildi, nəticədə isə Alban Avtokefal Kilsəsi ləğv edildi".
R.Hüseynov deyib ki, sonralar, XIX-XX əsrlər ərzində erməni kilsəsi və millətçiləri erməni qriqoryan dininə etiqad edən Qafqaz xalqlarının zəngin mənəvi, mədəni-tarixi və memarlıq irsini öz ayaqlarına yazdılar: "Ancaq sonradan "qədim erməni" tarixi konsepsiyası yaradıldı və o, erməni millətçilərinin ideologiyasının əsasını təşkil edərək, Azərbaycan xalqının və digər xalqların etnik təmizlənməsinin ideologiyasına çevrilərək özgə torpaqları zəbt edib mifik "Böyük Ermənistan" yaradılmasına qulluq etdi".
“Daşnakların dəst-xətti və hərəkət metodları olduğu kimi Qafqazda da təkrarlanır”
Özbəkistan tarixçisi, publisisti Şuxrat (Barlas) Salamov isə bildirib ki, daşnakların dəst-xətti və hərəkət metodları olduğu kimi Qafqazda da təkrarlanır. Tarixçi qeyd edib ki, XX yüzillikdə erməni millətçilərinin terrorizmi özünü kəskin formada yalnız Şərqi Anadolu və Cənubi Qafqazda dinc əhaliyə qarşı deyil, həmçinin 1918-ci ildə Türküstanın Fərqanə vadisinin dinc əhalisinə qarşı da göstərib: "Özbək alimlər və publisistlər sistematik olaraq Türküstanda bolşevik siyasətinin nəticələrinin tədqiqatı üçün kompleks arxiv materiallar cəlb edərək xüsusi araşdırmalar aparırlar. Erməni daşnakları 1918-1919-cu illər ərzində nəinki yerli əhalini tələf edib, həmçinin Fərqanə vadisində olan demək olar ki, bütün şəhərləri və 180 kəndi qarət və məhv edib, yüz minlərlə dinc sakini qətlə yetirib və sürgün edib".
O əlavə edib ki, daşnakların dəst-xətti və hərəkət metodları olduğu kimi Qafqazda da təkrarlanır: "Dəst-xətt və metodların oxşarlığı əsasən uşaq, qadın və qocaların qətli kimi cinayətlərdə güdülür: qadınların döşlərinin kəsilməsi, azyaşlı qızların zorlanması, onların gözlərinin çıxarılması, meyitlərin təhqiri, sağ insanın parçalanması, qurbanın əl və ayaqlarının kəsilməsi. Daşnakların bu vəhşi əməlləri yerli xalqların bolşeviklərə qarşı müharibəsinə səbəb oldu".
Ş.Salamov bildirib ki, bolşeviklər tərəfindən 1918-ci ildə Türküstan və Qafqazda dinc əhaliyə qarşı terrorun həyata keçirilməsi üçün daşnakların istifadəsi bilavasitə həm Rusiya imperiyası və bolşeviklərin siyasəti və fəaliyyəti, həmçinin Türküstan və Qafqazda onların təsir faktorunun millətçi ermənilərin olması ilə bağlıdır: "Bolşeviklərin əvvəlcə yerlərdə terror həyata keçirə biləcək qüvvələrə ehtiyacı vardı. Əvvəllər olduğu kimi, həmçinin XXI əsrdə böyük dövlətlərin və böyük regional dövlətlərin maraqlarına xidmət edən bir çox təşkilatlar guya "erməni məsələsi"nin həll olunması məqsədlərində özlərinin geosiyasi və geostrateji oyunlarında yenidən tez yola gələn erməni millətçi-şovinizmini istifadə edir. Bu cür siyasətin sonuncu nümunəsi on minlərlə insanın həyatına son qoymuş, milyon nəfərdən çox qaçqın və məcburi köçkünün yaranmasına səbəb olmuş və erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazilərinin 20 faizinin işğalı ilə nəticələnmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi oldu".
Qarabağ müharibəsində 6 minə qədər erməni əsilli xarici ölkə vətəndaşı iştirak edib
Tarix elmləri namizədi Oleq Kuznetsov isə Qarabağ müharibəsində 6 minə qədər erməni əsilli xarici ölkə vətəndaşının iştirak etdiyini açıqlayıb. Rusiyalı alim qeyd edib ki, 26 fevral 2017-ci ildə MDB-nin birləşmiş silahlı qüvvələrinin 336-cı motoatıcı alayının 2-ci batalyonunun qiyamçılarının dəstəklədiyi Dağlıq Qarabağın qanunsuz erməni silahlı hərbi birləşmələri tərəfindən törədilmiş kütləvi qətliamın - Xocalı faciəsinin 25-ci ildönümü tamam oldu. Həmin qüvvələr fevralın 25-dən 26-na keçən gecə zirehli texnikanın tətbiqi ilə Azərbaycanın Xocalı şəhərinə hücum etmiş və orada və ətrafda 613 nəfəri qətlə yetirmiş, 487 nəfəri şikəst edib və yaralamış, 150 nəfər itkin düşmüş, 1275 nəfər isə girov saxlanılıb: "İnsanlığa qarşı bu cinayət o vaxtkı müharibənin əsas mahiyyəti, faktiki olaraq onun kvintessensiyası oldu və buna görə də bu faciənin yubiley tarixi Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə, onun əsas səbəbləri və tarixi fonuna hüquqi qiymət vermək üçün çox yaxşı səbəbdir. Dağlıq Qarabağ və ona bitişik Azərbaycan rayonlarında 1988-1994-cü illərdə hərbi əməliyyatlarda, Livan, Suriya, İran, Rusiya, Ukrayna, Yunanıstan, Bolqarıstan, ABŞ, Fransadan olan müxtəlif qiymətləndirmələrə görə, ümumilikdə 4000-dən 6000-ə qədər erməni əsilli xarici ölkə vətəndaşı iştirak edib. Onların əksəriyyəti münaqişə bölgəsinə öncə yaradılmış qanunsuz hərbi birləşmələrdə hərbi hazırlıq və hərbi əməliyyatlarda iştirak təcrübəsi ilə gəliblər".
O.Kuznetsov bildirib ki, Rusiyanın müasir cinayət hüququnun normaları nöqteyi-nəzərindən 1988-1994-cü illərin Qarabağ müharibəsi terror müharibəsidir, belə ki, onun bütün məzmunu "terror istiqamətli cinayətləri"n məcmusu və ardıcıllığını ifadə edir. Transmilli erməni terrorizmi sosial-iqtisadi, ictimai-siyasi və hüquqi hadisə kimi XIX yüzilliyin sonunda Osmanlı İmperiyası ərazisində yaranıb, oradan Rusiya İmperiyası və Balkan ölkələrinə keçib və buradan da sonra Qərbi Avropa və Şimali Amerikaya yayılıb. Erməni terrorizminin ilk cinayətləri 1890-cı ildə törədilib və buna görə də onun məşhur 1915-ci ildə Osmanlı İmperiyasında "erməni soyqırımı" mövzusu ilə heç bir əlaqəsi yoxdur: "Bu gün biz tam müəyyənliklə qonşu regionlar - Yaxın Şərq və Cənubi Qafqazda mövcudluğunun əsasında millətçi-dini ekstremizmin olduğu iki mövcud terror kvazidövlətə aid ümumi immanent xüsusiyyətlərin olması barədə danışa bilərik. Söhbət kvazidövlət qondarma "Dağlıq Qarabağ respublikası" (DQR) və kvazidövlət "İraq Şam İslam Dövləti"ndən (İŞİD) gedir, həm də nəzərə almaq lazımdır ki, ikinci birincinin replikası, reproduksiyası və əksidir, lakin daha böyük miqyasda. Qondarma DQR və İŞİD digər dövlətlərin işğal edilmiş torpaqlarında yerləşir və mülki əhaliyə qarşı terror və zorakılıq istifadə edərək özünün yurisdiksiyasını suveren dövlətlərin silahlı hücum nəticəsində işğal edilmiş torpaqlarına zor gücü ilə yayır".
O qeyd edib ki, müasir Ermənistanın hakim dairələri əslində Ermənistan SSR-in əhalisini hakimiyyətdən və dövlətin maliyyə resurslarından tamamilə uzaqlaşdırmış Dağlıq Qarabağ separatçılarının terror silahlı birləşmələrinin keçmiş səyyar komandirlərinin qrupudur: "Buna görə də Ermənistan hakimiyyəti heç zaman beynəlxalq hüquq normalarının tələblərini birtərəfli qaydada yerinə yetirməyə razı olmayacaq: bir dəfə qanuna nifrət etmiş terrorçular bir daha ona əməl etməyəcəklər. İşğal edilmiş ərazilərin Azərbaycana qaytarılması onlar üçün siyasi və ola bilsin ki, fiziki intihar anlamına gəlir və həmçinin dünyada transmilli erməni terrorizmi fenomeninin mövcudluğunun final akkordu olacaq, bu terrorizmin mövcudluğuna son qoyulacaq və insanlıq tarixinin daha bir qaranlıq səhifəsinə çevriləcək".
"Albanların xristianlığı ermənilərdən qəbul etdiyini demək təbliğat oyunundan başqa bir şey deyil"
Albanların xristianlığı ermənilərdən qəbul etdiyini iddia etmək təbliğat oyunundan başqa bir şey deyil. Bunu isə Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetinin əməkdaşı Tatyana Krupa deyib.
O qeyd edib ki, Ukrayna öz tarixi keçmişini araşdıran zaman Azəbaycanın təcrübəsini nəzərə almalıdır: "Əsas yeri Qafqaz Albaniyasının mirasının öyrənilməsi və tam şəkildə tarix elminə qaytarılması problemi tutur, çünki onun etnik-mədəni tarixi çoxşaxəlidir və daha çox müasir Azəbaycanın reallıqlarını təyin etmiş olur. Azərbaycan bu gün əhalisinin əsas hissəsi müsəlman olan dünyəvi dövlət olmasına baxmayaraq, Alban kilsəsinin məsələsinə əhəmiyətli diqqət yetirir ki, bu da tək bir Qafqazın deyil, bütün xristian dünyasının ən qədim kilsələrindən biridir və apostol mənşəlidir. Alban kilsəsinin çoxəsrli varlığı, jurnalistlərin və tədqiqatçıların qeyd etdiyi kimi, özündən sonra böyük sayda abidələr saxlayıb və bunlar da Qafqaz Albaniyasının (e.ə. IX əsr – b.e. XIII əsr) tarixi ərazisində yaşayan xalqın xristian keçmişinə şahidlik edir".
T.Krupa bildirib ki, erməni “alimləri”nin guya Alban kilsəsinin erməni kilsəsinə tabe olduğunu və albanların xristianlığı ermənilərdən qəbul etdiyini iddia etməsi sadəcə təbliğat oyunundan başqa bir şey deyil: "Ən maraqlısı ondan ibarətdir ki, alban, gürcü və erməni mənbələrinin tədqiqi bir daha sübut edir ki, bizim eranın əvvəllərində, orta əsrlərin erkən və sonrakı dövrlərində Qafqazda praktiki olaraq iki kilsə olub – Alban və Gürcü. Tarixçinin əsas vəzifəsi həqiqəti öyrənməkdir. Buna görə də biz Qafqaz Albaniyasının mirasına dair tarixi ədalətin bərpası üzrə aparılan bütün işləri yüksək qiymətləndiririk".
Tədqiqatçı: “Qıpçaqların tam erməniləşdirilməsi Sovet dönəmində baş verdi”
Rusiyalı diyarşünas, tədqiqatçı Eduard Vartanov isə bildirib ki, qıpçaqların tam erməniləşdirilməsi Sovet dönəmində baş verib. E.Vartanov XVIII-XX əsrlərdə Donətrafı "erməni-qıpçaqlar"ın (erməni-qriqoryan məzhəbli türklər) Eçmiədzindəki erməni kilsəsinə məcburən tabe edilməsi və bunun nəticəsində baş vermiş və SSRİ dövründə başa çatmış məcburi deetnikləşdirilməsi prosesindən danışıb: "Erməni-qıpçaqlar"ın deetnikləşdirilməsi onları zorla Qəndzəsardakı Alban kilsəsindən ayırdıqdan sonra baş verib ki, bu da bir çox əsrlər ərzində onların mənəvi mərkəzi olub. Donətrafı, Qaradənizətrafı, Krım, Qafqaz və digər geniş ərazilərin Çar Rusiyasına birləşdirilməsindən sonra həmin regionların erməni-qriqoryan məzhəbli xalqları Eçmiədzindəki erməni kilsəsinə tabe edildi ki, bunun da nəticəsində bu xalqlar öz etnik şüurlarını, dillərini və milli xüsusiyyətlərini itirdilər. Sovet dönəmi vaxtı bu xalqları icra strukturları etnik erməni kimi qeydə alaraq, onların deetnikləşdirilməsi prosesini başa çatdırdılar".
Tədqiqatçı qeyd edib ki, erməni kilsəsi Alban kilsəsinin və türk-xristianların uzunəsrlik irsini silməyə çalışaraq, onların məbədlərini, əmlakını, kitablarını və dindarlarını mənimsəməyə can atırdılar: "Xüsusi olaraq XVIII-XX əsrlərdə Donətrafı, Qaradənizətrafı, Krım, Qafqaz və Çar Rusiyasının, sonra isə SSRİ-nin digər ərazilərində həyata keçirilən buna bənzər siyasətin üzərində dayanmaq lazımdır. İndiki zamanda geniş insan kütləsi bu barədə praktiki olaraq heç nə bilmir və erməni mədəniyyəti, kilsələri və irsi anılanda bunu səhvən erməni-haylarla, yəni Ermənistanın indiki əhalisi ilə əlaqələndirirlər. Eyni zamanda türk erməni-qriqoryan irsinin öyrənilməsi istiqamətində edilən hər hansı bir cəhd erməni siyasi, elmi və ictimai dairələri tərəfindən böyük obstruksiya, repressiya, təzyiq və təqiblərlə rastlaşır. Erməni cəmiyyətində bu mövzu üzərinə tabu qoyulub və bu tabunu pozan hər kəsi qibtəedilməz aqibət gözləyir".
O bildirib ki, təqribən iki əsr ərzində erməni-qıpçaqları erməni dilini öyrənməyə məcbur edilərək, öz türk irslərini unutmağa vadar edilirdilər: "Bu prosesdə ən böyük mənfi rolu Eçmiədzindəki erməni kilsəsi və Cənubi Rusiyadakı erməni lobbisinin dairələri oynayırdılar. Erməni-qıpçaqların axırıncı şəhər mənbələrinin məhv edilməsi və tam erməniləşdirilməsi isə Sovet dönəmi illərində baş verdi. Əvvəlcə Türkiyədən gələn erməni köçkünlərin yerli erməni-qıpçaqlarla yola gedə bilməməsi səbəbindən 1925-ci ildə Şaumyan erməni kəndi inşa edildi. Bunun ardınca 1929-cı ildə erməni-qıpçaqların axırıncı şəhər dayağı olan Naxçıvan-Don şəhəri ləğv edildi. Bunların nəticəsində “erməni dairəsi”nin özünüidarəetmə vətəndaş birliyinin fəaliyyətinin qarşısı alındı. Hazırda ancaq Donətrafı erməni kəndləri müqavimət göstərir, çünki buradakı üç-dörd nəslin davamçısı olan ailə-qəbilə yuvalarında öz ata-babalarının - qıpçaqların dil mədəniyyəti ənənələri qorunub saxlanır".
Baki-xeber.com
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.